Xəbəri ya İlqar Tağıyev gətirdi, ya Rövşən Sultanov, bax, bu yadımda deyil. Yadımda qalan bircə budur: Redaksiyada mənimlə yanaşı əyləşmiş Vaqif Əlixanlı gözünü qəzetdən ayırıb, eynəyini gözündən aldı.
– Nə danışrsan sən?
– Hə, Vaqif müəllim, gecə rəhmətə gedib…
Xəbər çox pis təsir etmişdi, Vaqif müəllimə. Bir xeyli redaksiyanın içində var-gəl elədi. Sonra redaksiyadan çıxdı. Bir xeyli dolaşdı bayırda. Haradasa bir saat. Geri qayıdanda da özündə deyildi. Qurbanla (Yaquboğlu) zarafat edib, əhvalını düzəltmək istədik. Amma bacarmadıq. Qələmini götürüb, o biri otağa keçdi… Səhəri “Rezonans”da çıxacaqdı həmin yazı: “Banış oyyy”
Banişevski ölmüşdü həmin gün, dekabrın 7-si…
Ona “Banya” da deyirdilər, “Banış” da, “Qızılbaş” da. Ruslar isə – hə, qəsdən belə yazdım, bir azdan biləcəksiniz – “Tolik” çağırırdı onu. Bakılıydı, ömrünün sonunacan da bakılı olaraq qaldı. Torpağı sayı yaşasın, ustad Şakir Yaquboğlu onun haqqında bir yazı yazmışdı: “Azərbaycanlı molokan”.
Deyir, 1991-ci ilin avqustudur. Hələ cavan olan (cəmi 45 yaşı var!), lakin zahirən azı 60 yaşlı qocanı xatırladan Anatoli Andreyeviç Banişevski unudulmaz həmkarımız Adil Qaçayoğluna “Ülfət” qəzeti üçün müsahibə verir: “Mən siyasətbazlığı öz ləyaqətimdən aşağı sayıram, siyasətlə həqiqi mənada məşğul olmaq isə mənim imkanlarımdan xaricdir. Amma qanlı yanvar günlərində ürəyimdən bir hiss keçdi: “Bu çətin dövrdə hətta məni qovan da olsa, Bakıdan getməyəcəyəm”. Heç kəsə deməmişəm, indi sizə deyirəm: hətta bir gün Azərbaycan SSRİ-dən ayrılsa, mən yenə də bu respublikanın vətəndaşı olaraq qalacağam… Kiminsə xoşuna gəlmək üçün demirəm: mən Azərbaycanın çörəyi ilə böyümüşəm, elə xaraktercə də azərbaycanlıyam… Mən “Neftçi”ni ölkədə heç bir kluba, Bakını isə heç bir şəhərə dəyişməmişəm, dəyişmərəm də. Mən köklü bakılıyam: burada doğulmuşam, burada da öləcəyəm…”
Belə bir insan idi Banış-Banya-Qızılbaş.
Mübaliğəsiz, Azərbaycan futbolunun yetişdirdiyi ən böyük simadır. Lütfən, Ələkbər Məmmədov-filan deməyin. Milliyətcə rus Banişevskidən fərqli azərbaycanlı Məmmədov “Neftçi”ni atıb getmişdi, Moskvaya, “Dinamo”ya . Banişevski isə ömrünün sonunacan “Neftçi”yə Bakıya, Azərbaycana sadiq qalmışdı. Və o, təkcə dahi futbolçu deyildi. O, əsl azərbaycanlıydı həm də. Moskvanın iddialı klublarından dəfələrlə təklif almışdı, amma Bakını Moskvaya dəyişməmişdi.
1946-cı il fevralın 23-də Bakıda dünyaya gəlmişdi. 1964-cü ildə “Neftçi”də debüt etmişdi. “Neftçi”nin 9 nömrəli futbolkasını düz 14 il daşımışdı. SSRİ çempionatlarında 288 oyunda 121 qol vurmuşdu.
1966-cı ildə “Neftçi”nin heyətində SSRİ çempionatının bürünc medalını qazanmış “Banya”, həmin il yığma komanda ilə dünya çempionatının yarımfinalında oynadı. Ümumilikdə, SSRİ yığmasının forması ilə 50 matçda meydana çıxmış Banişevski, 19 dəfə rəqib qapılarına yol tapmışdı.
Ən möhtəşəm qollarının birini isə Braziliyaya vurmuşdu.
1965-ci ilin 21 noyabrında. “Marakana”da, 123 min azarkeşin gözü qabağında. 19 yaşlı bu bakılı balası. Başla, 20-25 metrlikdən. Stadion bir anlığa donmuşdu. Pele isə ağzını açıb nə baş verdiyini anlamaq istəyirdi. Və birdən qəfil alqışlar. 123 min azarkeş qola görə sovet futbolçusunu ayaq üstə alqışlayır…
Vaqif müəllim o yazısında bir maraqlı məqama toxunur. Deyir, vaxtından əvvəl doğulmuşdu. 30 il gec doğulsaydı, “Barselona”da, “Ayaks”da, “Yuventus”da oynayacaqdı. “Ancaq fikirləşirəm ki, heç yana, heç İngiltərəyə də getməzdi. Yadınızdadırmı, SSRİ futbolunun gözü sayılan komandalardan hansı biri qalmamışdı ki, Banişevskiyə yalvarmasın. Moskva, Kiyev, Leninqrad. Ona kralsayağı həyat, quş iliyi, can dərmanı vəd edirdilər. Kişi kimi heç hara getmədi, Bakını heç yerə dəyişmədi. İndi məlum olur ki, “Banişevski Bakısız yaşaya bilməzdi”.
