qrip

Payız qripindən necə qorunmalı?

Baxış sayı: 800

Artıq neçə aydır ki, COVİD-19-la mübarizə şəraitində yaşayırıq. Mart ayının əvvəllərindən vəziyyətin kəskinləşməsi səbəbindən ölkəmizdə sərt tədbirlər görüldü. Nəticə etibarı ilə son bir neçə həftədir ki, aktiv xəstə sayında nəzərəçarpacaq azalma var. Bu, təbii ki, sevindirici haldır. Lakin nəzərə alsaq ki, qarşıdan payız gəlir və bu fəsil mövsümü xəstəliklər dövrüdür, bu zaman istər-istəməz narahatlıq yaranır. Məsələn payız üçün xarakterik olan qrip əvvəlki illərə nisbətən bu il daha böyük problemlər yarada bilər. Belə ki, koronavirusun simptomlarının qriplə oxşarlıq təşkil etməsi insanlarda çaşqınlığa əsas yaradar. Bu, insanların panikaya düşməsinə də şərait yarada bilər. Ona görə də mütəxəssislərlə insanların növbəti mərhələdə özlərini necə qorunmalı olduqları, immun sistemlərini necə gücləndirmələri və qriplə COVİD-19 virusunu ayırd edə bilmələri mövzusunda həmsöhbət olduq.

 

Həkim Şəmsiyyə Namazova insanlara diqqətli olmağı və xəstəliyin simptomlarını hiss etdikləri zaman dərhal testdən keçmələrini məsləhət görür: “Bu, hər zaman aktual mövzu olub. Bilirik ki, mövsüm dəyişikliyi ilə əlaqədar olaraq müəyyən xəstəliklərə tutulma olur. Bu fəsildə günəşin intensivliyinin azalması, havanın nəmliyinin artması həmçinin atmosfer təzyiqində olan dəyişikliklər istər-istəməz insanların orqanizminə təsir edir. Xüsusilə də hazırda COVİD-19 kimi bir virusla mübarizə şəraitində olduğumuzu nəzərə alsaq, əlbəttə ki, mövsümü xəstəliklər problemlər yarada bilər. Ən çox rast gəlinən mövsümi xəstəlik olan qriplə korona arasında oxşarlıq hər ikisinin yuxarı tənəffüs yollarında olmasıdır. Amma təbii ki, fərqləri də var. Məsələn, qripin çox nadir hallarda fəsadları olur. Düzdür, qrip olmuş insanlarda eşitmə orqanının tutulmasını, yaxud ürək əzələlərində ağrıları, ağciyərlərdə fəsadları müşahidə edirik. Lakin bu, nadir hallarda baş verir. Koronavirus isə qrip simptomları kimi olmur. Koronanı müəyyənləşdirmək üçün ən yaxşı yol test verilməsidir. İndi də bir çox xəstələr temperatur qalxması, öskürək simptomları ilə müraciət edir və qrip olduqlarını düşünürlər. Əslində, isə elə deyil. Biz həkimlər bunları fərqləndirməyi bilsək də, vətəndaşlar bunu bacarmır. Qrip olduqlarını düşünərək həkimə müraciəti ləngidir, nəticədə vəziyyətlərini ağırlaşdırırlar. Test nəticəsi pozitiv çıxmış biri qrip ola bilməz”.

Həmsöhbətimizlə qripdən qorunmağın yolları ilə bağlı da danışdıq: “Təbii ki, qripdən qorunmaq üçün immun sistemimiz güclü olmalıdır. Amma təəssüflə qeyd edirəm ki, indiki dövrdə insanlarımızın immuniteti çox aşağıdır. Çünki mart ayından sərt karantin rejiminin tətbiqi ilə əlaqədar hər kəs evə qapandı. Bu qapanma da vətəndaşların immun sisteminin əsasını təşkil edən günəş şüalarından, təmiz havadan məhrum olmağına səbəb oldu. Düzdür, bir neçə gündür çimərliklərə gedərək həmin əskikliyi tamamlamağa çalışırlar. Amma istənilən halda, vəziyyət əvvəlki illərdəki kimi deyil. Ona görə insanlara məsləhət görürük ki, payızadək maksimum dərəcədə dənizə gedərək, günəş şüalarını qəbul etsinlər. Təbii ki, bunun da öz vaxtı var. Həddən artıq yandırıcı günəş şüası orqanizm üçün zərərli ola bilər. Buna görə də yaxşı olardı ki, insanlar dənizə səhər saat 11-12 arası, günortadan sonra – saat 4-dən və ya 5-dən sonra getsinlər. Həmçinin vitaminli qidalar qəbul etsinlər. Bolluca meyvə, tərəvəz yesinlər. Zülal mənşəli qidalara elə də çox üstünlük verməsinlər. “C” vitaminli qidaların rasionlarında çoxluq təşkil etməsi əsas şərtdir. Təbii meyvə şirələri, kompotlar içsinlər”.

 

Tibb üzrə ekspert Adil Qeybulla yaxın günlərdə bu mövzu ilə bağlı əhaliyə bəzi tövsiyələrin veriləcəyini qeyd edir: “Payız mövsümündə tutulduğumuz, əslində tam qrip də deyil, onu biz el arasında qrip adlandırırıq. Fəsil dəyişikliyi ilə əlaqəli respirator xəstəliklərdir. Çox güman ki, payızda müəyyən soyuqdəymə xəstəliklərinin çoxaldığını müşahidə edəcəyik. Koronavirusla onların diaqnostikası tamam fərqlidir. Bununla bağlı Azərbaycan Həkimləri İctimai Birliyi olaraq bir araşdırma hazırlayırıq və yaxın günlərdə dərc edəcəyik. Həmin araşdırmaya əsasən, əhaliyə müəyyən tövsiyələr veriləcək”.

Ekspert mövsümü xəstəliklərdən qorunmaqda vitamin qəbulunun böyük rol oynadığı qeyd etdi: “İndiki dövrdə olan meyvə, tərəvəzdən bacardıqca daha çox yemək lazımdır. Həmçinin, immun sistemini gücləndirmək üçün əzələdaxili immunaqlobin iynəsi də vurdurmaq olar. Xəstəliyin çoxalması ilə əlaqədar xəstəxanalara axının olacağını düşünmürəm. ÜST- ün də son açıqlaması bu istiqamətdə idi ki, insanlar virusla yaşamağa öyrəşməlidirlər, onları xəstəxanaya yığmağa ehtiyac yoxdur”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir