tehsil

Peşə seçimində valideyn övladına necə dəstək olmalıdır?

Baxış sayı: 468

“Böyüyəndə hansı peşəni seçmək istəyirsən?” Bu, hər bir valideynin övladına erkən uşaqlıqdan verdiyi sualdır. Məktəbəqədər yaşlı uşaqlar adətən bu suala asanlıqla cavab verirlərsə, böyük uşaqlar, xüsusən də yeniyetmələr çox vaxt sona qədər hansı peşəni seçəcəklərinə qərar verə bilmirlər. Əvvəllər uşaq ailə sülaləsinin ənənəsini yaşatmaq üçün bəzən öz arzularından vaz keçməyə məcbur idi. Məsələn, əgər valideyn dülgər, bənna və ya həkim idisə, uşaq da onun yolunu davam etdirirdi. İndi zaman dəyişib. Dünyaya açılım uşaqların da peşə seçimi imkanlarına təsir edib, onları sərbəst qərar verməyə yönləndirib. Bununla belə, yenə də, övladının peşə seçimində “Arzum oğlumu (qızımı) mühəndis, həkim və ya müəllim görməkdir”- deyə öz arzularını irəli sürən, uşağının arzuları ilə hesablaşmayan valideynlər var. Eyni zamanda, X-XI sinfə qədər peşə seçimi haqqında tam qərar verə bilməyən şagirdlər də az deyil.

 

Gələcəyə bileti almaqda uşaqlara göstərilən yardım

Rusiyada həyata keçirilən “Gələcəyə bilet” məktəblilərin peşəyönümlü ödənişsiz kursları da məhz valideynlərin övladlarının ixtisas seçimindəki roluna həsr olunub. Kurslarda karyera idarəçiliyi üzrə ekspertlər, psixoloqlar, pedaqoqlar, əmək bazarı analitikləri, həmçinin işəgötürənlər uşaqların gələcək peşə seçiminə necə kömək etmək barədə faydalı məsləhətləri bölüşürlər. Kurs övladlarının gələcək peşəsini düzgün seçməsinə kömək etmək, şagirdə təhsil seçimində dəstək olmaq, həmçinin narahatlığı azaltmaq və uşağın gələcəyinə inam qazandırmaq istəyən valideynlər üçün nəzərdə tutulub. Layihə çərçivəsində valideynlər mütəxəssislərlə birlikdə peşələrin müxtəlifliyini dərk edir və müasir karyera yollarını, əmək bazarında mövcud tendensiyaları öyrənirlər. Bu da uşağın maraq və üstünlüklərini anlamağa imkan verir. Layihə valideynlərə öz baxışlarını tətbiq etmədən övladını yumşaq şəkildə düzgün yola yönəltməyə kömək edir.

Əlbəttə, sirr deyil ki, böyüklər çox vaxt məzun övladlarından az narahat olmurlar. Çünki gələcək haqqında söhbət ilk növbədə ailə daxilində başlayır. Bir uşaq üçün bir peşə seçmək nə qədər çətindirsə, valideyn üçün ondan az maraqlı mövzu deyil.

Bəs peşə seçimi mərhələsində valideyn hansı mövqeyi tutmalı, övladına necə dəstək olmalıdır?

“Siz də həkim və ya müəllim olun” baxışı

ADA Universitetinin professoru Gülməmməd Məmmədov sualın cavabını ümumiyyətlə, birmənalı hesab etmir: “Valideyn var ki, yalnız orta təhsili var və xüsusi bir sahə ilə bağlı heç bir məlumatı yoxdur. Sadəcə olaraq, cəmiyyət içərisində uğur qazanmış həkim, polis, hüquqşünas və ya müəllim nümunəsini göstərərək övladına təsir etməyə çalışa bilər və çalışır da. Bu cür faktlar çoxdur. “Siz də həkim və ya müəllim olun”, – deyə uşağın təbii marağına, istedadına fikir vermədən övladının peşə seçiminə təsir edir. Bu, bizim cəmiyyətin bir reallığıdır. Digər kateqoriyadan olan valideynlər ali təhsilli, öz ixtisaslarına uyğun, müəyyən uğurları olan insanlardır. “Mən həkiməm, bu sahədə çevrəm var, sən də həkim ol, sənə də bir yol taparıq”, – deyə, onlar da övladlarına öz şəxsi nümunələri ilə təsir edirlər. Bu zaman övladlarının təbii istedadı, istəyi kənarda qalır. Bu problemlər mövcuddur”.

 

Valideyn təkidi ilə seçilən ixtisas uşağa maraqlı gəlməyə bilər

Sürətlə dəyişən dünyamızda iş bazarında yeni peşələrin yarandığını deyən G.Məmmədov bu prosesdən savadından asılı olmayaraq valideynlərin də, şagirdlərin də özlərinin məlumatlı ola bilməyəcəyini bildirir: “Dəyişikliklərlə bağlı məlumatı olan şəxslər peşəkarlardır. Valideynlər universitetlərdə olan müəllimlərdən və ya QHT-lərin, Elm və Təhsil Nazirliyinin, Sosial Müdafiə Nazirliyinin məşğulluqla, karyera seçimi ilə bağlı tədbirlərindən məlumat ala bilərlər. Valideynlər hansı peşələrə ehtiyac var, gələcəkdə ehtimal olunan peşələr hansılardır və s. nüanslarla maraqlanıb bu məlumatları övladlarına məcburiyyət kimi deyil, seçim olaraq təqdim etməlidirlər. Əks halda, uşağın valideynin təkidi ilə seçdiyi ixtisas ürəyincə olmadığı üçün ona zəhmət və enerji qoyma motivasiyası olmayacaq. Bu da gələcəkdə uşağın uğursuz olmasına gətirib çıxaran ənənəvi faktorlardan birinə çevriləcək”.

Professor hesab edir ki, valideynləri bu istiqamətdə məlumatlandıran televiziya proqramları, media xəbərləri olmalıdır: “Kiçik bir layihə ilə bu işin öhdəsindən gəlmək çətin olar. Bununla bağlı sistemli bir iş görülməli, dövlətin siyasəti müəyyən olunmalıdır. Biz sürətlə inkişaf edən ölkəyik. İş bazarında ölkənin ehtiyacları var. İqtisadiyyat hansı istiqamətə inkişaf edir və hansı ixtisaslara ehtiyac olduğunu dövlət müəyyən edir. Hesab edirəm ki, dövlət buna uyğun da təbliğat işi aparmalıdır”.

“Seçimi tam olaraq uşağın öhdəsinə də buraxmaq olmaz”

BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəylinin fikrincə, uşağın ixtisas seçimində valideyn müəyyən qədər təcrübəsindən və dünyagörüşündən çıxış etməlidir. Digər tərəfdən, o, uşağını yaxşı tanıyır: “Valideyn övladının ixtisas seçiminə biganə qalmamalı, maraqlanmalı, soruşmalı, istiqamətləndirməlidir. Seçimi uşağın öhdəsinə də buraxmaq olmaz. Uşaq qısa müddətli, həvəsləndirici təsirlərin altında ola bilər. Valideyn ona düzgün şəkildə istiqamət verməlidir”. B.Aslanbəyli bəzən valideynlərin uşağının əvəzinə qərar verdiyini də bildirir: “Valideyn seçimdə mütləq iştirak etməlidir. Amma bu, dominant iştirak olmalı deyil. Uşağın istəyinə qarşı olan iştirak olmamalıdır. Yəni qərarın birgə qəbuluna və uşağın düzgün istiqamətlənməsinə yönələn iştirak olmalıdır. Uşağın marağı kənarda qalmamalıdır”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir