Sosial baxımdan bütün dünyada gərginlik, qarışıqlıq var. İnsanların şüurunda, davranışlarında elmin, tibbin hələlik baş açmadığı dəyişikliklər baş verir. Gözlənilməz reaksiyaları, qəddarlıqları, aqressiyanı kimi GMO qidalarla əlaqələndirir, kimisi bəşəriyyəti saran müharibələrin psixologiyalara mənfi təsiri ilə izah edir, kimisi texnoloji yeniliklərin beyinlərdə yaratdığı fəsadlara bağlayır, kimisi də sosial-iqtisadi problemlərə işarə edir və s…
Əhməd Əhmədov adlı gəncin bütün ailə üzvlərini qətlə yetirməsindən sonra fevralın 19-da yeniyetmə qızların iştirakı ilə baş vermiş biabırçı hadisənin məlum videosu yayıldı. Bundan öncə də gənc və yeniyetmələrin neqativ davranışları ilə bağlı videolar, xəbərlər yayılanda və bu işlərlə bağlı araşdırma aparanda bəlli olur ki, bu cür uşaqlar əsasən problemli, şiddət göstərilən ailələrdə böyüyən, özbaşına qalan travmalı adamlardır. Sirr deyil ki, son dönəmlərdə problemli, aqressiv mühitli ailələr artıb və burada böyüyən aqressiv, normal tərbiyə ala bilməyən uşaqlar bütövlükdə cəmiyyət, məktəb üçün bəla olur.
Bu baxımdan bir çox ekspertlər bildirir ki, problemli, aqressiv ailələrlə bağlı xüsusi dövlət proqramları işlənilməlidir. Bu ailələr hansısa uyğun mexanizmlə nəzarətə alınmalı, onlarla daim işlənilməlidir, xüsusən uşaqların tərbiyəsi, təhsili nəzarətdə olmalıdır.
Habelə bu layihələr tv-lərdə, sosial şəbəkələrdə böyük səhifələr üzərindən sağlam düşüncələrin formalaşması, müsbət, adekvat təbliğatların aparılmasını da özündə ehtiva etməlidir. Təklif edilir ki, əxlaqi problemləri azaltmaq üçün insanları onların toplaşdıqları sosial şəbəkələrə, məkanlara gedərək, nüfuz edərək maarifləndirmək lazımdır. Bunun mexanizmləri işlənməli və gecikmədən reallaşmalıdır.
Ekspertlər bu yöndə hansı mexanizmləri, layihələri təklif edir? Dövlət cəmiyyət naminə hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev deyir ki, baş verən son hadisələr başvermə xüsusiyyətlərinə görə sanki Azərbaycan hadisəsi deyil”, – deyə qeyd edib: “Bu cür davranışları biz adətən xarici filmlərdə görürük. Və yaxud sosial şəbəkələrin xarici seqmentində baş verənlərə bənzəyir. Bu gün uşaq və yeniyetmələrin sosiallaşmasında sosial institut kimi təkcə ailələr və məktəblər deyil, həm də sosial şəbəkə vahidləri, internet resusları iştirak edir. Bu o anlama gəlir ki, bu gün valideynlər, uşaqlarla bağlı olan müvafiq qurumlar uşaq və yeniyetmələri zərərli informasiyalar, sosial şəbəkə vahidlərinin zərərli tərəflərindən qorumaq üçün tədbirlər görməlidir. Xatırladım ki, Azərbaycanda Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanun qəbul edilib, eyni zamanda “Media haqqında” Qanunda uşaq və yeniyetmələrlə bağlı xüsusi bölmələr var. Hesab edirəm ki, bu qanunların icrasına nəzarət mexanizmi bir qədər gücləndirilməlidir.
Məsələn, baxmayaraq ki, Tik-Tok sosial şəbəkəsi Çində yaranıb, bu ölkədə bu şəbəkənin analoqunu da yaradıblar və ondan da yeniyetmə və uşaqlar gün ərzində yalnız 40 dəqiqə istifadə edə bilərlər. Eləcə də burada bəzi informasiyalar uşaq və yeniyetmələr üçün əlçatan deyil.
Həmçinin qardaş Türkiyədə sosial şəbəkə vahidlərinin fəaliyyəti ilə bağlı qanun qəbul edilib. Orada da böyüklər və uşaqlar üçün yeniliklər var. Eləcə də Avropa ölkələrində Tik-Tok sosial şəbəkəsi ilə bağlı dövlət məmurları və digər şəxslər üçün konkret qadağalar var.
Hesab edirəm ki, Azərbaycanda da uşaqların sosial şəbəkələrdən istifadəsinə nəzarət gücləndirilməlidir. Çünki uşaqların qeyri-etik davranışları, davranış pozuntularının digər səbəblərindən biri məhz sosial şəbəkə vahidləridir. Bu baxımdan sosial şəbəkə vahidlərinin fəaliyyətini tənzimləyəcək ayrıca qanuna ehtiyac var. Həmçinin uşaq və yeniyetmələrin sosial şəbəkə vahidlərinə əlçatımlığına limitlər qoymaq lazımıdr.
