elnur rustemov

Psixoloq valideynlərə ÇAĞIRIŞ etdi: “Yeniyetmələri zamana görə böyüdün!”

Baxış sayı: 905

İyulun 30-da Zaqatalanın Əliabad qəsəbəsində 17 yaşlı Gülər İsmayılovanın intihar xəbəri mətbuatda yayıldı. Geniş müzakirələr yaradan bu intiharın səbəbi kimi qızın valideynləri tərəfindən özündən yaşca çox böyük kişiylə nişanlandırılması göstərildi. Avqustda toyu planlaşdırılan Gülər buna etiraz edib və özünü asaraq, həyatına son qoyub.

Yeniyetmə qızın faciəsindən heç 1 həftə keçməmiş növbəti 17 yaşlı intihar hadisəsi medianın gündəminə gəldi. Avqustun 5-dən 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində yaşayan Aysun Hacıyeva canına qıydı. İlkin versiyada bu qızın da erkən nikaha məcbur edildiyi iddia olunurdu.

Qeyd edək ki, Aysun Hacıyevanın anası və atası illər əvvəl boşanıb. Anası ayrıldıqdan sonra başqa bir rayona ərə gedib. Atası isə başqa bir qadınla evlənib. Aysun isə 3-4 yaşından nənə-babasının himayəsində böyüyüb.

Hər iki intihar faktından sonra cəmiyyətdə, sosial şəbəkələrdə və mətbuatda valideyn-övlad münasibətləri, ata və anaların xüsusilə qız övladları ilə ünsiyyəti yenidən gündəmə gəldi.

Bu barədə danışan psixoloq Elnur Rüstəmov məsələnin psixoloji tərəflərinə toxunub. O qeyd edib ki, hər iki hadisədə səsləndirilən bir ehtimalın üzərində dayanmaq düzgün deyil:

“Hər iki yeniyetmənin intihar etdiyi yaş təhsil alan yaşıdır. Valideyn və övlad münasibətləri, bu sahədə yaranan problem həmişə olub, indi yaranan məsələ deyil. Sadəcə hər ailədə bu özünü qabarıq göstərmir. Nəzərə almaq lazımdır ki, cəmiyyət tək dini, hüquqi qaydalarla idarə olunmur. Həm də adət-ənənələrlə, dəyərlərlə idarə olunur. İnsanlararası münasibətlər həm də dəyərlərlə tənzimlənir. Bu gün məsələn, ictimai nəqliyyatda hansısa bir gənc yaşlı insana yer vermirsə, onu heç kim qınaya bilməz. Amma gəlin görək, o, bu addımı atanda özünü mənəvi cəhətdən rahat hiss edirmi? Mən buna inanmıram. Çünki bu bizim dəyərlər sistemidir. Kimsə deyə bilər ki, bu pisdir. Xeyr! Pis yanı olsa da, ümumilikdə dəyərlərin önə çəkilməsi yaxşı haldır. Biz hazırda insanlar arasındakı ünsiyyətin istənilən səviyyədə olmamasından, problemlərin yaşanmasından şikayət ediriksə, belə situasiyanın səbəblərindən biri dəyərlərimizdən uzaqlaşmaqdır. Dəyərlərdən tamamilə uzaqlaşıb, hər şeyi hüquqi müstəvidə həll etmək olmur. Biz dəyərlərin önə çıxarılmasında, insanlararası münasibətlərin tənzimlənməsindəki rolunun qabardılmasında xeyli iş görməliyik. Konsepsiyalar məhz bunun üzərində qurulmalıdır”.

Azərbaycan cəmiyyətində hər hansı valideynin övladını tərbiyə edərkən özünün aldığı tərbiyəyə istinad etdiyini vurğulayan psixoloq hesab edir ki, tərbiyə məsələsində bu günün reallığını nəzərə almaq mütləqdir:

“Valideynlər deyirlər ki, bizim atamız, anamız bizimlə belə davranmayıb. Bu gün böyütdüyümüz uşağa 20 il əvvəlin düşüncəsi ilə istiqamət veririk. Doğru deyil! Hətta müqəddəs kitablarda da deyilir ki, uşaqlar ata-analarından çox zəmanəyə oxşayacaqlar. Ona görə, valideynlər övladla münasibətdə zamanın çağırışını diqqətə almalı, bu tələblərdən çıxış etməlidirlər. Valideynlər isə yeniyetmə psixologiyasını bilməli, ona uyğun davranmalıdırlar. Onlar öz uşağını hansısa bir qonşu usağı ilə müqayisə etməməli, mənəvi baxımdan əzməməlidir.  Hər bir usağı şəxsiyyət kimi qəbul etmək, onun fikrini önəmsəmək lazımdır. Biz toplum olaraq, bu istiqamətdə maariflənməliyik ki, problemlərimiz azalsın”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir