plastik emeliyyatlar

Plastik əməliyyatların qısaltdığı ömürlər

Baxış sayı: 630

Türkmənistandan olan 46 yaşlı Aylar Korhanova Türkiyənin Tuzla vilayətindəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.  Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra xəstəxananın iki həkimi saxlanılıb.

Şübhəlilər barəsində “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Xəstəxanada mədə botoksu etdirən bəzi xəstələrdə görmə problemi, yüksək təzyiq və ürəkbulanma kimi simptomlar yaşandıqdan sonra araşdırma başladılıb. Araşdırmalarda mədə botoksu etdirən xəstələrin daha çox İstanbul və İzmirdə əməliyyat edildiyi, müxtəlif vilayət və rayonlardakı xəstələr də daxil olmaqla cəmi 31 nəfərin eyni problemlə üzləşdiyi müəyyən edilib.

Qeyd edək ki, Türkiyə tibbi kifayət qədər öncül təbabətlərdən sayılır. O zaman belə ölüm halları niyə baş verir? Hansı qadınlar və ya hansı yaş qrupuna aid qadınlar üçün plastik əməliyyat əks-göstərişdir? Ümumiyyətlə, risk daşımayan plastik əməliyyatlar varmı? Ölüm hallarında daha çox həkim, yoxsa “gözəlləşmək” istəyən pasiyent günahkardır?

Azərbaycan Tibb Universiteti | Assistent Elşən Nəsibov

Tanınmış plastik cərrah Elşən Nəsibov mövzu ilə bağlı qeyd edir ki, hər bir əməliyyat risk deməkdir: “Heç kim heç nədən sığortalanmayıb. Əməliyyat, inyeksiya və yaxud hansısa prosedur vaxtı pasiyent anafilaktik şoka düşə, qanaxma baş verə bilər və sairə. Yəni insanların ölümlərini heç kəs əngəlləyə bilməz. Bəzən görürsən ki, pasiyent əməliyyat olunur, sağalır, amma səhər ayaq üstə duranda tromboemboliya olur, ölür. Yəni heç kəs əməliyyatdan sığortalanmayıb və bu təkcə Azərbaycanda deyil, dünyanın hər yerində belədir. Beləliklə, qeyd etdiyim kimi, hər bir əməliyyat risk deməkdir. O cümlədən, appendisit, yırtıq əməliyyatı belə riskdir. Məsələn, illər öncə bir qohumum yırtıq əməliyyatı olunmuşdu, hər şey qaydasında idi, səhər ayağa duran kimi tromboemboliya oldu, 2 dəqiqə çəkmədi dünyasını dəyişdi”.

Həkim əsasən hansı pasiyentlərin risk altında olduğunun açıqlayıb: “Yanaşı xəstəliyi olan, kök, 60-dan yuxarı yaşı olanlar, şəkərli diabeti olan xəstələr daha çox risk altında olur. Yəni bu məsələ ilə bağlı faktorlar çoxdur. Sadəcə, əhalimizin tibdən anlayışı yoxdur. Çünki televiziyalarımız əsasən şou proqramlar, evlilik, məişət qalmaqalları ilə bağlı verilişlər nümayiş etdirir. İnsanların başını belə şeylərlə qatmaq olmaz, maarifləndirici proqramlar təqdim etmək lazımdır.

Daha bir problem: insanlarımız vaxtında həkimə müraciət etmirlər. İndi icbari tibbi sığorta yaradılıb deyə, həkimə müayinə üçün müraciət edənlərin sayı artıb. Vaxtında həkimə müraciət etmək, xəstəlikləri ortaya çıxartmaq lazımdır. Əksər hallarda insanlar ən son anda həkimə müraciət edirlər, bu zaman da həkimlər artıq çarə, kömək edə bilmirlər. Bütün insanlar hər 6 aydan bir müayinələrdən keçməli, baş verən xəstəliyin ilk mərhələsindən artıq müalicəyə başlamalıdır.

