Bir sözlə, ildən-ilə pensiya minimumunun artması ilə gələcək nəsillərin pensiyaçılarına qarşı maliyyə tələbləri də artır. Minimum pensiya kapitalının artırılması müsbət haldır, lakin artdıqca pensiyaya çıxanların sayı azala bilər. Axı fərdi sığorta hesabına 34500 manat, hətta ondan da çox 43200 manat (minimum pensiya 300 manata qaldırılarsa) toplamağın asan olmayacağı göz qabağındadır.
Düzdür, nə biri, nə də digəri varsa, o zaman sadəcə olaraq yaşa görə pensiya üçün müraciət etməlisiniz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, istənilən halda yaşa görə müavinət təyin olunur: “Son üç ildə bu, 2,5 dəfə artırılaraq 180 manata çatdırılıb”.
Bununla belə, deputat Bayramovun dediyinə görə, dövlət əhaliyə dəstək ola bilərdi: “Pensiya islahatı büdcədən ayırmalar olmadan vətəndaşların əmanətləri hesabına pensiya təminatını nəzərdə tutur. Bununla belə, bu cür qərarlar qəbul edilərkən çoxdan mövcud olan kölgə iqtisadiyyatı problemini, eləcə də qeyri-rəsmi məşğulluğun yüksək səviyyədə olmasını nəzərə almaq vacibdir. Bir sözlə, bu halda büdcə dəstəyindən tamamilə imtina etmək yersizdir və yeni yanaşma obyektiv hallar nəzərə alınmaqla düzəlişlər tələb edir”.
Bu baxımdan, ekspert hesab edir ki, hökumət pensiya kapitalının müəyyən faizini maliyyələşdirə bilər: “Şəxsin əmək pensiyasına daxil olmaq üçün kifayət qədər vəsaiti yoxdursa, çatışmayan hissəni büdcədən ödəməklə ona kömək etmək olar”.
Pensiya kapitalının artırılması məsələsinə toxunan V.Bayramovun sözlərinə görə, artıq Azərbaycanda “pensiya amnistiyası” tətbiq edilir: “Onun mahiyyəti bundan ibarətdir ki, ölkə vətəndaşı 2018-ci ilə qədər ən azı bir manat ödəyibsə, o, avtomatik olaraq minimum pensiya alır və onun daha minimum pensiya kapitalını toplamasına ehtiyac qalmır. “Pensiya amnistiyası” 2023-cü ilin yanvarına qədər uzadılıb. Bu il pensiyaya çıxacaq şəxslər də bu amnistiyadan yararlana biləcəklər. Xüsusilə az miqdarda toplanmış pensiya kapitalı olan vətəndaşların bundan yararlana bilməsi üçün bu amnistiyanın yenidən uzadılmasını təklif edirik”.
Deputat amnistiyanın 2025-ci ilə qədər uzadılmasının məqsədəuyğun olduğunu qeyd edir.
Pensiya minimumunun artması ilə əmək pensiyası getdikcə artan vətəndaşlarımız üçün əlçatmaz olur. Problemin kökündə isə nə qədər qəribə olsa da, sığorta haqlarımız istiqamətində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə ayırmalarından asılılığının azaldılması siyasəti dayanır. Məsələn, DSMF-in 2018-2020-ci illərdə dövlət büdcəsindən asılılığı 10 faiz azalaraq, 1 milyard 303 milyon manatdan 1 milyard 178 milyon manata düşüb. İqtisadçıların fikrincə, bu, strukturun məcburi ayırmalar və dövlət sosial sığorta haqları üzrə gəlirlərinin artması ilə bağlıdır. Bu müddət ərzində Fondun gəlirləri ötən illə müqayisədə 39% artaraq 4 milyard 748 milyon manata çatıb.
Amma aparılan islahatlar və pensiya yaşının artırılması nəticəsində pensiyaçıların sayı getdikcə azalır – çoxları öz layiqli istirahətlərini görməyə çatmırlar. Bəzi hesablamalara görə, ötən il kişilərin 52,3 faizi 65, qadınların isə 42,2 faizi 62 yaşa qədər dünyasını dəyişib. Eyni zamanda, Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, şəxsin pensiya yaşına çatanadək vəfat etməsi halında sığorta hesabına toplanmış pensiya kapitalı (Məcəllədə göstərilən hallar istisna olmaqla) onun ailə üzvlərinə ödənilmir. Ehtimal etmək lazımdır ki, “pensiyaya çatmayanların” vəsaitləri də Fondun sərəncamında qalır…
Tanya Samsonova