Patoloji qısqanclıq nədir?
Qısqanclıq ikitərəfli əlaqələrdə ən zərərvrici duyğulardan və günümüzdə ər-arvad arasında olan ən böyük problemlərdən biridir. Evliliyin ilk illərində aşağı səviyyədə qısqanclığın müşahidə edilməsi mümkündür. Burada qeyri-təbii bir şey yoxdur. Amma sonradan bu qalıcı və davamedici bir hala çevrilərsə, sözsüz ki, xoşagəlməz nəticələrə səbəb olacaqdır.
Bir şəxslə güclü bir bağın yaranması zamanı, məsələn, dostluq, sevgililik, evlilik əlaqələrində, sözügedən bağın başqası ilə paylaşılaraq zərər görməsindən, təhlükəyə girməsindən yaranan qorxudur. Bunun davamlı və şidətli şəkildə narahatlıq, nigaranlıq, təşviş, kin, əsəb, şübhəli düüncələr, bialoji əlamətlərlər və sair kimi qarmaqarışıqlıq içində baş verməsi, artıq onun patoloji olmasına işarədir.
Patoloji qısqanclıq cütlüklərin münasibətlərinə ciddi zərər vurmaq qabiliyyətinə malikdir. Qarşı tərəf fikirləşir ki, mənim həyat yoldaşım məni aldada bilər, xəyanət edə bilər. Bu xəyanət yüngül formada danışıq, gülüş, ima, iltifat, komplement demək, yaxud da ən ağır formasında olsun fərqi yoxdur, qarşı tərəf fikirləşir ki, o mənə xəyanət edə bilər.
Bu bədgümanlığın nəticəsində, cütlüklərdən biri o birini etibarsızlıqda günahlandırmağa başlayır. Belə ki, həyat yoldaşının azadlığını məhdudlaşdırmağa, kontrol altında saxlamağa və əlaqələrini azaltmağa meyil göstərir. Filankəslə görüşmə, filan yerə getmə, filankəslə danışma, filan sosial mediada olma və sair kimi ifrat reaksiyalar ortaya qoyur. Tez-tez telefon əlaqəsi yaradır, harada olduğunu, nə ilə məşğul olduğunu, kiminlə olduğunu soruşur. Məsələn, dostunun yanında oldğunu deyirsə, dostlarına zəng edir, həqiqətən də onunla birgə olub-olmamasını öyrənir.
Davamlı olaraq nigarançılıq, təşviş, stress və ürək çırpındısında olur. Duyğularında ziqzaq şəkilli eniş-yoxuşlar yaşayır. Mehriban olduğu halda anidən əsəbi olur. Özü də nədən aqressiv və əsəbi olmasının anlamır. Halbuki, əsəbinin kökündə patoloji qısqanclıq dayanır. Həyat yoldaşının xoş hərəkətləri belə ona pis gəlir. Məsələn, qadın əri üçün bəzənir, evində ona xoşu gələn yeməyi hazırlayır, gözəl bir sürfə açır. Əri patoloji qısqanc olduğu üçün bunda bir xüsusi səbəb axtarır. Yaxud kişi öz xanımına gül alır, onu əzizləyir, tərifləyirsə, qadın patoloji qısqanc onduğu üçün bunu yanlış anlayır və şübhələnir. Davamında isə daha da əsəbi, nigaran olur. Heç bir səbəb olmadan ondan şübhələnir. Adi halda səbəbsiz yerə qarşı tərəfi acılayır, bir bəhanə taparaq nədəsə günahlandırır. Onu izləyir, yaxud ciblərini, telefonunu axtarır. Dostlarından, onların həyat yoldaşlarından əri, ya xanımı haqda məlumat toplayır. Onun zehni daim bu mövzularla məşğul olur.
Patoloji qısqanclıq yuxusuzluq, iştahada dəyişikliklər, ürək döyüntüsünün artışı, nəfəs darlığı, qəlb çırpıntıları, baş ağrılar və sair fiziki təsirlərlə də özünü biruzə verə bilər. Burada panik ataklar, depressiyalar da gürünür. Bəzən təhqir, fiziki şiddət, hətta qətllə belə nəticələnə bilir. Buna morbit qısqanclıq, yaxud Otello sindromu da deyirlər.
Patoloji qısqanc şəxslər əslində obsessiv-komplusiv, yəni vasvası qısqanclardır. Onlar həyat yoldaşının ona sevgisinin azalacağından, bununla da ailə bağlarının qırılacağından, münasibətlərinin korlanacağından qorxurlar. Daim bu şübhə və qorxu içindədirlər. Burada sevilməmə, istənməmə, dəyərsiləşmə və alçaldılma qorxusu da xüsusi rol oynayır.
Qısqanclığa “çox sevirəm ona görə qısqanıram” kimi sözlərlə klassikləşmiş bəhanələr gətirərək, haqq qazandırmaq məntiqi deyildir. Qıqanclıq şəxsə qarşı bədgümanlıqdır. Ona etibar etməməkdir. Onu alçaltmaq və məhdudlaşdırmaqdır. Onun həyatını “zəhrimara çevirən” ən böyük hörmətsizlikdir. Bu bir növ təhqirdir.
Sevgi sözdə deyil, səmimi duyğuları əməldə və davranışlarda ardıcıllıqla göstərmək, ortaya qoymaqdır. “Səni sevirəm” -deyir, amma qarşı tərəfə etibar etmir, onun xəyanət edəcəyindən şübhələnərək onun şəxsiyyətini alçaltmış olur.
Patoloji qısqanclığın səbəbləri
Sözsüz ki, hər bir məsələdə onun əsl və əsas səbəblərini tapmaq, həmin məsələnin həlli üçün önəmli rol oynayır. Məsələn, yolxucu xəstəliklər zamanı təbiblər ilk öncə “sıfr nömrəli” xəstəni, yəni xəstəliyin ilk göründüyü şəxsi tapırlar. Buunla da, onun bu xəstəliyə necə tutulmasını araşdırıb, əsl səbəbi aydınlaşdırırlar. Patoloji qısqanclığın da, bir necə səbəbi vardır ki, onlardan bəzilərini bu məqaləmizdə, geri qalanını isə gələcək məqaləmizdə qeyd edəcəyik:
Birinci səbəb: Ən diksindirən səbəb, insanın özünə inamının olmamasıdır. Özünü dəyərli bilməməsidir. Özünə daim tənqidi münasibət bəsləyən, utanc hissi ilə yaşayan şəxslər patoloji qısqanc olular. Bəzi travmalı cəmiyyətlərdə bu prosses ailədən başlayır. Övladlarını daim tənqid edən, onları xor görən, uğurlarını təqdir etməyən, doyumsuz və mükəmməlliyyətçi valideynlər, onları həmişə başqaları ilə müqayisə edir, əzirlər. Dostları zəiflikdə, yaxud sədaqətsizlikdə günahlandırır. Qohumları; dayı, xala, əmi, bibi “ağsaqqallıq” və “ərk” edərək tənqid edirlər. Məktəbdə “həyatlarında sanki mükəmməl uğur əldə etmiş” müəllimləri əzir. Televiziya, sosial şəbəkələr, serialllar, filmlər, reklamlar və sairlər ustalıqla əzir. Universitetə daxil olsa “oxuyub neyləmisən”-deyə bir cür, daxil olmasa isə başqa cür əzilir. İşləsə bir cür, işləməsə isə başqa cür əzilir… Özünə inamı itmiş, sürətli inkişafın qarşısında şəxsiyyətini alçalmış hiss edən insanın patoloji qısqanc olması təəccüblü deyil. İnsan özünü nə qədər kiçik görürsə qısqanır. Başqasını özündən daha gözəl, bəyənilməyə və sevilməyə daha layiqli gördüyü üçün qısqanır.
ARDI VAR…
PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,
Peşəkar ailə müşaviri, Həyat koçu