Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti, psixiatr və psixoterapevt Araz Mənuçehri Modern.az saytına müsahibə verib. “Gencaile.az” onunla tibbi mövzuda olan söhbəti təqdim edir.
-Psixiatriya çox dərin və olduqca mürəkkəb sahədir. Psixi xəstəliklər haqqında tibbi ədəbiyyata nəzər yetirmişəm. Qaranlıq qalan bir məqam bu cür xəstəliklərin yaranma səbəbinin dəqiq bilinməməsidir. Yəni, bu xəstəliklərə tutulmuş insanlarda o, ədəbi olaraq qalır. Mən istəyirəm söhbətə bu haqda olan müasir nəzəri yanaşmalarla giriş edək.
–Psixiatriya bir elm kimi 19-cu əsrin axırı, 20-ci əsrin əvvəllərində formalaşmağa başlayıb. Psixiatriyanın müasir forması isə 50-60 il bundan əvvəl formalaşmağa başladı. Buna görə də psixiatriya təbabətdə ən cavan elm sayılır. Bu elm təbabətin digər sahələrindən fərqli olaraq bir az kənarda dayanıb. Çünki psixiatriyanı bəzi insanlar təbabət yox, fəlsəfə hesab edirlər. Bir tərəfdən isə bu sahə hüquq-mühafizə orqanları ilə bağlıdır. Buna görə də bəzi insanlar da bu sahəyə hüquq-mühafizə orqanlarının bir qolu kimi baxır. Bəziləri də psixologiyanın bir istiqaməti kimi.
Siz düz qeyd etdiniz ki, psixi xəstəliklərin çoxunun səbəbləri hələ tam araşdırılmayıb. Belə bir fikir söyləyirlər ki, 90 faiz psixi xəstəliklərin yaranma səbəblərini tapmaq qeyri-mümkün olacaq. Səbəbini tapmaq üçün insan beynindən də güclü bir cihaz olmalıdır.
-Ziqmund Freyd nevrotik simptomların yaranma səbəbini seksual istəklərin təmin olunmaması ilə əlaqələndirirdi. Məncə, bunu müasir dövrdə adi məişət həyatında müşahidə etmək olar. Amma psixi xəstəliklərin səbəbini yalnız seksual aclıqla da bağlamaq olmaz axı. Bu baxımdandır ki, onun ardıcılları Freydi seksual sferanı mənbə kimi göstərməsinə görə tənqid edirdi.
–Freyddən danışanda çox insan səhvə yol verir. Onlar Freydin düşüncələrinin bir qismini əsas götürürlər. O fikirlər də nevrotik əlamətlərin əmələ gəlməsində seksual sferanın rolu ilə bağlıdır. Freyd hətta müharibələrin yaranmasını da seksual sfera ilə əlaqələndirirdi. Ancaq Freyd mühitin insana olan təsirini inkar edirdi. Freydin axırıncı elmi məqalələrinə də diqqət yetirmək lazımdır. Mən şəxsən o məqalələri oxumuşam. Freyd öz səhvini başa düşdüyünü etiraf edir. O yazırdı ki, insanda seksual sferanın əsas rol oynadığını qabartmasına görə səhv edib. O yazır: “Bəli, insanın psixi inkişafında seksual sferanın rolu böyükdür. Amma mənim böyük səhvim o idi ki, mühitin təsirini inkar edirdim”.
Bununla belə biz kliniki praktikada görürük ki, seksual çatışmazlıqlar insanlarda müxtəlif psixi pozuntular yarada bilir. Eyni zamanda biz başqa məqamları da göstərə bilərik ki, orada heç bir seksual pozuntu yoxdur, lakin nevrotik əlamətlər var.
Sizə bir şeyi də deyim. İndi çoxlu psixoloji istiqamətlər var. Müasir dövrdə ən çox istifadə olunan psixoloji istiqamət isə koqnitiv behaviorizmdir. Bu istiqamət insanları onların davranışı ilə qiymətləndirir. İnsan belə davranırsa, deməli onun qiyməti budur. Bəziləri deyir ki, insanı sevməyi sözlə yox, hərəkətlə göstərmək lazımdır. Bunun əsasında behaviorizm deyir ki, insanı onun davranışı və hərəkətləri ilə dəyərləndirmək olar.
-Psixi xəstəliklərin ən mürəkkəbi şizofreniyadır. Sizinlə müsahibəyə gəlməzdən öncə bu xəstəliklə bağlı çoxlu sənədli filmə baxdım, eyni zamanda tibbi ədəbiyyatdan mütaliələr etdim. Müasir yanaşmaya görə, bunun yaranması orqanizmdə olan defomin adlı maddənin artıq ifraz olunmasıdır. Tibb bu faktın şizofreniya yaratmasını tam olaraq təsdiqləyibmi?
–Tibb bunu tam olaraq təsdiq edib ki, şizofreniyanın yaranmasında neyromediatorlar böyük rol oynayır. Biz hələ narkotik maddələrdən, psixi travmalardan, həyat tərzindən danışmırıq. Bunları bir kənara qoyuruq. Neyromediatorlardan əsas rolu defomin oynayır. Defominin yüksək olması insanda müxtəlif psixi pozuntulara, sayıqlamara, hallüsinasiyalara səbəb ola bilər.
-Mən bildiyimə görə, xüsusi dərman preparatları var ki, ondan istifadə etməklə defominin miqdarını azaltmaq olur.
–Bəli. Xüsusi dərmanlar var ki, onlar orqanizmdə defominin miqdarını azaldır və xəstəliyin əlamətləri aradan qalxır. Lakin bununla yanaşı, defominin çatışmazlığı nəticəsində başqa xəstəliklər yarana bilər. Defomin çatışmazlığı olanda insan parkinson xəstəliyinə tutulur. Yəni bu preparatlardan istifadə yan təsirlərə gətirib çıxara bilər. Təbii ki, biz burada başqa preparatlardan da istifadə edirik. Son zamanlar şizofreniyanın əlamətlərinin yaranmasında və onun ləğv edilməsində başqa neyromediatorların da rolunun olduğu təsdiq edilib. Bu da seratonindir. Seratonini “xoşbəxtlik harmonu” da adlandırırlar. Şizofreniya xəstələrinin çoxunda seratonin çatışmazlığı var. Defomin çoxluq edir, seratonin isə azlıq. Buna görə də, o xəstələrdə sayıqlamalar, hallüsinasiyalar olur. “Xoşbəxtlik hormonu” az olduğuna görə onların çoxunda aqressivlik, düşmənçilik hissi olur.
-Bu dedikləriniz maddələrin niyə artması ya da azalması hər halda tibb elminə məlum olsaydı, psixi pozuntuların yaranmasının qarşısını almaq olardı. Yəqin ki, səhv düşünmürəm.
-O maddələrin artıb-çoxalmasını aydınlaşdıra bilmirlər. Bu, qaranlıq bir məqamdır. Ümumiyyətlə deyim ki, şizofreniyanın etiologiyası üzərində aparılan tədqiqatlar günbəgün azalır. Bu sahədə işləyən elmi-tədqiqat institutlarının sayı azalır. Ona görə ki, hal-hazırda alimlərin hamısı startdadırlar. Onlar gözləyir ki, elmin başqa bir sahəsi inkişaf etsin, yeni cihazlar və metodlar kəşf olunsun. Psixiatrlar da bu metodlardan istifadə edərək axtarışlar aparmağa başlasınlar. Hal-hazırda isə müasir elmin, tibbin əlində olan bütün imkanlardan istifadə olunub. Amma nəticə qənaətbəxş deyil. Deməli, bundan artıq bir şey lazımdır.
-Maraqlı bir məqam da diqqətimdən yayınmayıb. Bəzi xəstəliklər var ki, şizofreniklərdən yan keçir. Səhv etmirəmsə, onlar xərçəngə tutulmurlar. Nə qədər də qəribədir…
-Çox düz dediniz. 1960-cı illərdə şizofreniyanın yaranma səbəblərindən biri kimi autoimmun – xəstədə immun sisteminin pozulması göstərilirdi. İmmun sistemi pozulanda o, xəstənin öz orqanizmini yeməyə başlayır. Biz çox gözəl bilirik ki, xəstəliklərin yaranmasının 99 faiz səbəbi immun sistemidir. Biz yanğınlar zamanı xəsarət alanlardan, fizik travmalardan, zərbələrdən danışmırıq.
