Aysu Eliyeva

Psixoloq Aysu Əliyeva: "Sağlam yeniyetmə - üsyan edən, yox deyə bilən yeniyetmədir"

Baxış sayı: 266

“Gencaile.az” saytı “Bizim qonaq” rubrikası çərçivəsində yeniyetmə və uşaq psixoloqu Aysu Əliyevanın müsahibısibi təqdim edir.

 

 – Uşaq psixologiyasının əhəmiyyəti haqqında nə düşünürsünüz?

– Sağlam uşaq sağlam gələcək deməkdir.Valideyn isə sağlam gələcəyin qurucusudur. Gələcəyimizi gözəl , sağlıqlı inşa etmək hər birimizin borcudur. Bu səbəbdən valideynlər övladının sadəcə fiziki sağlamlığı ilə deyil, psixoloji sağlamlığı ilə də maraqlanmalıdır.

 

–  Uşaqların inkişaf mərhələlərini necə qiymətləndirirsiniz və hansı mərhələlər psixoloji baxımdan ən kritikdir?

–  Doğulandan ölənə kimi inkişafımız bir neçə mərhələ keçərək tamamlanır. Məsələn, çağa, körpəlik, məktəbəqədər, kiçik məktəbli, yeniyetməlik, gənclik və digərləri. Hər yaş dövrünün isə aparıcı fəaliyyəti fərqlidir. Təbiidir ki, hər birinin öz mənfi və müsbət göstəriciləri olacaqdır. Lakin ən kritik dövr mən deyərdim ki, yeniyetməlik dövrüdür. Bu yaş mərhələsində şəxs uşaqlıqdan gənclik dövrü arasında keçid periodu yaşayır. Çox zaman emosional çalxalanmalarla özünü göstərir bu dövr. Üsyankar, etiraz yönümlü davranışlar, özünü təsdiq etmək cəhdləri, ailəyə qarşı çıxmaq və s.  Lakin valideynlər bu peridodu daha sağlam keçmək üçün mütəxəssis dəstəyi ala bilərlər, yaxud maarifləndirici seminarlara qatıla bilərlər və ya çoxlu araşdırma edərək övladıma necə yardım edə bilərəm sualına cavab axtarışına çıxa bilərlər. Lakin unutmayaq ki, sağlam yeniyetmə – üsyan edən, yox deyə bilən yeniyetmədir.

 

– Günümüzdə sosial media və texnologiyanın uşaqların psixologiyasına təsiri necədir?

– Dövrün tələbini nəzərə alaraq, sosial media və texnoloji vasitələrin həyatımızda rolunu xüsusilə vurğulamalıyıq. Sözsüzdür ki, texnologiyanın mənfi və müsbət cəhətləri var. Müsbət cəhətlərə bilginin asan əldə edilməsi, əlçatan olması; yaşadığımız yerdən asılı olmadan onlayn/ distant təhsil ala bilməyimiz, özünü təhsil üçün əlverişli şəraitin yaranması, rəngarəng və bol informasiyadırsa, mənfiləri bundan qat-qat çoxdur. Məsələn, televizorda baxılan cizgi film personajlarının mənfi hərəkətlərini təqlid etmək, aqressiv və döyüş, savaş  tipli oyunlara meyl etmək, oyun, internet və telefon asılılığı və s aiddir deyə bilərik. Lakin valideynlərin düzgün nəzarəti, uşaqlar üçün filtrlənmiş YouTube Kids və s tipli proqramların köməkliyi, eyni zamanda limitli istifadəyə xüsusilə diqqət etməklə bu zərərləri minimuma endirmək öz əlimizdədir.

 

– Uşaqlarda ən çox qarşılaşılan psixoloji problemlər hansılardır və bunlarla necə mübarizə aparılmalıdır?

