Yayın qaynar günləri artıq geridə qalıb, sentyabr öz gəlişi ilə həm şəhərimizə, həm də qəlbimizə xoş bir sərinlik gətirib. Ümid edirik ki, bu sərinlik birdən-birə yağışlı və küləkli havalarla əvəz olunmayacaq. Çünki heç kim, xüsusilə modapərəstlər qısaqoldan birbaşa kurtkaya keçid etmək istəmir. Axı qarderobda geyinilmək üçün həsrətlə sentyabrın gəlməsini gözləyən pencəklər asılıb. Əslində zaman elə sürətlə uçur ki, vaxtın necə keçdiyini hiss etmirsən. Odur ki, soyuq havalara qarşı indidən “silahlanmağa” dəyər.
Payız və qış aylarında nələr dəbdə olacaq?” sualına müxtəlif cavablar hazırlamışıq. Beləliklə, oxucuları payız-qış trendlərinin icmalı ilə tanış edirik:
Bəbir və digər heyvan naxışları
Sözsüz ki, bu mövsümün əsas trendlərindən biri heyvan naxışlarıdır. Bəbir naxışı ilə yanaşı, piton, pələng, zebr naxışları da qarşıdakı payız və qış aylarında populyar olacaq.
Dəri
Dəri payız-qış ayları üçün yeni tendensiya deyil. Bu il daha seksual dəri geyimləri qarşınıza çıxacaq, hətta butik rəfləri sizə seks-şopları xatırladacaq.
80-ci illər
Ötən mövsümdən bizə miras qalan daha bir trend… Əgər bu yay dizaynerlər şanlı dövrə yalnız eyham vurmuşdularsa, payızda o dövrün dəbi bütün ehtişamı ilə önə çıxacaq.
Buduar (qadının istirahət və digər məşğuliyyətləri üçün nəzərdə tutulmuş təmtəraqlı otaq. Buduar termini XVIII əsrdə ortaya çıxıb).
Gündəlik həyata uyğunlaşdırılmış buduar elementləri payızın nömrə bir trendlərindəndir. Korsetlər, pijamalar, penüarlar və digər gecə geyim elementləri gündəlik obrazının bir hissəsi ola bilər və heç kəs buna görə sizi ittiham etməyəcək.
Feminen və maskulin tərzinin vəhdəti
2018-ci ilin payızında qadın və kişi üslubunun dueti dəbdə olacaq. Məsələn, qadın və kişi geyim elementləri mürəkkəb siluetdə birləşdirəcək. Buna nail olmaq çox asandır: Ən çox sevdiyiniz paltarı alın və onun üzərinə bol kəsimli pencək geyinin.
Baş geyimləri
Bakı kimi soyuq şəhərdə baş geyimləri ilk növbədə məcburi zərurətdir, dəbli tendensiya deyil. Bununla belə məhz onlar gələn ilin payızında özünün bütün zənginliyi ilə qarşımıza çıxacaq. Odur ki, müxtəlif modellər arasından indidən seçim etməyə tələsin.
Daha çox həcm
Payızda dizaynerlər daha həcmli və fantastik formalardan qorxmamağı təklif edirlər. Çiyinliklərin köməyi ilə şişirdilmiş pencəklər və ya çoxqatlı paltarlar yeni mövsümdə trend olmağa iddialıdır.
Qurama
Qurama – yazdan payızda keçid edən daha bir trenddir. Qurama yorğan imitasiyası “Christian Dior”, “Marni” və digər dizaynerlərin kolleksiyalarında yer alıb.
Utilitarizm (rahat, praktik, faydalı)
Dizaynerlər qərara gəlib ki, payız-qış mövsümündə rahatlıq və funksionallıq hər şeydən üstün olmalıdır. Odur ki, sırıqlı yorğanı xatırladan kurtkalarınız nə qədər həcmli və cibli olsa, bir o qədər yaxşıdır.
Süni xəzlər
Brendlər artıq süni xəzlərə üstünlük verməyə başlayıb və buna sevinməmək olmaz. Belə xəzlərin yaradılması həm də heyvanların amansızcasına öldürülməsini tələb etmir və dizayn baxımından imkanlarını genişləndirir. Modapərəstlərə xəzlərin istənilən fasonu və rəngi təklif edilir. Odur ki, bütün bunlar haqlı olaraq, onu payızın trendi elan edir.
Neon
Neon rənglər payız-qış aylarında hər yerdə qarşımıza çıxmağı vəd edir. Bu tendensiyanı hətta axşam paltarlarında da görmək olar. Məsələn, “Prada” kolleksiyasında.
Plaş-paltar
Belə geyimin əsas üstünlüyü ondan ibarətdir ki, o, sizin arzularına əsasən dəyişilə bilər. Plaşın biçimini xatırladan paltarı həm çılpaq bədənə, həm də havalar soyuyanda vodolazka ilə geyinmək olar.
Qələm ətək
Ciddi ofis yubkası yenidən trend olmağa namizəddir. Onun sayəsində asanlıqla güclü qadın təəssüratı yaratmaq mümkündür. Amma bu ilin payızında qələm ətəyi ənənəvi qaydada deyil, daha fərqli fasonlarda görəcəyik: yarığı, kəsimi, rəngi, bəzək və düymə elementləri, həmçinin naxışı ilə fərqlənəcək.