Təsəvvür edin, bir qripin yaranmasında immun sistemi nə qədər böyük rol oynayır. İmmun sistemi düzgün işləməyəndə o öz immunitetini yeyir. Şizofreniyanın yaranma faktorlarından biri autoimmundur. Tibb elmi gözəl bilir ki, xərçəng xəstəliyinin də əmələ gəlməsində immun sistemi mühüm rol oynayır. Yəqin ki, şizofreniya xəstələrində immun sistemini pozulsa da, onlarda xərçəngə qarşı bir immunitet dəyaranır.
Əvvəllər şizofreniya xəstələrində vərəm olurdu. İndi isə, bu, demək olar ki, yoxdur. Vərəmin yayılmasında yemək çatışmazlığı, nəmişlik, təmiz havada olmamaq rol oynayır. Üstəgəl xəstələrin bir yerdə yığışması. Deyək ki, 3 nəfərlik palatada 10 nəfər yığışır. Onlar işıq üzü, Günəş görmür, vaxtında normal qidalanmırlar, çoxlu siqaret çəkirlər, qapalı yerdə olurlar. Onların orqanizmi siqaret tələb edir. Çünki onların istifadə etdiyi dərmanlar orqanizmdə siqaretə tələbat yaradır.
Bütün bunlara görə onlar arasında vərəm geniş yayılırdı, bir-birlərini yoluxdururdular. İndi isə şərait və imkanlar yaxşılaşıb. Əvvəllər, sovet vaxtı Maştağa xəstəxanasında Xüsusi Psixiatriya Vərəm Xəstəxanası var idi. O, ayrı bir xəstəxana idi. Oranın özünün baş həkimi var idi. Deməli, görün o zaman nə qədər ruhi vərəmə tutulurdu.
-Sənədli filmə baxmışdım, 4 saat əvvəl ölmüş şizofreniya xəstəsinin beynini yarırlar. Həkimlər müşahidə aparmağa çalışır ki, bu beyin normal insanın beynindən nə ilə fərqlənir. Lakin, dönüş yaradan bir nəticəyə rast gəlmirlər.
-Hal-hazırda nisbətən təsdiq və qəbul olunmuş fikir budur ki, şizofreniya xəstələrinin beynindəki mədəciklər sağlam insandakından bir az genişdir. Vəssalam!
-Freydin şagirdlərindən biri Otto Rank deyib ki, mazoxizm (insanın özü-özünə əziyyət verməsi) doğuş zamanı çəkilən əziyyətin ekvivalentidir. Bu fikirdə həqiqət varmı?
–Hər bir insanda həm mazoxizm, həm sadizm, həm şizofreniya, həm zoofiliya, həm də pedofiliya var. Bütün insanlarda bunlar var. Bunun çoxlu sübutları var. Götürək sadizmi, yəni başqasına əziyyət verməkdən həzz almağı.
Sizə sadizmin gizli variantı barədə misal çəkəcəyəm. Məsələn, balaca uşaq konfet istəyəndə, onları ağladırlar, oynadırlar, sonra onu verirlər. Sual olunur. Niyə uşaq ağlayandan sonra konfeti verirsən? Deməli, uşağın ağlamağından xoşun gəlir. Bu o deməkdir ki, insan öz sadist tələbatını yerinə yetirdi. Ya da götürüb balaca uşağı dişləyirlər. “Səni yeyərəm, şokolad kimi uşaqsan” deyirlər. Deməli hamıda hannibalizmin elementləri var.
Bir də görürsən, “canını, gözünü yeyərəm” deyirlər. Bunlar hamısı onu göstərir ki, hər bir adamda sadizm, mazoxizm və sair var. Sadəcə olaraq bəzi adamlarda bu, kobud şəkildə üzə çıxa bilər. Bu da patologiya, psixi xəstəlik, cinayətkarlığa meyllilik yarada bilər. Eyni zamanda bütün bu patologiyalar normal istiqamətə yönəldilsə, insanın intellekti, davranışı yaxşı olar.