Elə Bakıda da azarkeşlər onu çox sevirdilər. Mərhum jurnalist Adil Qaçayoğlu bir dəfə yazmışdı. Demək, Bakıda “Neftçi” “Ararat”la qarşılaşır. O dövrdə bu qarşılaşmanın nə demək olduğunu orta və yaşlı nəsil gözəl bilir. “Ararat”a uduzmaq, özünə ölüm hökmü kəsmək kimi bir şey idi az qala.
“Həmin oyunda, həmişə olduğu kimi, azarkeşlər yalnız qələbə tələb edirdilər, oyunsa istənilən məcrada getmirdi. Dünya çempionatında aldığı zədəni tam sağaltmadan və mundialın yorğunluğunu canından çıxarmadan doğma meydana dönən Banişevski heç özünə bənzəmirdi. Buna görə taleyin axır ki, “Neftçi”nin üzünə güldüyü məqamda – ermənilərin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunarkən penalti nöqtəsinə Eduard Markarovun (adətən bu “vəzifə”ni o yerinə yetirirdi, sonralarsa komandanın “ştatlı penaltisti” Valeri Hacıyev oldu) yox, “Banış”ın yaxınlaşması hamını təəccübləndirdi”.
Sən demə, erməni Markarov Banişevskiyə yalvarıb ki, gəl, penaltini sən vur. “Banya səbəbini soruşub. Markarovun cavabı qısa olub:
– Tolik, mən penaltini vurammasam, deyəcəklər ki, ermənidi. Məni bağışlamazlar, amma səni bağışlayacaqlar. “Banya” penalti nöqtəsinə yaxınlaşmışdı və onu qola çevirə bilməmişdi. Və…
Və azarkeşlər onu bağışlamışdılar, təbii.
Vaqif müəllim deyir ki, Banişevskinin toyu Bakıda az qala bayrama çevrilibmiş. “Bilmirəm, köhnə bakılılarla söhbət edəndə belə bir ifadə eşitmisiz, ya yox? “Banişevskinin toyu olan il”. Banişevskinin toyunda az qala Bakının yarısı ordaymış”.
İrina xanımla evlənmişdi Banişevski. Müsahibələrin birində İrina xanım xatırlayır:
“İndiki kimi yadımdadır, 1965-ci il idi, 9-cu sinifdə oxuyurdum. Bir gün Banişevski məktəbimizə bədən tərbiyəsi dərsinə gəldi. Sarışın, kürən oğlan idi. O zaman onun familiyası hər yerdə məşhur idi. Gördüm ki, mənə çox diqqətlə baxır. Halbuki orada məndən də gözəl qızlar vardı. Amma o, təkcə mənə baxır, dostuna da deyirmiş ki, bu qız mənim həyat yoldaşım olacaq”. Və olur da. Amma bir problem çıxır ortaya sonradan. O vaxt İranın 17, “Banya”nın 20 yaşı varmış. Amma İranın yaşı kəbin kəsdirməyə çatmırmış. Bu problem isə ən yüksək səviyyədə həll edilir. İstisna hal kimi kəbin kəsilməyə icazə verilir. Qosqoca SSRİ-nin qanunlarını pozurlar Banişevskiyə görə.
Hər şey yaxşı gedirdi onun üçün. Futbolçu kimi yaşıl meydançanı tərk edəndən sonra məşqçiliyə başlamışdı. Və bir gün sovet dövləti onu Burkina-Fasoya göndərmişdi, bu ölkənin mili komandasını çalışdırmağa.
Hə, lənətə gəlmiş Burkina-Fasoda, 15 oktyabr 1987-ci ildə küçədəki səs-küyə oyanır. Yaşadığı otel paytaxt Uaqaduqunun mərkəzində, prezident sarayının qarşısındaydı. Otelin eyvanına çıxanda dəhşətə gəlir. Üsyançılar prezident Tomas Sankaranı devirmişdilər. Elə otelin qarşısındakı meydandaca qətlə yetirdilər. “Banya” şokdaydı. Tez-tələsik vətənə, SSRİ-yə qayıtmaq istəyirdi. Və qayıdacaqdı da. Amma özüylə bərabər qoxudan qazandığı şəkəri də aparacaqdı.
Bacısı Lidiya Andreyevanın xatirələrindən:
– Toliki təcili Moskvaya gətirmişdilər. Şəkər komasına düşmüşdü. 10 gün reanimasiyada qaldı. Moskvada Endokrinologiya İnstitutunda. Amma az xeyri oldu. Yaddaşını belə itirmişdi. Həyat yoldaşı İrina onu bayıra buraxa bilmirdi. Mütləq əlinə bir vərəq verirdi. Həmin vərəqdə isə yazılırdı, hara necə get, nə al, hansı avtobusa, tramvaya min. Təsəvvür edirsiz, 45 yaşında bir adama!
“Banya” üçün isə bütün bunlar ağır idi. Özünü sakitləşdirmək üçün arağa güc vermişdi. Badə isə onun axırına çıxdı. İrina dözəmmədi sonacan, qızları Milena və Marinanı böyütməliydi. Və bir gün Toliki evdən qovdu. Və bir qəpiksiz. Tolik qazanxanaya getdi evindən və ən dəhşətli günləri də elə burada başladı. Səidə xanım ona yiyə duranacan. Onda… Onda isə gec idi. Şəkər Banişevskini yemişdi artıq. Və 1997-ci ilin dekabrında canını da aldı.
Və sonda…
“Neftçi”də “Banya”nın 9 nömrəsi az qala bütün qitələri gəzib. İndi isə onu özünə klub tapma bilməyib “Netfçi”yə üz tutan hansısa Uqo Barqas daşıyır. Əbədiləşdirin də bu “9”-u, cənablar, beləmi çətindi?…
Səbuhi MƏMMƏDLİ