– Hazırda mənə gələn çoxsaylı müraciətləri təhlil edərək deyə bilərəm ki, ən çox müraciət uşaqlarda aqressiya və nitq ləngiməsi problemi üzrədir. Aqressiyaya səbəb bəzən yaş faktoru (məsələn, böhranlı yaş dövrləri -3 yaş, yeniyetməlik dövrü kimi); bəzən isə hədsiz dərəcədə telefon, ekran asılılığı və təbii ki, digər sadalamadığım amillər səbəb ola bilər. Uşaqların izlədikləri, oynadıqları oyunlardan sonra  bir müddət keçdikdə  fərqində olmadan uşaq eynisini etməyə başlayır. Xüsusilə döyüş, savaş tipli aqressivlik təbliğ edən oyunlarda…

Nitq ləngiməsini isə yaradan amillər çoxsaylıdır. Məsələn, irs amili, artikulyasiya aparatında olan əngəllər, söz ehtiyatının azlığı, ekrana çox baxmaq, pedaqoji baxımsızlıq kimi. Səbəb hər nə olur-olsun, valideyn durumun fərqinə varan kimi dərhal üzərinə düşməlidir.

Aysu Eliyeva 1

– Uşaq və valideyn münasibətlərinin psixoloji inkişafdakı rolunu necə qiymətləndirirsiniz?

– Belə bir deyim var, uşaq dünyanı valideynlərinin gözü ilə görər, onlar kimi qavrayar. Onları sorğusuz-sualsız doğru qəbul edər, özünə örnək götürər. Valideyn uşaq üçün ən ideal rol-modeldirlər. Onlara düzgün örnək olması üçün təbiidir ki, öz davranışları, rəftarlarını xüsusilə də övladına qarşı tətbiq edərkən süzgəcdən keçirməlidir. Onu şəxsiyyət olaraq qəbul etməli, dinləməyi bacarmalı, şəxsi sərhədlərini qorumalıdır. Çünki o uşaq doğulmağı seçməyib. Biz ata və ana olmağı müstəqil şüurla seçmişik. Ona gözəl həyat, gözəl ailə verməyə borcluyuq.

 

– Uşaqların emosional sağlamlığını qorumaq üçün hansı müsbət davranış modelləri tətbiq etmək vacibdir?

– Psixoloji, fiziki və digər hər cür şiddət növündən uzaq olmaq, onu səbrlə dinləmək, danışarkən onun boy səviyyəsinə enərək göz təması qurmaq, sevgisini, qayğısını hiss etdirmək, ona zaman ayırmaq və s.  Düşünmək olmaz ki, ata və ya ana olmaq o uşağın sadəcə maddi ehtiyaclarını ödəmək deməkdir. Xeyr. Mənəvi ehtiyaclar, mənəvi doyum xüsusilə önəmlidir. İnanın ki, hansısa uşaq yeni paltar almadığı üçün ölməyəcək, bəlkə də heç xatırlamayacaq.  Amma sevgisiz ailədə böyüyən uşaq ömür boyu o duyğusal şiddəti xatırlayacaq.

 

– Təhlükəli və stresli mühitlərdə böyüyən uşaqların psixologiyası necə dəyişir? Hər hansı bir müdaxilə lazımdırmı?

– Davamlı özünü müdafiəyə ehtiyac hiss edir. Özünütəsdiqə ehtiyac duyur. Şəxsiyyəti əzilir, bəlkə də alçaldılır. Psixoloji şiddət və travma yaşayaraq, onun izlərini ömür boyu hiss edirlər. Bu halda terapiya mütləqdir!

 

– Uşaqların davranış problemlərinin kök səbəbləri nələrdir? Onlara qarşı necə daha təsirli yanaşmaq olar?

– Ailədə valideynlərin tutarsız yanaşması, düzgün sərhədi təyin edə bilməmək, qadağaların ya həddindən çox sərt, yaxud yumşaq olmasını səbəb olaraq göstərə bilərik. Övladımıza düzgün davranış aşılamaq istəyiriksə, buna birinci özümüz əməl etməliyik. Çünki onlar bizim ayaq izlərimizi təqib edir. Bundan əlavə, ona zərərli olan bir şeyə -“olmaz” deyib daha sonra qıya bilməmək, yersiz kompromisə gedərək tutarsız münasibət göstərmək olmaz!

 

– Uşaqların özünə güvənini artırmaq üçün valideynlər və müəllimlər nə etməlidir?

