Nurane Serifova 2

Psixoloqa getmək zəiflik deyil, bu, özünə və övladına dəyər verməkdir"- MÜSAHİBƏ

Baxış sayı: 937

Saytımızın “Bizim qonaq” rubrikasının qonağı “Gencaile.az” saytının psixoloqlar arasında təşkil etdiyi və sayca ikinci olan psixoloji məqalə müsabiqəsinin qalibi, “StartSmile academy”nin təsisçi direktoru Nuranə Şərifovadır.

 

 – Ölkənin yeganə ailə saytı olan “Gencaile.az”ın psixoloqlar arasında təşkil etdiyi 2-ci məqalə müsabiqəsinin qalibi oldunuz. Bu uğur sizin üçün nə mənaya gəlir?

– Bu mükafat mənim üçün çox dəyərlidir. Yazdıqlarımın oxucuya fayda verdiyini görmək məni daha da motivasiya edir. Bu uğur mənə göstərdi ki, düzgün mövzulara toxunuram və gələcəkdə daha çox maarifləndirici məqalələr yazmağa təşviq edir.

 

– Uşaq və yeniyetmələrdə psixoloji problemlər niyə artıb?

– Həyat tempi sürətlənib, uşaqlar daha çox telefon və sosial şəbəkələrlə vaxt keçirir. Ailədə ünsiyyət azalanda, uşaq özünü tək hiss edir. Bu da stress, narahatlıq və davranış problemlərinə səbəb olur.

 

– Ailələr uşaqlara psixoloji dəstəyi necə verməlidir?

– Valideyn ilk növbədə uşağı dinləməlidir. Qınamadan, müqayisə etmədən. Uşaqda uzun müddət davam edən qorxu, aqressiya, dərsdən uzaqlaşma varsa, mütləq mütəxəssisə müraciət edilməlidir.

Nurane Serifova

– Psixoloqa müraciətlə bağlı stereotiplər necə aradan qalxa bilər?

– Psixoloqa getmək zəiflik deyil. Bu, özünə və övladına dəyər verməkdir. Maarifləndirici yazılar, real nümunələr və açıq danışmaq bu düşüncələri azalda bilər.

 

– Məktəblərdə psixoloji dəstək necə gücləndirilə bilər?

– Məktəb psixoloqları daha aktiv olmalı, uşaqlarla fərdi və qrup işləri aparılmalıdır. Müəllim–psixoloq–valideyn əməkdaşlığı çox önəmlidir.

 

– Sosial şəbəkələr uşaqlara necə təsir edir?

– Sosial şəbəkələr həm faydalı, həm də zərərlidir. Nəzarətsiz istifadə uşaqlarda özünə inamsızlıq və asılılıq yarada bilər. Valideynlər vaxt məhdudiyyəti qoymalı, psixoloqlar isə uşaqlara düzgün istifadəni öyrətməlidir.

 

– Uşaqların ehtiyaclarını necə anlayırsınız?

– Uşaqları müşahidə edir, oyun terapiyası, testlər və söhbətlərdən istifadə edirəm. Valideynlərlə əməkdaşlıq edərək uşağın davranışlarını daha yaxşı dəyərləndirirəm.

 

– Valideyn–uşaq münasibətlərində ən çox hansı çətinliklər olur?

– Ən çox anlaşılmamaq problemi yaşanır. Valideynlərə tövsiyəm odur ki, uşağı dinləsinlər, hisslərini kiçik görməsinlər və sevgi ilə yanaşsınlar.

Nurane Serifova 1

– Yeniyetmələrdə təzyiqlər psixologiyanı necə təsir edir?

– Akademik gözləntilər, gələcək qorxusu və sosial təzyiqlər yeniyetmələri yora bilər. Onlara dəstək olmaq, uğursuzluğun normal olduğunu anlatmaq çox vacibdir.

 

– Psixoloji sağlamlıq sahəsində nə dəyişməlidir?

– Psixoloji dəstək daha əlçatan olmalı, erkən yaşlardan maarifləndirmə aparılmalıdır. Cəmiyyət psixoloji sağlamlığa fiziki sağlamlıq qədər önəm verməlidir.

 

Söhbətləşdi: Tural Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir