Müsahibimiz tamaşaçılara son vaxtlar daha çox səyahət verilişləri ilə tanış olan, “Turne”, indi isə eyni zamanda “Çox gəzən bilər” layihəsi ilə efirdə görünən Mirsəməd Cəfərlidir. Onunla turist təəssüratlarından, səfərlərdə başına gələnlərdən, şəxsi həyatından və bu kimi digər mövzulardan danışmışıq.
– Mirsəməd bəy, başlayaq soyadınızdan? Deyəsən, ondan yalnız rəsmi sənədlərdə istifadə edirsiz…
– Demək olmaz ki, yalnız rəsmi sənədlərdə istifadə edirəm. Ailəmizin soyadı Cəfərov olub, sonradan mən onu milliləşdirərək Cəfərli etdim. Bu, çoxdan olub, 2000-ci illərin əvvəllərində. Facebook-da filanda “Mir Səməd” adını görən bəzi xarici yoldaşlar elə düşünür ki, Mir mənim adımdır, Səməd isə soyadım.
– Jurnalistikaya gəlişinizi necə xatırlayırsız?
– 1997-ci il idi. Yeni televiziya şirkəti üçün müxbirlərin, jurnalistlərin axtarılması barədə elan dərc olunmuşdu. Söhbət “Space” televiziyasından gedirdi. Həmin vaxt bu televiziyanın yerləşdiyi “Bakı soveti” metrosunun qarşısındakı binaya gənclər ordusu yığılmışdı. Səhv etmirəmsə, 1000-dən artıq müraciət olmuşdu, onlardan 357 nəfəri müsabiqə üçün buraxılmışdı. Həmin müsabiqədə “Xəbərlər” departamentində işləmək üçün 12 nəfər seçilmişdi, onlardan biri də mən idim. Yəni o xoşbəxtlərdən biri də mən idim. Deyim ki, indiyədək də o 12 nəfərin əksəriyyəti ilə bizim dostluğumuz davam edir. Münasibətlərim çox yaxşı səviyyədə qalıb, bir-birimizin xeyir-şərində iştirak edirik.
Jurnalistikaya gəldiyim dövr çox yaxşı dövr idi, çünki həmin illərdə televiziyaların inkişafı vüsət almışdı. Həmin vaxt “Sara” və ANS televiziyaları var idi. “Space” də çox böyük sürətlə bu rəqabətə qoşuldu. Bizim departamentin işi də çox yüksək qiymətləndirilirdi. Ümumiyyətlə, “Space” yeni yarananda bu televiziyaya “ziyalı televiziyası” deyirdilər, çünki kanalın rəhbərliyi maksimum səylə çalışırdı ki, bu televiziyanın işi, proqramlarının formatı, keyfiyyəti fərqlənsin, verilişlər daha yüksək zövqdə olan auditoriyanı əhatə etsin. Buna görə də proqramların keyfiyyətinə çox böyük diqqət yetirilirdi.
– Gəzməyə nə vaxtdan başlamısınız?
– Uşaq vaxtımdan. İlk dəfə atam mənim üçün “putyovka” almışdı, o vaxtlar şagirdlərin, pionerlərin səfərləri təşkil olunurdu. Qatarla SSRİ-nin müxtəlif respublikalarına gedirdilər, daha çox yay və qış tətilinə təsadüf edirdi bu səfərlər. Mən də həmin illərdə Baltikyanı ölkələri gəzmişdim. Oxuduğum S.Pişəvəri adına 4 nömrəli fars təmayüllü internat məktəbdən maraqlı səfərlər təşkil edilirdi. 6-cı sinifdə Moskvaya, 9-cu sinifdə Kiyevə səfər etmişdik. Belə gözəl ənənələr var idi uşaqlar üçün, mən də bu ənənələrdən gen-bol yararlanmışdım.
– Sovet insanı üçün dünyanı gəzmək əlçatmaz arzu idi. Rejim Avropadan bu sistemin necə görünəcəyindən narahat idi. Sovetlər dövründə ölkə hüdudlarından çıxmaq qismət olmuşdumu?
– Bəli. Həmin illərdə sovet ölkəsi hüdudlarında çıxmaq mənə də qismət olmamışdı. Yalnız 1993-cü ilin avqustunda Birləşmiş Ərəb Əmirliklərinə səfər etdim. İxtisasca ərəbşünasam, istədim bir ərəb ölkəsində olum, gəldim həmin ölkəyə və gördüm ki, bu ölkə ərəb ölkəsindən daha çox Avropa ölkəsinə bənzəyir. Çünki o qədər çox mühacir var idi ki, ümümişlərk dil ingilis dili idi, az qala hər kəs bu dildə danışırdı. Yadımdadır ki. O vaxt xeyli qəzet və jurnal götürüb Bakıya daşımışdım ki, ərəb dilinin praktikası üçün onlardan istifadə edim.
– Dünyanın neçə ölkəsində olmusunuz?
– Saymamışam, azalar. (Gülür-red.)
– Neçə gün evdən uzaqda qala bilirsiz?
– Belə deyim, kritik gün yoxdur, ancaq bir müddət sonra, obrazlı desək, burnunun ucu göynəyir, xüsusilə uşaqlar üçün, onların isti nəfəsini hiss etmək istəyirsən, onlarla söhbət etmək, vaxt keçirmək istəyirsən.
Ancaq onu da deyim ki, səyahət verilişindən öncə xarici ölkələrdə müxbir işləmişəm – Lider Televiziyasının ərəb ölkələri, yaxın şərq ölkələri üzrə müxbiri olmuşam. Daha sonra Belçikada, Baltikyanı ölkələrdə işləmişəm, elə vaxtlar olub ki, 3-6 ay evdən kənar qalmışam.
Təbii ki, insan ayrılığı, darıxmağı hiss edir, bu, onu narahat edir.
-Ən maraqlı və ən maraqsız ölkə barədə. Getdiyinizə peşman olduğunuz ölkələr də olubmu? Və əksinə, gözlədiyinizdən artığı ilə qarşılaşdığınız necə?
– Ən maraqlı ölkə anlayışı mənim üçün yoxdur. Çünki çalışıram ki, hər bir ölkəni özüm üçün maraqlı edim, ordan nəsə elə bir şey tapım ki, başqalarından fərqlənsin – təbiəti, adət-ənənələri, inkişafı və ya nəsə başqa bir baxımdan.
Ancaq maraqsız ölkələr bəzən olur. Məsələn, Slovakiyada olmuşdum, açığı, o ölkə məni heç açmadı. Qonşuluğundakı Çexiya ilə heç müqayisə olunası deyil. Çexiya çox rəngarəngdir, maraqlıdır, gözəldir, Slovakiya isə əksinə, o qədər də maraqlı deyil.
Bir də bir sıra ərəb ölkələri var, kiçik ölkələrdir, infrastrukturu olduqca yüksək səviyyədədir, – neft monarxiyalarıdır, kapital var, gözəl işlər görülüb, ancaq o ölkələrdə də turisti cəlb edə biləcək çox iş görülməyib. Nəhayət, indi başa düşüblər ki, neft əbədi deyil, gəlin biz də turizmi inkişaf etdirək. Məsələn, bu fikirləri Qətərə aid etmək olar. Qətərə turist kimi getmək uzun illər çox çətin olub, hətta təsəvvür edin ki, 70-ci illərdə bu ölkəyə turistin gəlməsi üçün Qətər əmiri icazə verməliymiş. İndi isə onlar da çalışırlar ki, turistləri ölkəyə cəlb etsinlər.
Gözlədiyimidən artığı ilə qarşılaşmaq məsələsinə gəlincə isə Sinqapuru qeyd edə bilərəm. Kiçik ölkədir, mən ordakı inkişafı, nizam-intizamı, qayda-qanunu görəndə heyrət hissi keçirmişdim.
– Məsələn, nələrdən?
– Maşını harda gəldi park etmirlər, hardan gəldi yolu keçmirlər, metroda nəsə yemək olmaz və s. Hər şey səliqəli və sanki bir intizama tabedir.
– Bizdəki kimi?
– Biz şərqliyik, məncə, yalnız cərimələr və möhkəm əllə biz nizam-intizam qura bilərik.
– Səyahət proqramına başlayarkən bu formatla tanışlıq üçün yəqin bənzər televiziya proqramlarını araşdırmışdınız.
– Mənə daha çox Rusiya televiziya məktəbi ləzzət edir, onların peşəkarlıqla hazırlanmış proqramlarına çox baxmışam, dünya gör-götür dünyasıdır, müəyyən şeylər götürmüşəm, ruslarda belə layihələrə maraq bizdən çoxdur, onların televiziyalarında maarifləndirici, intellektual proqramlara daha çox yer verilir,
– Qayıdaq səfərlərə. Yemək, qida problem olurmu? Yerli təamlara uyğunlaşmayıb məcburi aclıq aksiyası keçirməli olmusunuzmu?
– Yox, belə problem olmur. Çalışırıq ki, səfərlərdə universal qidalar tapaq. İt-qurbağa, pişik filan yeyən deyiləm, ancaq tutaq ki, ilkin görkəmi o qədər də cəlbedici görünməyən dəniz canlıları var, onlar hazırlananda çox gözəl dadırlar və onları yeməmək mümkün deyil. Mənə elə gəlir ki, onlar hamısı halaldır, təmizdir, çünki suda yaşayırlar. Ancaq məsələn, olub ki, çəkiliş qrupumuzda operatorlar var, onlar yalnız bizim milli mətbəxdən qidalanmağa alışıblar. Belə halda, biz çıxış yolunu fast-food-larda tapırıq. Ya da yeməyə oturarkən öncədən xahiş edirik ki. ət, toyuq, kartof olsun. Bir sözlə, şükür Allaha, aclıq aksiyası olmayıb.
– Biz elə bilirik ki, məsələn, Tailandda, Çində, Yaponiyada ancaq qırxayaq yeyirlər? Avropanlıların fərli bir yeməyi yoxdur və s. Elədir?
– Yox, təbii ki. Onların da dadlı, eyni zamanda bizim mətbəxə uyğun olan qidaları, yeməkləri var. Toyuq, qa və ördəkdən çox gözəl yeməklər bişirirlər. Xüsusilə Taylandda dəniz məhsulları çox yayılıb, çox dadlı bişirirlər bu qidaları. Turistlərin arasında məhz bu mətbəxə görə gələnlər çox olur. Orada qiymətlər də Avropa ilə müqayisədə çox ucuzdur və ən əsası dəniz məhsulları hamısı təzədir, dondurulmuş deyillər.
Avropalıların da gözəl yeməkləri var. Məsələn, onları əti bizə nisbətən daha canlı, daha çiy yeyirlər, məsələn, ət sifariş edirsən, soruşurlar ki, qanlı istəyirsiniz, yarımqanlı, yoxsa yaxşı qızarmış. Mənsə, sifariş edəndə “yaxşı, yaxşı, yaxşı qızarmış” olsun deyirəm, yəni qanlı qalmasın. Ancaq yen də görürsən ki, tamamilə qızartmırlar, yəni onlar təsəvvür etmirlər ki, əti necə tam olaraq qızartmaq olar?!
Deyim ki, İtaliya mətbəxini çox bəyənirəm. Onların pizzaları, spagettisi, lozanyaları füsünkardır.
– Səfərlərdə fors-major hallarla rastlaşdığınız olubmu heç?
– Məsələn, dələduzlarla rastlaşdığımız olub. Çəkiliş apardığımız zaman gəliblər ki, biz polisdənik. Portmanatımızı aldılar, içinə baxdılar, sonra gördük ki, içindən müəyyən qədər pul götürüblər. Ancaq sağ olsun, həmin ölkənin polisi o vəsaitin bizə qaytarılmasını təmin etdi.
– Hansı ölkə idi bu?
– İstəməzdim, hansı ölkə olduğunu deyim, ölkənin imicinə bir hadisəyə görə xələl gətirməyək.
– Bizi tanıyırlarmı?
– Bəli, əvvəllər tanımırdılar, ancaq indi vəziyyət kifayət qədər dəyişib. Dövlətimiz tərəfindən həyata keçirilən layihələr, aksiyalar, promotion tədbirlər sayəsində artıq ölkəmiz tanınır. Beynəlxal telekanallarda verilən reklamlar, roliklər öz nəticəsini verir. Azərbaycanı şərqin ayrılmaz hissəsi kimi, zəngin tarixə malik ölkə kimi tanıyanlar haqqımızda çox pozitiv fikirdədirlər. Adamın da ürəyinə yağ kimi yayılır ki, sənin ölkəni belə gözəl təqdim edirlər. Bəzən də olur ki, erməni təbliğatı nəticəsində yanlış informasiyalara sahib olanlar olur. Açırsan telefonu göstərirsən ki, bax, Azərbaycanın bu torpaqları işğal olunub, tarixi həqiqət nədir və s. Bax, onda gözləri bərələir və deyir ki, mən heç bunu bilmirdim.
Çalışıram, xaricdə olarkən ölkəmiz, xalqımız haqqında məlumatlar verim, məsələn, deyirəm ki, bilirsinizmi ki, Azərbaycan xalqı daha çox qonşu İran dövlətinin ərazisində yaşayır? Bunu təəccüblə qarşılayırlar. Onda izah edirəm ki, İran dövlətinin ərazisində iki böyük ostanlıq – Şərqi və Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların sayı müstəqil Azərbaycanda yaşayanlardan çoxdur. Onda bizi böyük bir xalq olaraq qəbul edirlər.
– Avropalılar üçün biz yalnız neft ölkəsiyik, yoxsa başqa informasiyalar da var?
Yox, yalnız neft ölkəsi deyilik. Xüsusilə ölkəmizdə keçirilən idman tədbirlərindən sonra – Avropa oyunları, Gimnasitika və Formula-1 yarışlarından sonra bizi daha çox tanıdılar. Bəli. Bunlar nə qədər çox xərc aparan tədbirlər olsalar da, belə tədbirlər effekt verir və ölkəmizi daha çox tanıyır, bizə daha çox maraq göstərirlər. Xüsusilə yüksək səviyyəli infrastrukturun qurulması yaxşı haldır və xaricilər ölkəmizə gələrkən təəccüblərini gizlədə bilmirlər.
