Neçə gündür ki, koronavirusa qarşı peyvənd olunan Samir Məhərrəmov ad-soyadlı vətəndaşın peyvənddən gün sonra vəfat etməsi xəbəri böyük müzakirələrə səbəb olub. Belə ki, S.Məhərrəmovun yaxınları sosial şəbəkədə xəbəri paylaşdıqdan sonra insanlar həkimləri, poliklinikaları qınayıblar.
Mərhumun yaxınları bildirir ki, mütəmadi səyahətlər edən S.Məhərrəmov COVID-19 pasportu almaq üçün “Sinovac” vaksini vurdurub. Mayın 29-da huşunu itirərək yıxılıb və ailəsi onu “Baku Medical Plaza” klinikasına yerləşdiriblər. Komada olan S.Məhərrəmov orada vəfat edib. Məlumata görə, beynində tromblaşmanı açmaq üçün tibbi müdaxilə etsələr də, onun həyatını xilas edə bilməyiblər. Qeyd edilib ki, Samir Məhərrəmov yüksək təzyiqdən beyin infarktı (işemik insult) keçirib.
“Baku Medical Plaza”dan bildirilib ki, S.Məhərrəmov peyvənd olunandan sonra halı pisləşdiyi üçün klinikaya gətirilib: “Onun ailəsinin icazəsi olmadan ölüm səbəbini açıqlaya bilmərik. Bizim klinikaya ağır vəziyyətdə daxil olub. Ölüm səbəbini rəsmi bilmək üçün tibbi ekspertizadan keçirilməli idi. Ailənin bunu edib-etmədiyindən məlumatsızıq”.
Bu hadisədən sonra isə insanlar təşvişə düşüb, hətta vaksinasiyadan imtina edəcəklərini deyənlər də az deyil. Çoxlu sayda suallar da verilməkdədir. İnsanları daha çox maraqlandıran isə “Vaksinin zərər verib-verməyəciyini əvvəldən bilmək olarmı, bizdə elə bir müayinə üsulu varmı” sualıdır.
Bizimlə söhbətdə infeksionist Gülnarə Əhmədova mövzu ilə bağlı bu və digər sualları cavablandırıb:” Görünür, o şəxsin problemi var imiş. Özü araşdırmayıb, üstündən keçib. Problem ondadır ki, müraciət edənlər çoxdur, bəlkə də həkim onu normal sorğu-sual etməyib. Amma bunun peyvəndlə heç bir əlaqəsi yoxdur. Ayağı qırılan da deyəcək ki, peyvənddən sonra oldu. Hər kəs özünə qarşı diqqətli olmalıdır. Ümumiyyətlə, poliklinikalarda insanların təzyiqi də ölçülür, səhhəti də soruşulur. Xəbərdə də qeyd olunub ki, səyahət etmək üçün, “COVİD pasportu” almaq üçün istəyib. Çox adam belə gedir, “heç bir problemim yoxdur” deyib suallardan yayınırlar. Bəzən də “tez vurun, gedim” deyirlər. Yəni belələri də olur. Təsəvvür edin, bir növbədə 150-200 nəfər adam gəlir. Səhər saatlarından günorta saat 2-yə kimi 170 nəfəri qəbul etmək bilirsiz nə deməkdir?! Bununla belə, şəxsən mən diqqətli yanaşıram. İlk olaraq insanın üzünə baxıram, sorğu-sual edirəm. Adamın üzünə baxanda bilinir ki, bunda nə problem ola bilər. Həmin şəxsin də problemi olub, amma deməyib, həkimi də çaşdırıb. Yəqin ki, onda baş ağrıları, ayaqlarında ağrılar, yüksək təzyiq olub. Bunların heç birini həkimə deməyib”.
İnfeksionist, “sonradan problem yaşanmasın deyə vaksinasiyadan əvvəl nə etmək lazımdır” sualına da cavab verib: “Canının sağlığına dəyər verən hər kəs ilk olaraq ümumi qan analizi verməlidir. Bu müayinə bədəndə nə proses gedirsə, hamısını göstərir. Peyvənd oldum, korona oldum deyirlər. Bu o demək deyil ki, peyvəndə görə oldu. O koronaya yoluxmuş olur, peyvəndi vurdurur, sonra üzə çıxır. Xəstəliyin inkubasiya dövrü bitir, kliniki dövrü başlayır, xəstəlik özünü büruzə verməyə başlayır. Adını da qoyurlar vaksindən oldu.
İnsanlara deyirsən qan analizi ver, deyir pulum yoxdur. Əksəriyyət “heç nə olmaz mənə, vur getsin” deyir. Ümumi qan analizinin qiyməti 30 manatdır. Amma ümumi şikayəti olanlar laxtalanma vaxtı verə bilər, analizin qiyməti də ucuzdur – 2 manat. Mən hesab edirəm ki, peyvənddən əvvəl hamı yoxlanmalıdır. Çünki hamı keçirib. Pul yoxdur deyib heç kim bunu etmək istəmir” .
Qeyd edək ki, TƏBİB-dən də dəfələrlə bildirilib ki, indiyə qədər “CoronaVac” vaksininin üçüncü faza tədqiqatları zamanı ölüm faktı qeydə alınmayıb: “Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya və anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər. Vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil. Səbəblər ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər ”CoronaVac” peyvəndinin üçüncü klinik faza tədqiqatları zamanı heç bir ölkədə ölüm halı müşahidə olunmayıb”.
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov isə bildirib ki, qoyulan hədəfə çatmaq üçün kütləvi vaksinasiya lazımdır: “Çox sayda insanda immunitet qazanılması xəstəliyin tez bitməsi üçün əsasdır. Güclü allergik reaksiyası olan şəxslərin peyvənd olunmamaq qərarını mütəxəssis verə bilər. Odur ki, allergiyası olan şəxslərin böyük əksəriyyəti peyvənd olunub və ciddi fəsad baş verməyib”.
Yeri gəlmişkən, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına əsasən, iyun ayının 7-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar “Pfizer” vaksinindən də istifadə edə biləcəklər. Bu vətəndaşlarımızın seçim imkanlarını daha da artırır. Həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Parlament Prospekti 76 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasında başlanacaq. 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.
Bunun üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.
Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir. Qeyd edək ki, “Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.
Afaq MİRAYİQ