terane pasayeva

Psixoloq: Məişət zorakılığının adi hala çevrildiyi ailələrdə böyüyən uşaqlar bunu quracaqları ailədə tətbiq edirlər

Baxış sayı: 529

Məişət zorakılığı sosial medianın və mətbuatın yenə gündəmindədir.  Çox təəssüf ki, kriminal xronikada ailədaxili zorakılıq halları barədə məlumatlara rast gəlinir. Son vaxtlar isə daha çox sosial şəbəkələrdə belə hallar barədə qurbanların özlərinin və dostlarının yazdığı məlumatlar, video görüntülər və şəkillər diqqət çəkir. Əvvəl mental dəyərlərə əsaslanaraq, daha çox gizlənilməsinə cəhd edilən, ailə üzvləri, qohumlar və tanışlar arasında müzakirə edilən ailədaxili zorakılıq faktları indi sosial şəbəkələrdə geniş müzakirə olunur və ictimailəşir, bir çox halda ümumilikdə ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilə bilir. Fakt budur ki, məişət şəraitində kişi, qadın və uşaqlara qarşı zorakılıq insan hüquqlarının təminatına təhlükə yaradır, şəxslərin konstitusion hüquq və azadlıqlarının qorunmasını sual altına alır.

Sözügedən məsələ ilə bağlı fikir mübadiləsi aparmaq, qaranlıq məqamlara aydınlıq gətirmək üçün “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri,“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə həmsöhbət olduq.

 

-İstərdim  söhbətimizə  bu sualla başlayaq: Nədir məişət zorakılığı və bu zorakılığa kimlər məruz qalır?

-Dünyada geniş yayılmış problemlərdən biri olan məişət zorakılığı demək olar əksər ailələrdə müəyyən formalarda özünü büruzə verir. Məişət zorakılığı kimi qəbul edilən ailədaxili şiddət bu günün deyil, əsrlərin problemidir. Hazırda dünyada bu problemin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər görülür. Bununla belə, məişət zorakılığı probleminin həll edildiyini söyləmək çətindir. Mütəxəssislərin fikrincə, zorakılığın əsasında psixoloji şiddət dayanır. Məişət zorakılığı Azərbaycanda da geniş yayılmış problemidir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Bu səbəbdən məişət zorakılığı bir qayda olaraq, fiziki zorakılıq, cinsi zorakılıq, psixoloji zorakılıq və iqtisadi zorakılıq kimi təsnifatlaşdırılır. Bir psixoloq kimi qeyd etməliyəm ki, psixoloji zorakılıq təcrid etmək, xəsarət yetirməklə təhdid etmək, hədə-qorxu gəlmək, sataşmaq, təqib etmək, təhrik etmək, incitmək, ləkələmək, fiziki və sosial baxımdan təcrid etmək, hədsiz qısqanclıq və tələbkarlıq hissi, məhrum etmək, ləyaqətdən salmaq, alçaltmaq, daimi tənqid etmək, uydurma səbəblərdən təqsirləndirmək, hər məsələyə görə qınamaq, saymamaq, ehtiyaclarını məsxərəyə qoymaq, yalan söyləmək, sözünə əməl etməmək, etimadı itirmək və s. Həmçinin qadına qohumları və ya dostları ilə əlaqə saxlamağa icazə verməmək, onu qapalı qapılar arxasında ev dustağına çevirmək, özbaşına evdən çıxmağı və telefondan istifadəni qadağan etməkdən və digər bu kimi hallardan ibarətdir. Məişət zorakılığı kifayət qədər geniş yayılmış, çətin həll oluna bilən və ciddi, bəzən də faciəli nəticələrə səbəb olan zərərli həyati situasiyadır. Məişət zəminində törədilən zorakılıq mürəkkəb proses olub istər ayrı-ayrı fərdlər, istərsə də bütövlükdə cəmiyyət üçün ciddi nəticələrə gətirə bilər. Adətən məişət zorakılığına daha çox müdafiəsiz vətəndaşlar kateqoriyası məruz qalır: qadınlar, uşaqlar, ahıllar və əlilliyi olan şəxslər. Müvafiq sahədə çalışan tədqiqatçı və ekspertlərin əksəriyyətinin fikrincə, ailə zorakılıq zəncirini yaradır. Belə ki, məişət zorakılığının adi hala çevrildiyi ailələrdə böyüyən uşaqlar, bunu müəyyən mənada mənimsəyir və gələcəkdə quracaqları ailədə tətbiq edirlər.

 

-Son zamanlar  məişət zorakılığı hallarının artmasının kökündə duran amilləri nədə görürsünüz?