Balyaj və ombre tonlar
2018-ci ilin əsas rəng trendi payıza yeni nəfəs gətirən balyaj və ya ombre tonlardır. Müxtəlif rəng və çalarların keçidləri xüsusilə paltarlarda effektli təsir bağışlayacaq.
Futurizm
“Gələcəyi görməyə darıxan” dizaynerlərin bir qismi gələcəkdə dəbin necə olacağı mövzusunda durmadan baş sındırır və növbəti payız istisna olmayayıb. Futurizm rəmzi sayılan metal rəngi paltar, kurtka, ayaqqabı, hətta çantalarda istifadə edilib.
Laklı dəri
“Matrisa” ruhunda hazırlanan laklı plaşlar ənənəvi olaraq payız-qış trendlərinə daxil edilir. Odur ki, 80-ci illərin üslubunda olan uzun laklı dəri plaşlara biganə qalmaq olmaz.
Rəsmlər
Dünya şöhrətli rəssamlarının əsərləri moda sənayesindən yan keçməyib. Rəsm sənətkarının hətta erotik illüstrasiyalarını həm lüks, həm də demokratik brendlərin kolleksiyalarında görmək mümkündür.
Bütünlüklə qara
Başdan ayağa köhnə və xeyirxah qaraya bürünmək heç vaxtdan dəbdən düşmür. Ümumiyyətlə qara ilə boz moda sənayeçilərinin sevimli rəngidir.
Saçaq
Bohema dekoru dəbdən ayrılmaq barədə düşünmür. İstər xırda, istərsə də iri saçaqlar kovboy gödəkçələrinin qollarında qalmağa, eləcə də paltar, ətək və çantaları bəzəməyə davam edir.
Qırmızı
Qırmızı paltar artıq neçənci dəfədir ki, ənənəvi olaraq payızın trendi seçilir. Payız-qış kolleksiyalarında, məsələn, “Giambatista Valli”nin döşəməyə qədər uzanan daha qapalı, həm də “Dolce & Gabbana”nın yuxarı hissəsi bağlarla korset şəklində hazırlanan daha cəsarətli variantlarını tapmaq olar.
Yerkökü çaları
Əgər sizdə narıncı rəngə qarşı məhəbbət hissi yoxdursa, bir daha cəhd edin. Romantik kəsimləri və bəzəkləri olan narıncı paltarlar vitamini və ilham mənbəyinə ehtiyac duyan şəxslər üçün uğurlu seçimdir. Yeri gəlmişkən, narıncı əhvalı yüksəldib xoş ovqat yaratmağa qadirdir.
Etnik
Özündə şaman geyimlərinin elementlərini və etnik naxışları birləşdirən geyimlər mövsümün daha bir tendensiyasıdır. Seçim çoxdur: hindurların entik naxışları, zamşa və sviterlər. İstənilən halda uduzmayacaqsınız.
Uzun libaslar
Bu mövsüm dizaynerlər paltarın ətəklərini “uzatmağı” məsləhət görürlər. Uzun libaslar aktuallığın zirvəsində olacaq. Yağışlı havalar üçün münasib olmasa da, qalan bütün hallarda maksimum dərəcədə rahat və effektivdir.
Kobud dublyonka
Dublyonka qəlbimizdə ən rahat və isti qış geyimi kimi çoxdan yer qazanıb. Xəbəriniz olsun ki, maksimum dərəcədə kobud modellər payız-qış mövsümündə modapərəstlərin əsas tələbatı olacaq.
Tvid
Kult tvid kostyumlar yenidən modapərəstlərin qarderoblarına qayıdır, amma adət etdiyimiz şəkildə yox. Əgər könlünüzdən müxtəlif dəb eksperimentləri etmək keçirsə, o halda klassik “Chanel” tvid kostyumlarını daha konservativ qızlara saxlayın, özünüz isə tvid yubka və ya paltarlara yönəlin.
Dama-dama
Dama-dama naxışların bütün növləri payızda və qışda aktual olacaq. Əgər qarderobunuzda klassik “Uels şahzadəsi” adlanan dama-dama naxışı varsa, şotlandiyalıya, daha iri və ya daha çılğın dama-dama naxış versiyalarına nəzər salın. İşgüzar xanımların xüsusi diqqət yetirməsi şiddətlə tövsiyə edilir.
İşçi uniforması
Bir çox dizaynerlər, deyəsən, dəbli işçi həmkarlar ittifaqını təşkil etməyə hazırlaşırlar. Əks halda payız-qış kolleksiyalarında fəhlə geyiminin müəyyən elementləri ilə narıncı rəngin istifadəsini necə izah etmək olardı?
Kostyum
80-cı illərin birnömrəli trendi sayılan dəst kostyumlar müasir modapərəstlərin qarderobuna daxil olmaq niyyətindədir. Bol kəsimli pencəklə eyni rəngli enli balaqlı şalvarın vəhdətinə biganə qalmayın. Klassik qara dəstlər haqqında unudun, ən dəbdə olan tonlar boz və qəhvəyidir.
Viktorian üslubu
Dizaynerlər Mariya Antuenetta dövrünə hələ də aşiqdir, deməli, təmtəraqlı paltarlarla, krujevalı və büzməli bluzlar qarderobumuzda əvvəlki yerini tutmağa davam edəcək.
AYTƏN