Açıq satılan quru meyvələr, çərəzlər, müxtəlif ədviyyatlar sağlam qida kimi görünsə də, onların istehlakı müəyyən risklər daşıyır. Toz, çirk, həşərat, mikroorqanizmlər və düzgün saxlanmama şəraiti bu məhsulların keyfiyyətini aşağı salır, hətta sağlamlıq üçün təhlükə yarada bilər. Bu azmış kimi, alıcılar şikayət edirlər ki, piştaxtalarda uzun müddət qalması üçün həmin quru meyvələrə böcəklərə qarşı dərmanlar da vurulur.
Qida mütəxəssisi Ağa Salamov mövzu ilə bağlı fikirlərini bölüşdü

“Artıq sahibkarlar və qida ilə təmasda olan hər bir şəxs – istər satıcı olsun, istər sahibkar, istərsə də ictimai iaşə obyektləri – anlamalıdırlar ki, biz artıq viruslarla yaşayan bir dövrdəyik. 30–40 il əvvəl əsasən bir xəstəlik vardı – qrip. Amma bu gün görürük ki, xəstəliklərin sayı artıb və onların çoxu viral, bir qismi isə bakterial xəstəliklərdir. Bakterial xəstəliklər bəzən daha da təhlükəli ola bilir. Buna görə də hava və damcı yolu ilə yayılan viruslar, bakteriyalar, toz, sərbəst hissəciklər, həmçinin avtomobillərin qaldırdığı toz və küləklə daşınan çirklər qidaların üzərinə düşməməlidir. Yəni qidalar maksimum dərəcədə qorunmalı, saxlanma qaydalarına ciddi əməl olunmalıdır.
Açıq məhsullar satıla bilər, amma onların üzərində mütləq şəffaf qoruyucu örtük olmalıdır. Müştəri məhsulu görməli, eyni zamanda məhsul çirklənmədən qorunmalıdır. Məsələn, turşulara baxın, açıq satılır. Çörəklər də əksər hallarda açıq vəziyyətdə olur. Görün, neçə yerdə çörəyin üstü tam bağlıdır? Çox vaxt yalnız yarısı paketlənir, bu isə kifayət deyil.
Marketlərdə məhsulların üzərində şəffaf qoruyucu örtük olmalıdır, amma bir çox yerdə buna əməl edilmir. Bir vaxtlar bəzi marketlər bunu tətbiq etmişdi, tənqidlərdən sonra düzəlişlər edildi. Amma sonradan yenə bu qaydalara əməl olunmur. Bir sözlə, açıq şəkildə satılan məhsullar bu gün qida təhlükəsizliyi qaydalarına ziddir və qida təhlükəsizliyi baxımından düzgün hesab olunmur”.
Ekspert quru meyvələrə dərmanların vurulması məsələsinə də münasibət bildirib:
“Bəzi məhsullara kükürd vurulur, buna kükürd dioksidi deyilir. Məqsəd rəngin qaralmamasını təmin etmək, kiflənmənin qarşısını almaq və məhsulun satış müddətini uzatmaqdır. Əlbəttə, bunu bütün ədviyyat və quru meyvə satanlara şamil etmək olmaz. Amma fakt olaraq bu praktika mövcuddur. Xüsusilə xaricdən idxal olunan məhsullarda bu hal daha çox rast gəlinir. Çünki məhsullar uzun məsafə qət edir, bəziləri dəniz yolu ilə daşınır, nəmişliyə məruz qalır və saxlanma müddətində qorunması üçün kükürd dioksidindən istifadə edilir. Məhz buna görə tövsiyə edirik ki, yerli məhsullara üstünlük verilsin: yerli qoz, badam, fındıq və digər məhsullar seçilsin. Bunun həm sağlamlıq, həm də iqtisadi baxımdan böyük faydası var. Çünki valyuta ölkə daxilində qalır, xaricə axmır və yerli istehsalçı – zəhmətkeş kəndli və sahibkar – dəstəklənir.
Bundan əlavə, yerli məhsullar bizim iqlimdə yetişdiyi üçün dadı, ləzzəti və qida dəyəri daha yüksək olur. Rəqabətə davamlıdır və sağlamlıq baxımından da daha faydalıdır”.
Afaq Mirayiq











































































































































































