Plastik su qablarının təkrar istifadəsi yolverilməzdir. Birdəfəlik istifadə üçün nəzərdə tutulsa da, su qablarında sonradan süd, qatıq, turşu tərkibli məhsulların saxlanması hallarını müşahidə edirik. Bu zaman plastik qabların tərkibində olan kimyəvi maddələr aktiv hala keçir və qidaya qarışır. Həmin qida yeyildikdə insan orqanizmində zərərli maddələr toplanır.
Terapevt-qastroenteroloq Mətanət Cəfərova bildirir ki, təkrar istifadəni riskli edən, həm də onların hansı yolla əldə olunması məsələsidir: “Çünki, bəzi hallarda həmin qablar zibilliklərdən yığılır. Plastik qab deyərkən, biz sadəcə, su qablarını deyil, eyni zamanda, birdəfəlik istifadə olunan çəngəl, qaşıq, bıçaq, boşqab və stəkan kimi əşyaları da nəzərdə tuturuq”.
Mətanət Cəfərovanın sözlərinə görə, dispenserlərdə qoyulan plastik stəkanlardan yalnız soyuq su içmək üçün istifadə edilməlidir: “Həmin stəkanların isti çay, yaxud kofe üçün istifadə edilməsi yolverilməzdir. Yüksək istilik nəticəsində toksik maddələr çaya, kofeyə qarışır və birbaşa orqanizmə daxil olur. Plastik qablarda olan əsas təhlükəli maddə polivinil xloriddir ki, o təkrar istifadə və istilik nəticəsində konserogen maddəyə-vinil xloridə çevrilir. Bu qablardan davamlı istifadə bir müddət sonra ciddi fəsadlara gətirib çıxarır. Nəticədə insanlar xərçəng xəstəliyinə tutulur”.