Bundan əlavə, çalışmalıyıq ki, sosial şəbəkə vahidlərində, eləcə də mediada, mətbuatda maksimum nəzarət artırılsın ki, kriminal aləmin insanları şişirdilməsin, qəhrəmanlaşıdırılmasın, təbliğ olunmasın.
O ki qaldı ailələrdəki vəziyyətə, məlum olduğu kimi, son zamanlar boşanmaların sayı xeyli artıb. Evlənənlərin təxminən 40 faizi boşanır. Məlum məsələdir ki, boşanmalarda ilk və ən böyük zərbə uşaq və yeniyetmələrə dəyir. Onlarda cəmiyyətə, başqa normal, tam ailələrin uşaqlarına qarşı aqressiya, qısqanclıq yaranır. Beləliklə, evdə olan neqativlikləri ətrafına, məktəbə daşıyırlar. Ona görə də ilk növbədə çalışmalıyıq ki, ailələrdə sağlam mühit təmin olunsun. Bəzi özəl məktəblər var ki, şagird qəbul edəndə onun ailə mühitini ciddi araşdırır. Məlum olanda da ki, uşaq münaqişəli ailədəndir, onu qəbul etmirlər, çünki bilirlər ki, ailədəki münaqişələr, aqressiya onun təhsil göstəricisinə təsir göstərəcək.
Cəmiyyətin əsas problemlərindən biri də budur ki, bu gün valideynlər uşaqlara lazımi qədər vaxt ayıra bilmir. Əsasları da budur ki, “başı işə, çörəkpulu qazanmağa qarışıb” və s. Halbuki bu cür valideynlər anlamalıdır ki, zamanında uşaqlara normal vaxt ayırmırlarsa, gələcəkdə böyük fəsadlarını görəcəklər. Bəzən bütün günahları məktəblərin üzərinə atırlar, amma bilməlidirlər ki, məktəbin birinci işi şagirdlərə təhsil verməkdir, sonra isə növbədə təlim-tərbiyə məsələləri gəlir. Təlim-tərbiyəni də ilk növbədə valideynlər uşaqlara verməlidir. Yəni ilk olaraq məsuliyyət valideynlərin üzərinə düşür.
Daha bir məsələ, çox yaxşı olardı ki, ailə psixoloqu məsələsi kütləviləşsin, daha praktik olsun. Ailə psixoloqları həm də müvafiq qurumlar, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri Komitəsi və ailə böhran mərkəzləri ilə birgə çalışsın. Həmçinin müvafiq qurumlarda sosial işçi ştatları artırılsın və onlar aidiyyəti orqanların köməkliyi ilə münaqişəli ailələri qeydiyyata alsınlar, həmin ailələr ilə işləsinlər. Xüsusən də münaqişəli ailələrdə böyüyən uşaq və yeniyetmələrin psixoloji gərginlikləri, travmaları araşdırılmalı, bu istiqamətdə işlər aparılmalıdır.
Həmçinin məktəblərin özündə də psixoloqlar ciddi iş aparmalıdır. Hesab edirəm ki, məktəb psixoloqlarının sayı şagirdlərin sayı ilə adekvat olmalıdır, yalnız bu zaman uğurlu nəticə əldə etmək olar”.
Təhsil eksperti Elşən Qafarov isə aşağıdakıları qeyd edib: “Baş verən hər bir hadisəyə ciddi yanaşmalıyıq ki, bu kimi hadisələrin gələcəkdə təkrarlanmasının qarşısını ala bilək. Buna görə ilk növbədə rayon icra hakimiyyətlərinin humanitar şöbələri yanında yeniyetmələrin hüquqlarının müdafiəsi üzrə komissiyanın fəaliyyəti genişləndirilməli, bu vəzifəyə bir neçə müvafiq qurumlarla razılaşdırmaqla müəyyən edilmiş təcrübəli şəxslər təyin olunmalıdır.
Valideynlər tərəfindən şiddət və zorakılıq, o cümlədən təhsil və digər hüquqları pozulan uşaqlar ailələrdən alınıb dövlətin himayəsinə verilməli, şiddət və zorakılıq göstərən valideynlər valideynlik hüququndan məhrum edilməlidir.
Ümumi təhsil müəssisəsində tərbiyə mühitinin yaradılması və ya möhkəmləndirilməsi üçün məktəblərin fərdi nizamnamələri hazırlanıb təsdiq edilməlidir.
“Məktəblinin dostu” layihəsinin regional təhsil idarələrində (Bakı şəhəri üzrə Təhsil İdarəsi) mərkəzləşdirməklə ilkin mərhələdə ölkənin 500+ şagirdi olan məktəblərə yayılmasını təmin etmək üçün ştat vahidi müəyyən edilməlidir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq məktəblərdə cinsi zorakılıqla bağlı 7-ci sinifdən başlayaraq dərsdənkənar məşğələlərin tədrisinə başlamaq, bu məşğələlərdə valideynlərin iştirakı təmin edilməlidir”.
Xalidə GƏRAY