Bu gün Yaponiyada mədə xərçəngindən ölüm faizi çox azdır. Çünki müayinələr nəticəsində xəstəlik aşkarlanır və dərhal müalicəyə başlanılır. Amma Azərbaycanda bir çox hallarda artıq əməliyyat da kömək etmir, çünki gecikmiş vəziyyət olur və günahkar olaraq da həkim bilinir. Əgər bütün həkimlər belə günahlandırılsa, heç gələcəkdə nəinki həkim, tibb bacısı da tapılmayacaq. Dünyanın hər yerində həkimlər çox dəyərləndirilir, amma ölkəmizdə bunu demək olmur”.

Elşən Nəsibov deyir ki, pasiyentlər əməliyyata girməzdən ilk öncə ağırlaşma ilə bağlı sənədi diqqətlə oxumalı, daha sonra qol çəkib, razılıq verməlidir: “Əgər həmin sənədi dərindən oxusasınız, siz əməliyyata razılıq verməzsiniz. Həmin sənəddə də qeyd olunub ki, narkozdan sonra, əməliyyat zamanı, əməliyyatdan sonra və yaxud evə gedəndən sonra ağırlaşma ola bilər. Amma bəzi həkimlər həmin sənədi gətirib oxutmadan deyir ki, bura qol çək, pasiyent də qol çəkir, hansısa səbəbdən dünyasını dəyişəndə həmin sənədi aparıb prokurorun qarşısını qoyur ki, pasiyent ağırlaşmaya razılıq verib, qol çəkib. Ona görə də insanları maarifləndirmək lazımdır ki, həmin sənədi oxuduqdan sonra qol çəksinlər”.

Həkim son illərdə gənc qızların estetik əməliyyatlara həddən artıq meylli olduğunu bildirib: “Sanki bütün qızları anaları əyriburun dünyaya gətirib. Əksər gənc qızlar 18 yaşı tamam olan kimi burnunu düzəltdirmək üçün estetik əməliyyata girir. Baxırsan ki, çinlilər kimi hamısının da burnu bir-birinə oxşayır. Daha bir məsələ: dünya ölkələrində olduğu kimi, Azərbaycanda da belə bir qanun var ki, estetik əməliyyat olunmaq istəyən şəxs mütləq şəkildə öncə psixoloqla danışmalıdır. Amma bizdə əksər hallarda bu qaydaya riayət olunmur”.

Elşən Nəsibov hansı xəstələrin əməliyyata girməsinin yolverilməz olduğunu da bildirib: “Bir çox xəstəliklər var, məsələn, nevroloji, SPİD, qan xəstəlikləri, ürək qüsuru, vərəm, şəkərli diabet, onkoloji xəstələr əməliyyata girməzdən öncə mövcud xəstəlikləri üzrə müalicə almalıdırlar. Məsələn, baxırsan ki, süd xərçəngi olan xəstə əməliyyata girmək istəyir. Bildiririk ki, öncə xəstəliyi ilə bağlı müalicə almalıdır, yəni əsas sağlamlıqdır, gözəllik deyil”.

Estetik əməliyyat etmək niyə maraqlıdır?

“Son zamanlar pasiyentlər daha çox hansı estetik əməliyyatlar üçün müraciət edir” sualımıza isə cərrah bu cür cavab verib: “Xanımlar gənc yaşlarında, əsasən də ailə qurmazdan əvvəl daha çox rinoplastika, ailə həyatı qurduqdan, ana olduqdan sonra isə abdominoplastika, mamoplastika əməliyyatlarına girmək istəyir. Amma düşünmürlər ki, yenidən ana ola bilərlər. Keçmişdə analarımız çox sayda uşaq dünyaya gətirirdi, heç bədənlərinin formasının pozulmasından bu qədər narahat olmurdular”.

Qeyd edək ki, plastik əməliyyatlardan heç də hamısı uğurlu olmur. Belə ki, xarici mütəxəssislərin hesablamalarına görə, hər 100 plastik əməliyyatdan 10-u uğursuz başa çatır. Bəzi ekspertlər bildirir ki, problemin əsas səbəblərindən biri Azərbaycanda pasiyentlərin psixoloq rəyi almadan birbaşa estetik cərrahla təmasda olması, əməliyyata girməsidir. Hansı ki, dünyanın demək olar ki, əksər ölkələrində pasiyentlər mütləq şəkildə psixoloq rəyi aldıqdan sonra əməliyyata girə bilir.