– Qarabağ münaqişəsi barədə müzakirələriniz olubmu hansısa uzaq ölkələrdə?
– Nəinki olur, çalışırıq hər dəfə bu barədə həmsöhbətlərimizə məlumatlar verək. Ancaq bilirsiniz necədir, gəlin səmimi olaq, əcnəbilər üçün Qarabağ münaqişəsi o qədər də maraqlı mövzu deyil. Tutaq ki, bizim üçün uzaq Afrikadakı Saxara problemi nə qədər maraqlıdır?! Lap tutaq ki, katalonların İspaniyadan ayrılmaq istəyi olsun – bizim üçün nə qədər maraqlıdır? Nə qədər təfərrüatlarına, detallarına varırıq bu məsələlərin? Xaricilər də Cənubi Qafqazda belə bir münaqişənin olduğunu bilirlər, ancaq detalları ilə maraqlanmağa meyl etmirlər, onlar üçün bunun bir əhəmiyyəti yoxdur, kim haqlıdır, kim haqsız. Amma ümumilikdə müzakirələrimiz olur və çalışıram ki, bütün həqiqətləri diqqətə çatdırım.
– Ailəvi səyahətlər də olurmu?
– Bəli, belə də olub bəzən.
– Tək səfərləriniz necə qarşılanır evdə? Uşaqların aksiyaları təşkil olunurmu?
– Yox, uşaqların aksiyaları təşkil olunmur. Əgər onlar bilirlərsə ki, hədiyyə ilə qayıdacaqsan, onda öz razılıqlarını bildirirlər (gülür – V.M.) Yəni hər halda veto qoymurlar.
– Mətbəx bacarıqlarınız varmı? Yoxsa yalnız qayğanaq?
– Təəssüf ki, o qədər də yüksək deyil. Kartof, qayğanaq bişirməyi bacarıram. Əvvəllər xaricdə yaşayanda toyuq filan bişirmək istəyəndə tez-tez evlə, yoldaşımla əlaqə saxlayırdım ki, bunu necə qızardım, qızartmazdan öncə suda bişirmək lazımdırmı? Belə şeylər olurdu. Nəticədə, nəsə alınırdı, ancaq hiss ediridm ki, usta deyiləm.
– Bazarlıq məsələlərinə kim baxır?
– Bu işlərə, təbii ki, mən baxıram. Marketə, bazara getmək mənlikdir, ancaq xırda alış-verişlər, gündəlik tələbat mallarının çoxusunu oğlum alır.
– Bir qədər də yeni layihəniz barədə. İstənilən effekti verirmi?
– Bəli, verir. Çünki “Turne” proqramı daha çox coğrafi, maarifiləndirici veriliş idi. Orda çalşıram ki, daha çox məlumat verim, o proqram yeni məlumatlar almaq istəyən auditoriya üçün nəzərdə tutulub, yəni ölkənin tarixi, yerləşdiyi region, xalqların adət-ənənələri və s barədə məlumatlar verilir. Amma “Çox gəzən bilər” isə geniş tamaşaçı auditoriyasına hesablanıb.
– Bu cür format dəyişikliyi hansı zərurətdən yarandı?
– İstədik ki, bir qədər əyləncə qataq. Mənim gənc həmkarım verilişə rəng qatmağa çalışır. Bəzən deyirlər ki, sizin yaşınızda çox fərq var, intellektual səviyyədə, təcrübədə fərq var, ancaq deməliyəm ki, Fərid gənc olmasına baxmayaraq özünü təsdiq etmiş bir aparıcıdır, televiziyadakı ampluası başqadır, özünün çox gözəl hazırladığı veriliş var, eyni zamanda bu proqramın da aparıcılarından biridir. Mən bu verilişi məlumatla yükləyirəm, o isə proqrama rəngarənglik, əyləncə qatır.
– Gəzinti hara kimi davam edəcək?
– Biz Bakıdan başladıq, 7-8 ölkədən keçməklə Parisə qədər getdik. Bu, ilk dəfədir, bizim telejurnalistikada belə səyahət proqramı olmamışdı. Daha sonra payızda başqa bir marşrutla Avropa ölkələrindən keçərək Bakıya qayıtdıq. Ümumilikdə, həmin maşın 13 min km yol qət etdi. 19 günə getdik, 18 günə qayıtdıq, 10 proqram gediş, 8 veriliş qayıdışdan hazırlayırıq.
Ancaq indi gəzintimizin başqa marşrutları seçilir, bir neçə şirkət var ki, bizə maraq göstərirlər, artıq başqa qitəyə keçirik, ora da səfərlərimiz, çəkilişlərimiz olacaq. Yəni maraqlı layihələr olacaq inşallah.
Söhbətləşdi: Vüsal Məmmədov