xestelik

Payızda kəskinləşən xəstəliklər

Baxış sayı: 1. 193

Statıstikaya əsasən, bir çox xəstəliklərin kəskinləşməsi məhz payız aylarında baş verir.

Bu fenomenin səbəbini həkimlər hələ ki dəqiq təyin etməyiblər. Alimlər güman edirlər ki, bunun səbəbi insan orqanizmində bioritmlərin kəskin dəyişilməsi ola bilər (günəşli günlərin sayı azalır, gün qısalır, insan daha tez yatmağa gedir və s.). Hər bir dəyişilmə orqanizmi stress vəziyyətinə salır. Bundan əlavə dəyişkən yağışlı hava, daim dəyişilən meteoşərait insanda stresin inkişafına təkan verir. Stress isə immun sistemini zəiflədir. Nəticədə insanda olan xroniki xəstəliklər kəskinləşməyə başılayır.

 

Bu xəstəliklərin arasında:

– Ürək-damar sistemi xəstəlikləri

Bu xəstəliklərin bir çox hissəsi payızda kəskinləşir. Arterial təzyiqinizə fikir verin, düzgün qidalanın, güclü fiziki və emosional gərginliklərdən uzaq olun, tez-tez açıq havada gəzin.

Kardioloqun profilaktik müayinəsindən keçin. Lazım olduqda həkim müalicə kursu təyin edəcək.

 

– Nəfəsalma sistemi xəstəlikləri (xroniki bronxitlər, bronxial astma)

Hərarətin kəskin enməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə xəstəliklərin inkişafına əlavə təkan verir. Bu xəstəliklər zamanı isə ilk növbədə bronxlar zədələnir. Xəstəliyin ilk simptomlarında həkimə müraciət edin. Müalicədən əlavə insan çoxlu ilıq maye içməlidir ki, bu bronxlardan bəlğəmin çıxmasını asanlaşdırır. İlıq süd, yarıbayarı borjomla qarışdırılmış süd, biyan kökü və gülxətmi kimi otların dəmləmələri, soğan şirəsi çox yaxşı təbii bəlğəmgətirici vasitələrdir.

 

– Həzm sistemi xəstəlikləri (xroniki qastrit, xora xəstəliyi)

Bu xəstəlikləri olan insanların bir çoxusunu payızda qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır. Mütləq qastroenteroloqa müraciət edin və lazım olan müalicə alın. Müalicədən əlavə pəhriz də çox önəmlidir. Qızarmış, yağlı, kəskin qıdalar, turşular, təzə çörək, hisə verilmiş məhsullar, qəhvə, qazlı sular və s. pəhrizdən çıxarılmalıdır. Qidanı az miqdarlarda və daha tez-tez (gün ərzində 4-5 dəfə) qəbul etməyə çalışın ki, bu mədəni artıq yükləmədən qoruyacaq.

Profilaktika məqsədi ilə dazı otu, kətan toxumları, tozağacı tumurcuqları dəmləmələri, çaytikanı yağı qəbul etmək olar.

 

– Artrit, artroz

Bu xəstəliklər də payızda tez-tez kəskinləşir. Xəstələrdə oynaqda ağrılar, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır. Həkimə müraciət edin və lazım olan müalicə kursu alın.

Profilaktika məqsədi ilə daha isti geyinmək, tamdəyərli qidalanmaq, C vitamini qəbul etmək lazımdır (bu vitamin qığırdaq toxumasının bərpasına kömək edir).

 

– Bəzi ginekoloji və uroloji xəstəliklər

Payız aylarında qadınlarda tez-tez xroniki sistit kəskinləşir. Xəstədə sidik ifrazı tezləşmiş və ağrılı olur. Lazım olduqda həkim xəstəyə iltihabəleyhinə və antibakterial preparatları təyin edir.

Sistitit profilaktikası üçün özünüzü soyuqlamadan qoruyun, intim gigiyena qaydalarına ciddi riayət edin, idmanla məşğul olun. Bundan əlavə daha çox maye için (adi təmiz su), duzlu və kəskin qidaları rasiondan çıxardın.

 

– Psixiki pozulmalar

Payız aylarında insanlar depressiyalara, nevrozlara çox meyilli olurlar. Bu vəziyyətlərin profilaktikası üçün daha çox açıq havada gəzmək, idman və bədən tərbiyyəsi ilə məşğul olmaq, tamdəyərli qidalanmaq, polivitamin kompleksləri və sakitləşdirici prepartaları (həkim təyin edir!) qəbul etmək lazımdır.

Payızda bəzi xroniki dəri (psoriaz və s.), onurğa sütunu (osteoxondroz) və bəzi digər xəstəlikləri də kəskinləşir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir