Plastik cərrahiyyənin populyarlığı illər keçdikcə artır. İlk dəfə rekonstruktiv məqsədlər üçün nəzərdə tutulsa da,sonradan bu cərrahi müdaxilələr çox milyard dollarlıq sənayeyə çevrildi. Daha rahat və daha sərfəli prosedurlar artıq bütün təbəqələrdən olan insanları bıçağın altına girməyə və seçdikləri bədən hissəsini kosmetik olaraq dəyişdirməyə cəlb edir. Bəs nəyin bahasına? Həqiqətən, plastik cərrahiyyə kifayət qədər risk daşıyır və bəzi ciddi yan təsirlərə malikdir.
Kosmetik proseduru nəzərdən keçirməzdən əvvəl bilməli olduğunuz çox şey var.
Asılılıq yarada bilər
Bir çox hallarda plastik cərrahiyyə insanın özünə inamını və əhvalını artırsa da, getdikcə asılılığa çevrilir.
Yaddaş problemlərinə səbəb ola bilər
2020-ci ildə edilən bir araşdırma silikon sinə implantları ilə beyin dumanı və yaddaş itkisi arasında əlaqəni tapıb. Adətən sinə böyütmə əməliyyatı keçirən qadınlarda implantlar xəstələiyə, yorğunluq və əzələ ağrısı da daxil olmaqla digər simptomlara səbəb olur.
İmmunitet sistemini zəiflədə bilər
Kosmetik prosedur immunitet sisteminizə zərər verə bilər. Bu, cərrahi əməliyyatdan sonra sağalmağa və bərpa olunmağa çalışan vücudunuz üçün çox stresli bir vəziyyətdir. İmmun reaksiyanızı zəiflədə bilər, sizi infeksiyalara və digər sağlamlıq problemlərinə daha həssas edə bilər.
Avtoimmun xəstəliklərə yol aça bilər
2019-cu ildə edilən bir araşdırmada silikon sinə implantları və revmatoid artrit kimi avtoimmun xəstəlik arasında əlaqə tapılıb.
Sinir zədələnməsinə səbəb ola bilər
Cərrahi müdaxilələr və kosmetik prosedurlar nəticəsində sinir zədələnməsi baş verə bilər. Xoşbəxtlikdən, tez-tez simptomlar müvəqqəti olur və adətən bir neçə ay ərzində yox olur.
Psixi sağlamlıq problemlərinə səbəb ola bilər
Estetik cərrahiyyə psixi sağlamlığınıza təsir göstərir. Axı siz görünüşünüzü dəyişirsiniz ki, bu da emosiyaların “dalğalanmasına” səbəb ola bilər. Beləliklə, estetik prosedur psixi sağlamlıq problemləri olanlara böyük təsir göstərə bilər.
Qan laxtalanması riskdir
Qan laxtalanması kosmetik əməliyyatlar da daxil olmaqla bir çox cərrahi əməliyyatlarda mövcud olan riskdir. Plastik cərrahiyyə xəstələri arasında ən çox rast gəlinən venoz tromboemboliya (VTE) ölümlə nəticələnə bilər.
Göyərmələr
Bəzən göyərmələr şiddətli ola bilər. Plastik əməliyyatdan sonra göyərmə gözlənilsə də, bəzən hematomlar şəklində çox ağır ola bilər. Bu, dərinin altında laxtalanmış qanın yığılmasıdır.
İnfeksiya qaçılmaz bir riskdir
İnfeksiya riski əksər cərrahi müdaxilələr üçün də ümumidir, lakin implantlar zamanı risk daha da artır.
Əslində, 2020-ci ildə aparılan bir araşdırma implanta əsaslanan sinə rekonstruksiyası əməliyyatlarının 35%-də infeksiyanın olduğunu göstərdi. Bunlar adətən, antibiotiklərlə effektiv şəkildə müalicə olunur.
Anesteziyaya mənfi reaksiya
Bu, hər hansı digər əməliyyatda da mövcud olan bir riskdir, lakin buna baxmayaraq, xəbərdar olmalısınız. Olduqca nadir olsa da, anesteziyaya pis reaksiya baş verə bilər və bir çox hallarda hətta ölümlə nəticələnə bilər.
Bağırsaq obstruksiyası
Postoperatif ileus estetik əməliyyatlar da daxil olmaqla əməliyyatlardan sonra yarana bilən mədə-bağırsaq problemidir. Xəstələrdə şiddətli qəbizlik, həmçinin qarın ağrısı və ürəkbulanma və qusma kimi digər simptomlar müşahidə olunur.
Həddindən artıq qanaxma
Bu, əməliyyat zamanı və ya sonra baş verə bilər. Əməliyyat masasında həddindən artıq qan itkisi baş verdikdə, qanköçürmə tələb oluna bilər, əməliyyatdan sonra baş verməsi isə xəstənin əməliyyat otağına qayıtmasını tələb edə bilər.
Qranulomalar
Minimal invaziv prosedurlar son illərdə çox populyarlıq qazanmışdır. Bunlara yumşaq toxuma doldurucuları, kimyəvi pilinqlər və botulinum toksin (Botox) inyeksiyaları və digərləri daxildir. Əməliyyatlarla müqayisədə daha az risk daşısalar da, qranulomaların inkişaf riski kifayət qədər yüksəkdir.
Çapıqlar qaçınılmazdır
Dərinizdə kəsik olanda çapıq əmələ gəlir, ona görə də plastik əməliyyat zamanı onlardan qaçış yoxdur. Hər hansı bir infeksiyanın düşməsi çapığı daha da pisləşdirə bilər.
Bəzi xəstələr keloid çapıqlarına daha çox meyillidirlər. Bu, çapıq toxumasının gözləniləndən daha çox böyüdüyü və daha böyük açıq çapıqlara səbəb olduğu zamandır.
Kəsik yerində ayrılma baş verə bilər
Əməliyyatdan sonra yaranın iki tərəfinin açılması baş verə bilər. Bu, nadir bir komplikasiya olsa da, evisserasiyaya səbəb ola bilər.
Orqan zədələnməsi baş verə bilər
Xüsusilə liposaksiya əməliyyatı keçirənlər üçün orqan zədələnməsi risklidir. Bağırsaqlar, qaraciyər və ağciyərlər kimi əsas orqanların liposaksiya vasitəsi ilə zədələnmə riski daha yüksəkdir. Müalicə edilməzsə, ciddi infeksiyaya səbəb ola bilər və ölümcül ola bilər.
Nubar Süleymanova