– Bu gün məişət problemləri və zorakılıqların artmasını istər statistikalar, istərsə də gündəlik müşahidələrimiz sübut etməkdədir. Təbii ki, bu xoşagəlməz problemlər eyni qaynağa dayanmır. Aparılan araşdırmalar da bizə deməyə imkan verir ki, məişət zorakılıqlarının səbəbləri müxtəlifdir. Hal-hazırda bu problemlərin amilləri sırasında sosial, iqtisadi, mədəni və psixoloji amillər üstünlük təşkil edir. Səbəblərin hansı formada olmasından asıl olmayaraq tərəflərdən biri və ya hər iki tərəf bunun xoşagəlməz nəticələri ilə üzləşə bilir.

 

-Məişət zorakılığı hansı psixoloji fəsadlar törədir?

-Ölkəmizdə açıqlanan nəticələr də bir daha sübut edir ki, Azərbaycanda ən çox məişət zorakılığına qalan şəxslər qadınlar və uşaqlardır. Xüsusilə qadınlar bunun fəsadlarını həyatlarının sonrakı mərhələlərində daha da çox yaşayırlar. Bu gün müxtəlif səbəblərdən yoldaşı, qardaşı və ya atası tərəfindən zorakılığa məruz qalan xanımlar bir çox psixoloji gərginliklərlə üzləşirlər. Mütəmadi hədə-qorxu ilə üzləşmək, ailə üzvləri tərəfindən onların başqalarından təcrid olunması, davamlı təhqir, şantaj və şiddət görməsi nəticəsində həmin xanımlar ağır travmalar alır, stress, depressiya, qorxu, həyəcan, təşviş, özünütəcrid və digər psixoloji məqamlarla qarşılaşmalı olurlar. Təbii ki, heç də bütün xanımlar bu vəziyyətdən çıxa bilmir və onlar belə hallardan xilas olmaq üçün başqa yollara əl atırlar ki, bunlar sırasında intiharlar üstünlük təşkil edir.

 

-Təranə xanım, məişət zorakılığının qurbanı nə etməlidir?

-Bu gün məişət zorakılığına məruz qalan heç də bütün məişət qurbanları bununla mübarizə apara bilmir. Amma görünən odur ki, bu məsələnin daim diqqət mərkəzində saxlanılması zəruridir. Xüsusilə məişət zorakılığı ilə üzləşən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, onların həyata sevgisinin bərpası üçün reabilitasiya mütləq məsələyə çevrilir. Bu gün məişət zorakılığı və ailədaxili münaqişələrlə bağlı mərkəzlərimizə müraciət edənlərin sayı heç də az deyildir. Onlar peşəkar mütəxəssislərlə birgə seanslarda iştirak etdikdən sonra bir çox psixoloji problemlərdən xilas olur və yenidən cəmiyyətə qazandırılırlar, lakin əfsuslar olsun ki, statistikaların qarşılığında bu cür reabilitasiya xidmətlərindən istifadə edən şəxslərin ümumi saya nisbətində qat-qat aşağı olduğunu görürük. Bu da təkcə sosial səbəblərlə deyil, maliyyə durumu ilə də əlaqəli ola bilir.

 

-Məişət zorakılığı törətmiş, eləcə də zorakılığın qurbanı olan şəxslər üçün hansı psixoloji reabilitasiya tədbirlər görülməlidir?

-Qeyd etdiyim kimi məişət zorakılığından əziyyət çəkən şəxslərin kütləvi şəkildə reabilitasiyasını təşkil etmək üçün kompleks işlərin keçirilməsi labüddür. Doğrudur, bugün dövlətimiz və ayrı-ayrı müvafiq qurumlar tərəfindən çox vacib işlər görülməkdədir və bunun nəticələri barədə ictimaiyyətə mütəmadi şəkildə məlumatlar təqdim olunur, amma görünən odur ki, baş verən hadisələrin sayının artması fonunda daha çox işlər həyata keçirilməsi məqsədəuyğundur. Təbii ki, burada bütün yükü dövlətin və ya bir qurumun üzərinə qoymaq olmaz. Cəmiyyətin bir fərdi kimi bucür məsələlərə həssas yanaşmalı, bacara biləcəyimiz fəaliyyətləri göstərməliyik. Digər tərəfdən aidiyatı qurumlarla hüquq-mühafizə orqanların birgə fəaliyyətinə təşkilatlar, ictimai şəxslər də qoşulmalı və bir şəbəkə kimi layihələr, tədbirlər keçirilməli, maarifləndirici görüşlər təşkil olunmalıdır. Cəmiyyətimizdə bu kimi xoşagəlməz halların sayının azalmasını istəyiriksə, məsuliyyətli olaraq öz dəstəyimizi göstərməliyik. Unutmayaq ki, məişət zorakılığına məruz qalan qadın, uşaq və ya digər bir şəxs bizim cəmiyyətimizin üzvüdür və onların yenidən aramıza qısa zamanda sağlam şəkildə dönməsi həm də dövlətimizin, cəmiyyətimizin sağlam bir vətəndaşının qazanılması deməkdir.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir