“Hər insanın genetikası fərqli olduğu üçün vaksinlərə qarşı reaksiyası da fərqlidir. İmmuniteti təşkil edən bədəndə leykositlərin xaricindəki immunoqlobulinlər və komplemanlardır. Bunların miqdarı genetikanın quruluşuna və yaşa əsasən dəyişir. Odur ki, orqanizmin vaksinasiyaya verdiyi reaksiya genetika ilə əlaqəli prosesdir”.
Bu sözləri biokimya və molekulyar biologiya üzrə mütəxəssis, həkim-laborant Eldar Əliyev deyir. O, peyvənddən sonra immun reaksiyanın formalaşmasına təsir edən bir sıra amilləri qeyd edib:
“Göz rəngi fərqli olduğu kimi, immunitet də hər insanda fərqli inkişaf edir. Xroniki xəstəliklərdən də asılı olaraq vaksinin effektivliyi dəyişir. Xüsusilə immun çatışmazlığından əziyyət çəkən xəstələrdə immunitet yaxşı inkişaf etmir. Revmatoid və onkoloji xəstələrdə peyvəndin vurulub-vurulmaması həkimin göstərişinə əsasən olunur. Kənardan verilən dərmanlar immunitetə təsir etdiyi üçün bu xəstələrə vaksin vurulması tamamilə subyektiv xarakter daşıyır.
Vaksinin reaksiyası həm də qidalanmadan asılıdır. Məsələn, zəif qidalanan insanlarda təbii ki, qida yetərsizliyi, vitamin çatışmazlığı həm vaksin reaksiyasına, həm anticisimlərin yaranmasına, həm də onların qalıcılığına təsir edəcək”. (“Publika.az”)