Pnevmoniya çox təhlükəli xəstəlikdir. Baxmayaraq ki, hal hazırda pnevmoniyanın diaqnostikası və müalicəsi üçün ən effektli vasitələr mövcuddur, pnevmoniya hər il insanların ölümünə səbəb olur.
Bu xəstəlik xüsusilə yaşlı insanlar və uşaqlarlar üçün təhlükəlidir.
Pnevmoniya əsasən digər tənəffüs sistemi xəstəliklərinin fonunda (infeksion, virus və s.) inkişaf edir. Pnevmoniya müxtəlif mikroblar (pnevmokokklar, stafilokokklar), viruslar (qripp, paraqripp, adenovirus), göbələklər, birhüceyriləlilər tərəfindən törədilə bilər. Bəzən pnevmoniya zəhərli buxarların, qazların və s. ziyanlı maddələrin insanın nəfəs yollarına düşməsi nəticəsində inkişaf edir.
Pnevmoniya əsasən immun sisteminin zəifləməsi fonunda inkişaf edir. Belə zəifləmənin səbəbi soyuqlama, virus xəstəlikləri, immun sisteminini zəiflədən bəzi dərman preparatlarının qəbulu ola bilər.
Pnevmoniyanın inkişafı riski bu qrup insanlarda daha yüksəkdir:
– yaşlı insanlar
– kiçik yaşlı uşaqlar
– siqaret çəkən insanlar
– ağ ciyərin xroniki xəstəlikləri, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri və s. xroniki xəstəlikləri olan insanlar
– cərrahi əməliyyat keçirmiş insanlar. Pnevmoniya xəstəxanada müalicə alan insanda inkişaf edə bilər – buna “xəstəxanadaxili pnevmoniya” deyilir.
– anadangəlmə nəfəsalma sistemi patologiyaları olan insanlar
– müxtəlif səbəblərə görə immun sistemi zəifləmiş insanlar.
Pnevmoniyanın vaxtında aşkar olunması çox vacibdir. Bundan hətta insanın həyatı asılı ola bilər. Təəssüf ki, bəzən pnevmoniya özünün hec bir ciddi dimptomla büruzə vermir və bu halda diaqnoz çox gec qoyulur. Pnevmoniyadan sığortalanmaq üçün daim immun sisteminizi gücləndirin, virus və infeksiya xəstəlikləri düzgün və vaxtında müalicə edin, həkimin nəzarətində olun. Bu xüsusilə uşaqlar üçün vacibdir!
Xəstəliyin diaqnozunu terapevt və pulmonoloq birlikdə təyin edir. Diaqnozun dəqiqləşdirməsi üçün rentgenoqrafiya müayinəsi, qan analizləri, bəlğəmin analizi aparılır.
Pnevmoniyanın simptomları:
– hərarətin kəskin qalxması, titrəmə
– bəlğəmli öskürək (bəzən öskürəkdə qan izləri olur). Nəzərə almaq lazımdır ki, bəzən pnevmoniya zamanı öskürək olmaya bilər.
– sakit vəziyyətdə havanın çatışmaması hissi
– tərləmənin artması, zəiflik, baş ağrıları
– taxikardiya (ürək döyünməsinin artması)
– dərinin solğun olması
– dərin nəfəsalma və öskürək zamanı döş qəfəsində ağrılar.
Yüngül hallarda pnevmoniya ev şəraitində müalicə olunur. Lakin bir çox hallarda pnevmoniyanın müalicəsi xəstəxana şəraitində aparılır. Müalicə kompleks şəklində aparılır (antibiotiklər, virusəleyhinə, iltihabəleyhinə, bəlğəmgətirici preparatlar, inhalyasiyalar və s.). Müalicə fərdi şəkildə pnevmoniyaya səbəb olan törədicidən (mikrob, virus, göbələk) asılı olaraq seçilir. Müalicə zamanı fizioterapiya (maqnototerapiya, elektroforez, döş qəfəsi massajı, xüsusi tənəffüs gimnastikası) böyük rol oynayır.
Pnevmoniyanı heç bir xalq təbabəti üsulları ilə müalicə etmək mümkün deyil! Bu yalnız xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq!
Pnevmoniya ağır fəsadlar (ağ ciyərin ödemi, irinli prosess, ağ ciyərin toxumasının parçalanması və s.) verə bilər. Bundan əlavə pnevmoniya fonunda müxtəlif orqan və sistemlərdə ağır pozulmalar inkişaf edə bilər – ürək çatışmazlığı, böyrəklərin funksiyasının pozulması, nevroloji pozulmalar və s.