Plastik tullantılar

Plastik tullantılar: ekoloji tarazlığın qənimi

Baxış sayı: 610

Ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. 1960-cı illərdə bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faizə qədər idi. Lakin hazırda bu göstərici 12 faizdən çoxdur. Ən əsası isə plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. Həmçinin yarım əsrdən sonra da plastik məhlul torpağa qarışaraq onu çirkləndirməyə davam edir. Plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur. Belə ki, dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur. Okeana atılan tullantıların 90 faizi də məhz plastikin payına düşür. Hər il okeanlara 150 ton plastik tullantı atılır. Okeanlarda böyük tullantı adaları əmələ gəlib. Hazırda 5 belə ada var. Onlardan ikisi Sakit, ikisi Atlantik, biri isə Hind okeanındadır. Plastik tullantılar vəhşi heyvan və quşların, balıqların ölümünə səbəb olur. Hər il milyonlarla dəniz canlısı plastik tullantılar səbəbindən tələf olur.Plastik və polietilen məhsullar yandırılarkən insan orqanizmi üçün zərərli kimyəvi maddə – dioksin ifraz olunur. Dioksin bənzər quruluşa malik kimyəvi maddələrin birləşməsindən formalaşır. Bu birləşmələr hidrogen, karbon, oksigen və xlor atomlarından ibarətdir.

Mütəxəssislərin fikrincə, plastik materialların isti su və ya birbaşa isti ilə təması nəticəsində də dioksin yaranır. Beynəlxalq Xərçəng Araşdırma İnstitutunun açıqlamasına görə, dioksin xərçəng xəstəliyi əmələ gətirir. Orqanizmə daxil olub yağ toxumasında yığılan maddənin xaric olması qeyri-mümkündür. Onun təsirinin azaldılması üçün dərman vasitələri yoxdur.

Alimlər qida məhsullarının plastik qablarda saxlanılması və qızdırılmasını da tövsiyə etmirlər. İstifadə müddəti orta hesabla 20 dəqiqə olan polietilen paketlər ümumi tullantıların təxmini 10 faizini təşkil edir. Statistikaya görə, bir ailə il ərzində təqribi 500 polietilen paket istifadə edir. Həmin paketlərin çürüməsinə 500 ildən çox vaxt lazımdır.

Polietilenin üzərindəki bakteriyaların çoxluğu səbəbi ilə paketlərdəki ərzaqlar daha tez xarab olur. Kip bağlanmış şəffaf paketdə kondensat əmələ gəlir və müxtəlif göbələklər inkişaf edir. Polietilen məhsullar dondurulduqda isə ondan insan üçün zərərli olan toksinlər ayrılır.

Ekoloq Aysəf Bayramov deyir ki, ölkədə  plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə, Ekologiya Təbii Sərvətlər Nazirliyi  tərəfindən təbliğat və maarifləndirmə işləri aparılır. Eyni zamanda, plastik qabların toplanması üçün şəhərlərdə və rayon mərkəzlərində əhalinin cəmləşdiyi ərazilərdə xüsusi konteynerlər qoyulub.Məqsəd plastik tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi, alternativ qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, təkrar emal bazarının möhkəmləndirilməsi, yeni iş yerlərinin açılmasından idarətdir.

Əsas məsələ plastik torbaların alternativi olan kağız, parça və sair bu kimi  çox işlənən qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsidir. Bunun üçün plastik torbaları əvəz edən qablaşdırma vasitələrinin istehsalının genişləndirilmə və istifadəçilərə təklif edilməsi nəzərdə tutulur. Respublikamızda ilkin olaraq təkrar istifadəyə yaramayan qalınlığı 15 mikronadək olan polietilen torbaların və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların istehsalı, idxalı, satılması qadağan olunub. Prezidentin fərmanı ilə “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanun qəbul olunub. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 46-maddəsinə “Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarəti, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadagandır” əlavə olunub. Bu qanunun müddəaları polietilen torbalara münasibətdə 1 yanvar 2021-ci ildən, birdəfəlik çubuq, çəngəl, qaşıq, bıçaq və stəkanlara münasibətdə isə 1 iyul 2021-ci ildən qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinə yeni 275.4 və 275.5-ci maddələri əlavə olunmuşdur. Bu maddələrin tələbləri pozulduqda inzibati xətanın bilavasitə obyekti olmuş plastik material müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüququ şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilirlər. İnzibati xəta cərimə qərarı qüvvəyə mindikdən 1 il müddətinə təktar törədilərsə onda plastik materiallar müsadirə olunmaqla vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə edilirlər.

Hər birimiz ətraf mühitin mühafizəsi və insanların sağlamlığı məqsədilə polietilen torbaların, plastik qabların alternativlərindən olan şüşə qablardan, parça və kağız torbalardan istifadəyə üstünlük verməliyik.

Ekologiya Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə genişmiqyaslı təbliğat kampaniyası aparılıb, plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici xarakterli çap və video materiallar hazırlanıb. Bu materialların yayılması ilə bağlı tədbirlər görülmüş, kütləvi informasiya vasitələrində və televiziya kanallarında davamlı olaraq maarifləndirici proqramlar və təbliğat-təşviqat tədbirləri həyata keçirilmiş, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri barəsində ictimai məlumatlılıq artırılıb.

Plastik qablaşdırıcıların selektiv toplanması və utilizasiya müəssisələrinə təhvil verilməsi sahəsində stimullaşdırıcı vasitələrin tətbiqi ilə bağlı təkliflər, təkrar istifadəyə yararlı qablaşdırma materiallarının və onların komponentlərinin tələb olunan təhlükəsizlik, gigiyena və sair tələblərə uyğunluğunu təmin etmək məqsədilə standartlara dair təkliflər hazırlanıb.

Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasının və ya verilməsinin qadağan edilməsi ilə əlaqədar “Ətraf mühitin mühafizəsi haqqında” Qanununda  və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə”  Qanun təsdiq olunub.

Nazirlikdən bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qablaşdırma tullantılarının toplanması üçün 37 şəhər və rayonda 153 konteyner yerləşdirib.  Alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə təbliğat işləri davam etdirilir, polietilen torbalara alternativ olan parça və kağız torbaların istehsalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşlər keçirilir. Həmçinin nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə beynəlxalq təcrübə öyrənilir: “Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Burada məsuliyyət təkcə nazirliyin üzərinə düşmür. Hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə də əhəmiyyətlidir. Azyaşlılara əllərindəki plastik qabları onlar üçün ayrılmış xüsusi konteynerlərə atılmasını başa salmaq ətraf mühitin mühafizəsinə dair atılmış kiçik, amma gələcəkdə nəticəsi böyük olacaq bir addımdır. Bundan başqa, hər birimiz plastik qabların alternativlərindən – şüşə qablardan, polietilen torbaların əvəzləyicisi olan parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik”.

 

Sevinc QARAYEVA

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir