Artıq yavaş-yavaş yay fəslini geridə qoyaraq payıza doğru irəliləyirik. Hər fəslin özünəməxsus tələbatı olduğu kimi, payız fəsli də müəyyən biznes sahələrinin canlandığı dövrdür. Bu mövsümdə bəzi sahələr var ki, yayda dayanmış kimi görünsə də, payızın gəlişi ilə yenidən canlanır.
Bəs görəsən, məhz payız fəslində hansı bizneslərə daha çox tələbat var və sahibkarlar üçün yeni fürsətlər yaradır?
Biznes konsultant Solmaz Yaqubova bildirdi ki, bizneslərin əksəriyyəti sezonla işləyir: “Demək olar ki, təkrarlanan formada ilin müəyyən aylarında bizneslərin stabil olaraq, hər zaman gəlirləri digər aylara nisbətdə çox olur. Təbii ki, bu biznesin növündən, satdığı məhsullardan və digər faktorlardan asılı olaraq dəyişir. Ümumi Azərbaycan bazarını nəzərə alsaq, payız fəslində daha çox qazanan bizneslərdən biri təhsil mərkəzləri və kurslardır. İnsanlar, tələbələr yayda istirahətlərini edir, enerji toplayır və onların yeni nələr isə öyrənməyə, yeni fəaliyyətlərlə məşğul olmağa beyinləri bu vaxtlarda daha da açıq olur. Məhz buna görə də, payız fəslində tədris mərkəzləri, kurslar daha aktiv fəaliyyət göstərir. Eyni zamanda onu da qeyd edim ki, təhsil sektrou təkcə tələbələrdən ibarət deyil, böyüklər üçün də maarifləndirici kurslar mövcuddur ki, əsasən iş adamları, müxtəlif peşə sahibləri yayda məzuniyyət götürürlər. Payız isə yeniliklər üçün daha uyğun vaxt hesab olunur. Ümumiyətlə yayda kursa getmək istəyənlərin sayı kəskin şəkildə aşağı düşür, sentyabr, oktyabr, noyabr aylarından yenidən canlanma yaranır”.
Bu qida və içki biznesi payız fəslində qazanc gətirir
S.Yaqubovanın sözlərinə görə, payız fəsli üçün uyğun, qazanc gətirəcək xüsusi sahələrdən biri də qida və içkilərdir: “Hansı ki, bəzi mövsümi qida və içkilər var ki, onları insanlar sezonu gələndə istifadə edirlər. Məsələn, payız fəsli başlayanda xəngəl, xaş və digər isti qidalara üstünlük verirlər və bu qidalar üzrə satışlar yüksəlir, gəlir artır. İçkilərdən isə qəhvə, isti şokolad və.s. Havalar soyuduqca, isti içkilərə üstünlük verilir, yayda sərin soyuq içkilərə tələbat artırsa, qışda isti içkilərə tələbat yaranır. Bu sektora meyvə-tərəvəz satışı ilə məşğul olan insanlar da aiddir. Belə ki, hər mövsümin öz meyvələri var. Bu fəsildə yetişən meyvələri satacaq insanlar daha çox gəlir əldə edə bilir”.
Havalar soyuyur, xəstəliklər artır…
Biznes konsultant bildirdi ki, payız fəslində dərman sektoru da qazanc əldə edənlər siyahısına aid edilə bilər: “Havalar soyuduqca immunitet dəyişir və xəstəliklər yaranır. Soyuqdəyməyə qarşı dərmanlar, vitaminlər, qida əlavələri və.s satışı çoxalır, bu sahə üzrə gəlirlərdə də artım müşahidə olunur. Onu da qeyd edim ki, payız fəslində çox qazanc əldə edən sektorlardan biri də sağlamlıq və fitnes sahəsidir. Yayda insanların çoxu hərəkətliliyə görə idmandan uzaqlaşır, amma qışda imunnitetlərini gücləndirmək üçün pilatesə, idmana və.s yenidən başlayırlar.
S.Yaqubova qeyd etdi ki, payızda yenidən dirçələn bizneslərdən biri də, tədbirlərdir: “Payız iş dünyasında konfransların, seminarların ən aktiv olduğu dövrlərdir: “İş adamları yay bitdikdən sonra məzuniyyətdən qayıdır, onlara işlə bağlı təkliflər gəlir, və bunları iş adamları dəyərləndirirlər. Beləliklə, payız fəslində tədbirlər, seminarlar çoxalır.
S.Yaqubova deyir ki, turizm və səyahət sektoru da bu mövsümdə də yaxşı qazanc əldə edir: “Qış aylarında insanlar dağlıq, soyuq yerlərə getməyə üstünlük verirlər. Ona görə də, ən soyuq bölgələrə doğru istiqamətlənirlər. Bu sektorla məşğul olan insanlar payız fəslində də yaxşı qazanc əldə edə bilirlər”.
Biznes konsultant deyir ki, qış üçün hazırlığa görə, istilik təchizat sistemləri, qışa aid məişət əşyaları satan bizneslər üçün də bu mövsüm əlverişli, bol qazanclıdır.
Sərvanə Rəmixanova