Havaların getdikcə soyuması, tutqun və yağışlı olması, günəşli günlərin qısalması və payızın digər xüsusiyyətləri, şıltaqlıqları istənilən insanın əhval-ruhiyyəsini korlaya bilər. Yaradıcı insanlar payızı daha çox sevir, daha məhsuldar olurlar. Lakin bütün bunlarla yanaşı, payızda bir hüzn, kədər də var. Günəş az göründükcə, orqanizmdə xoşbəxtlik hormonu azalır. Payız depressiyası özünü məhz bu zaman göstərir. Günəşin daha az görünməsi ilə orqanizmdə melotonin hormonu artır, “xoşbəxtlik hormonu” sayılan serotonin isə azalır. Əhval-ruhiyyənin bu qədər pozulması immunitetdən də yan keçmir. Hazırda demək olar ki, əhalinin böyük əksəriyyəti xəstə vəziyyətdədir. Ümumiyyətlə, fəsillər dəyişərkən insanlar həm xəstəlinir, həm də depressiyaya qərq olurlar.
Məsələ ilə bağlı psixoloq Gülnar Orucova bildirir ki, ən çox izlədiyimiz depressiyalardan biri də payız depressiyasıdır:
“Hazırda payız depressiyasını yaşayan çox insan var. Fəsil dəyişkənliyi ilə əlaqədar olaraq bədənimizdə vitaminlər və minerallar da azalmağa başlayır. Xoşbəxtlik hormonunu əsasən günəş şüalarından alırıq. Bununla yanaşı şokolad, şirin qidalar, bir sıra meyvə-tərəvəzlər də xoşbəxtlik hormonu bəxş edə bilir. Payızda günəş enerjisi azaldığına görə serotonini əvəzləyici qidalardan almadıqda fəsil depressiyaları başlayır. Yayda istirahət etməyənlər və yaxud istirahəti yayın sonuna saxlayan insanlar daha çox depressiv olurlar. Fəsil depressiyasına düşməmək üçün aktiv həyat tərzi sürmək lazımdır”.
Psixoloq deyib ki, bəzən insanlar ancaq iş, ev arsında qalır, bəzən də sevmədikləri işdə işləyirlər:
“Sırf pula xatir işləyənlərin depressiyaya tutulma ehtimalı digər insanlardan daha yüksəkdir. Çalışmaq lazımdır ki, birinci sevdiyiniz işdə işləyəsiniz, ikinci əhatənizdə sevdiyiniz insanları saxlayasınız. Depressiyanın immunitetə də təsiri var. Bu zaman immunitet düşür. Havanın temperaturunun anidən düşməsi də xəstəliklərin baş qaldırmasına səbəb olur”.
Terapevt Sevinc Abbasova qeyd edib ki, depressiya əsasən fəsil dəyişəndə olur:
“Bununda bir çox səbəbi var. Yay fəslindən sonra insanlar daha çox depressiyada olurlar. Bu da ona görədir ki, Günəşin şüaları azalır. Serotonin hormonun miqdarı düşür. Ümumiyyətlə, müxtəlif səbəblər var. Fəsildən fəsilə keçid zamanı xəstəliklərin sayı artır. Hər bir təbiət hadisəsinin dəyişməsi orqanizmə təsir edir. Bədən temperaturu ilə təbiət temperaturu bir-birinə uyuğunlaşmalıdır”.
Həkim deyb ki, hazırda havalar qeyri-stabil keçir və bədən temperaturu da buna öyrəşmir:
“Üstəlikdə depressiya orqanizmi daha da zəiflədir. Bədən temperaturu mərhələlərlə dəyişir. Havanın çox çirkli olması, şüalar insana olduqca təsir edir. Psixoloji gərginliyi, depressiyası olan insanlarda immunitet düşür. Bu düşərkən bir sıra xroniki xəstəliklər baş qaldırır. İnsan təbiətin bir parçası olduğu üçün bütün təbiət hadisələri insana təsir edir. Həm psixoloji, həm də fiziki”.
Aysel Şahmar