Sovet dövründə plastik əməliyyatlar çox az olub. Əsasən Moskvada mərkəzi klinikalarda bu cür əməliyyatlar aparılırdı və orada nəinki hərtərəfli müayinələr, həm də mütləq şəkildə psixoloqun icazəsi tələb olunurdu. Bu gün isə bu sistem demək olar ki, yoxdur.

Bəs ən çox müraciət olunan estetik əməliyyat hansıdır?

Məlum olub ki, dünyada ən çox müraciət edilən plastik əməliyyat “ritidektomiya” – sifət və boyun dərisinin dartılması əməliyyatıdır. Bu əməliyyat növü ötən əsrin əvvəllərində Avropada yaranıb, lakin uzun müddət gizlin saxlanılıb. “Liposaksiya” – bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü də dünyada geniş yayılmağa başlayıb. Bu əməliyyat isə ilk dəfə 20 il əvvəl Fransada yaranıb.

“Rinoplastik” burun əməliyyatları isə artıq adiləşməyə başlayıb. Bu əməliyyat zamanı burun kiçildilib, böyüdülür, yenidən formalaşdırılır, kiçik donqar götürülür, burun ucu incəldilir və s. Burun plastikasının Hindistan növü artıq 5 min ildir ki, mövcuddur.

Araşdırmalara görə, ölkəmizdə ən çox müraciət edilən plastik əməliyyat isə rinoplastik əməliyyatdır. Sonrakı sırada üz cizgilərinin dəyişdirilməsi, o cümlədən qırışların açılması, üzün və göz qapaqlarının dartılmasıdır. Digər sırada isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nahiyəsinin böyüdülməsidir. Bu əməliyyat plastik əməliyyatlar içərisində ən bahalı olanıdır.

Son vaxtlarda isə dərialtı piylərin xaric edilməsi əməliyyatları dəb halını almağa başlayıb. Botoks əməliyyatına gəldikdə isə təəssüflə qeyd etmək lazımdır ki, bu əməliyyat dünyada 45-50 yaşlı insanlar arasında aparılsa da, ölkəmizdə daha çox gənclər bu əməliyyata müraciət edir. Ən təhlükəsi isə bu əməliyyatın daha çox gözəllik salonlarında, qeyri-peşəkarlar tərəfindən aparılmasıdır. Buna görə də tez-tez botoks əməliyyatından həyatı təhlükəyə düşən insanlar haqqında məlumatlara rast gəlirik.

Özünü gözəlliyə qurban verənlər – “Estetik əməliyyat etdirən hər qadın xoşbəxt olmur”- ŞƏRH | 1news.az | Xəbərlər

Estetik əməliyyatın qurbanı olan məşhurlar…

İlk estetik əməliyyata girən və dünyasını dəyişənlər sırasında azərbaycanlı məşhurlar da var. Azərbaycanda ilk dəfə plastik cərrahiyyə əməliyyatı keçirən məşhur Xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı olub. O, burnunu əməliyyat etdirib. Onun ardınca Xalq artisti, müğənni Flora Kərimova əməliyyat stoluna uzanıb. İfaçı SSRİ dövründə iki dəfə plastik əməliyyat etdirib və hər iki əməliyyat Gürcüstanda baş tutub.

Məşhur Azərbaycan müğənnisi Nəzakət Məmmədovanın isə plastik əməliyyat etdirməsi həyatı bahasına başa gəlib. Rusiyanın Soçi şəhərində Anatoli Karol adlı plastik cərraha müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyərkən, bıçağın boğazdakı şah damara dəyməsi onun ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.

Müğənni Reyhan Müslümova isə plastik yolla çəkisini azaltmaq istəsə də, buna nail olmur. Əməliyyat stolunda keçinən müğənniyə əvvəlcədən şəkərinin çox olması səbəbindən ölə biləcəyi xəbərdarlığı edilsə də o, buna məhəl qoymayıb. Və elə əməliyyat stolundaca dünyasını dəyişib.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir