Bor çox xarici ölkələrdə “plastik qabı at, pul qazan” ifadəsi yazılan zibil qablarından istifadə edilir. Əhali istifadə etdiyi plastik tullantıların dövlət tərəfindən yerləşdirilmiş zibil qablarına atır və pul qazanır. Dövlət rəsmiləri isə bu tendensiya ilə həm ətraf mühiti təmiz saxladıqlarını, həm də əldə edilən plastik qabları xammal kimi təkrar istehsalda istifadə ediklərini bildirirlər.
Maraqlıdır, belə bir texnoloji sistemi Azərbaycanda da tətbiq etmək mümükündürmü?
Sualımızı cavablandıran iqtisadçı- ekspert Natiq Cəfərli bildirir ki, bu sahədə Azərbaycan çox gecikib:
“Belə bir tətbiq uzun illərdir, dünyanın bir çox ölkələrində var. Bu işdə həm ekoloji, həm də iqtisadi səmərə var. Belə proqramlarla bəzi ölkələr öz iqtisadiyyatlarına fayda verir. Artıq bütün dünya plastik qablardan istifadəni yox etməyi düşünür. Çünki plastik qablar təbiətə düşdükdə 600 il həzm olunmadan qalır. Bu da ətrafda çirklənmə yaradır.
Ona görə də bununla bağlı Azərbaycanda da bir sıra tədbirlərə ehtiyac var. Düzdür, paytaxtda bu fonda bəzi işlər görülüb. Məsələn, dənizkənarı parkda plastik qablar üçün xüsusi zibil qutuları quraşdırıblar. Amma bu da yetərli deyil.
Həmçinin bununla bağlı insanlarda iqtisadi maraq yaransa, həm ekologiyanın təmizliyinə, həm də plastik qabların ikinci, üçüncü dəfə yenidən istehsala qaytarılmasına imkan yaranar. Bu tendensiya iqtisadiyyata ciddi dərəcədə müsbət təsir göstərə bilər”.
Kənan Eynuroğlu