Misal üçün. Nekrofilləri, yəni meyitlə təmas etmək istəyən adamı normal istiqamətə yönəltsən, ondan yaxşı meyit yaran çıxar. Ya da pedofillik elementlərini özündə daşıyan biri normal tərbiyə altında istiqamət götürsə, ondan yaxşı uşaq həkimi olar.
Sizə mazoxizmlə bağlı misal da çəkim. Bir insanın əli yara olur, sonra o qabıqla bağlanır. İnsan çalışır ki, o qabığı qopartsın. Yüzlərlə belə nümunə gətirmək olar.
-Dahi insanlarda çox qəribəliklər olur. Bəzilərinin cinsi oriyentasiyası normal olmur. Niyə məhz dahilərdə qeyri-adiliklər özünü daha qabarıq şəkildə göstərir?
–Dahilərlə psixi insanları birləşdirən və bir-birindən ayıran şeylər var. Bütün dahilər hamısı psixi xəstə sayılır. Amma hər bir psixi xəstə hələ dahi deyil.
Psixi xəstələrlə dahiləri birləşdirən cəhət budur ki, onlarda “olmazlar” az, “olarlar” çoxdur. Onlar öz fikirlərində, davranışlarında sərhəd qoymurlar.
Ancaq onu da qeyd edim ki, dahi insanda intellekt, istedad, savad da olmalıdır. Yoxsa o, dahi olmaz.
-Dəfələrlə Ermənistan rəhbəri Serj Sarkisyanla bir masa ətrafında əyləşib danışıqlarda iştirak etmiş Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bir dəfə belə demişdi: “Serj Sarkisyanın psixoloji durumu bərbad vəziyyətdədir”. Bir psixiatr kimi siz nə düşünürsünüz?
–Mən Sarkisyanın cavanlıq şəkillərinə də baxmışam: Robert Koçaryanla Qarabağda bir yerdə çəkdirdiyi şəkillər. Onun indiki fotolarına da baxıram. Məndə belə bir fikir var ki, hər bir insan hansısa heyvana oxşayır. Serj Sarkisyan da bayquşa oxşayır. Nə zaman ona baxıram, mənə bayquşu xatırladır. Ona baxanda elə bil bayquş görürəm. Deyirlər ki, guya bayquş ağıllıdır. Amma mən onun ağlını görməmişəm.
-Maraqlı açıqlama idi. Heyvanlardan söz açdınız. Mən kənd mühitində böyümüşəm. Həmişə dəli qoyunları diqqətlə izləyirdim. Onlar bir kənara çəkilir, sürüdən ayrılır, tək otlayır. Sanki depressiyadadır. Sualı belə qoyacağam: heyvanlarda psixi problemlər hansı formadadır?
-Bu, dəqiq sübut olunmayıb. Ancaq mustanq atların intihar etdiyi bəllidir. Onlar dağdan özlərini atırlar. Pişiklər də intihar edirlər. Qocalmış pişiklər özlərini maşının altına atırlar. Sübut olunmuş bir faktdır ki, şimpanzenin insanlarla psixoloji davranışında çox oxşarlıq var. Bu meymunlar yeganə heyvanlardır ki, insanlar kimi müharibə aparırlar.
-Hipnoterapiya ilə bağlı bir yazı oxumuşdum. Orada diqqətimi belə bir cümlə çəkdi ki, bir fərdlə müqayisədə kütləni hipnoz halına salmaq daha asandır.
-Əlbəttə. Çünki kütlə, kütlə psixologiyası təsiri altına düşür. Kütlədə belə bir şey var ki, o, xəstə bir adamın arxasınca da gedə bilər. Təcrübəli psixoloqlar kütlə arasında olan bir lideri seçir. Ona lazımi təlqin göstərilsə, kütləni arxasınca apara bilər.
Amma indi hipnozdan müalicə vasitəsi kimi çox az istifadə olunur.