– Alimlər tərəfindən araşdırılıb ki, öz öhdəliklərini özü yerinə yetirə bilən uşaqlar gələcəkdə müstəqil, azad düşüncəli, problemlərini sərbəst həll edə bilən, kimsədən asılı qalmayan yetkin şəxslərə çevrilirlər. Özgüvəni formalaşdırmaq üçün ona şəxsiyyət olaraq yanaşmaq, seçimlərinə hörmət etmək, söz haqqı tanımaq, tənqid edərkən şəxsiyyətinə yox, davranışına yönəltmək, kimləsə müqayisə etməmək və bu kimi hallara riayət etməliyik. Eyni zamanda yaşına uyğun bacara biləcəyi kiçik öhdəliklər verə bilərik. Məsələn, oyuncaqlarını toplamaq, kirli qabları daşımaqda anaya kömək etmək kimi. Bu təlimatları müstəqil etmə bacarığı yarandıqca onda özgüvən də formalaşacaq. Bacara bildim duyğusu onda yeni uğurlara imza atmağa vəsilə olacaqdır.

Aysu Eliyeva 1

– Uşaqların psixologiyasını anlamada valideynlərin ən çox etdiyi səhvlər hansılardır?

–  Övladlarını başqaları ilə müqayisə etmək, uşaq səhv edəndə tənqidin onun davranışına yox, şəxsiyyətinə yönəltmək,  seçim və söz haqqı verməmək valideynlərin etdiyi səhvlər sırasındadır.

 

–  Uşaqlarla psixoloji danışıq terapiyasına başlamağın doğru vaxtı nədir?

– Problemi və yolunda getməyən nələrinsə olduğunu fərqinə varan kimi dərhal valideyn mütəxəssisə müraciət etməlidir. Mənə gorə “Doğru vaxt”anlayışı nisbidir. Valideyn nə qədər tez mütəxəssis dəstəyi alsa, problem bir o qədər tez və qabarmadan həll edilə bilər.

 

Söhbətləşdi: Tural Məmmədov




3 şərh “Psixoloq Aysu Əliyeva: “Sağlam yeniyetmə – üsyan edən, yox deyə bilən yeniyetmədir”

  1. Yaqub Abbasov

    Məncə, ən vacib məqam valideynlərin uşaqlarına qarşı tutarsız yanaşmaları və sərhədlər qoymada yaşadıqları çətinliklərdir. Bu, uşaqlarda qarışıqlıq yaradır və onların psixologiyasına mənfi təsir edir. Müxtəlif davranış modellərinin tətbiqinin necə vacib olduğunu, xüsusilə uşağa qarşı sevgi və diqqət göstərməyin psixoloji sağlamlıq baxımından nə qədər vacib olduğunu qeyd edən müsahibə mənim üçün çox qiymətlidir. Çox faydalı məlumatlardır və mən öz övladım üçün bu cür yanaşmaları tətbiq etməyə çalışacağam.

    Cavabla
  2. Fəridə Rəsulova

    Mənim üç yaşında bir oğlum var və son zamanlar onun aqressiv davranışları ilə qarşılaşıram. Çox zaman kiçik mübahisələrdə belə əsəbiləşir, əşyaları atır və ya digər uşaqlarla oynayarkən onlara zorakılıq göstərir. Belə vəziyyətlərlə necə başa çıxmalıyıq? Mənim üçün bu suala cavab almaq çox vacibdir, çünki oğlumun bu tip davranışlarını artıq özümə çox dərd edirəm. Müsahibədə deyildiyi kimi, 3 yaş dövrü böhranlı yaş dövrüdür və bəlkə də bu, onun inkişaf mərhələsidir, amma yenə də narahatam.

    Cavabla
  3. Vaqif Ağacanov

    Uşaqların psixoloji inkişafı ilə bağlı çox gözəl tövsiyələr var. Müsahibənin sonunda verilən ‘doğru vaxt’ anlayışı ilə bağlı fikirlər də çox diqqətəlayiqdir. Çox vaxt valideynlər uşaqlarının problemləri böyüdükdən sonra müdaxilə edirlər, amma erkən müdaxilə həqiqətən çox vacibdir. Mənim üçün bu, çox faydalı və düşündürücü oldu.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir