“Gencaile.az” saytının “Oxucular soruşur” rubrikasının qonağı psixoloq Aysu Əliyevadır.
– Uşağım son vaxtlar məktəbə getmək istəmir, hətta hər səhər ağlayır. Bu, sadəcə tənbəllikdir, yoxsa ciddi bir psixoloji problem ola bilər?
– Bu vəziyyət tənbəllikdən çox məktəb fobiyası, eyni zamanda adaptasiya problemi ola bilər.
Məktəb fobiyası kimi uşaqlarda məktəbə getmək zamanı gəldikdə fiziki simptomlar özünü göstərir. Məsələn, ürəkbulanma, qızdırma, qarın ağrısı, ishal və s hallar görülür.
Uşaqlar məktəbdə çətin münasibətlər, müəllimlərlə problem, dərs yükü, ayrılıq qorxusu və ya sosial çətinliklər səbəbilə belə reaksiya göstərə bilərlər. Davamlı olarsa, səbəbi araşdırmaq və uşaqla empatiya qurmaq vacibdir. Uzunmüddətli davam edərsə, psixoloqa müraciət etmək faydalı olar.
– Telefon və planşetlə çox vaxt keçirən uşağımı onlardan uzaqlaşdırmaq üçün nə etməliyik? Texnologiyaya tam qadağa qoymaq doğrudurmu?
– Tam qadağa çox vaxt daha güclü istək və gizli istifadə yaradır. Ən doğru yanaşma mərhələli şəkildə məhdudiyyət qoymaq və uşağa alternativ fəaliyyətlər təklif etməkdir. Uşağa maraqlı oyunlar, idman, açıq hava fəaliyyəti təqdim edin. Qaydanı birlikdə müəyyənləşdirmək (“Gündə 1 saat istifadə edə bilərsən”) daha təsirli olur. Xüsusilə qeyd etmək istərdim ki, uşaqlar biz valideynlərin davranışlarını təqlid edir. Onlara zərərli vərdişlərə qadağa qoyarkən, ən birinci biz özümüz riayət etməliyik.
– İki yaşlı qızım yaşıdları ilə oynamaq istəmir, daim tək qalmağa üstünlük verir. Bu yaşda bu davranış normal sayılırmı?
– İki yaş dövründə uşaqların paralel oyun mərhələsində olması normaldır. Yəni başqaları ilə deyil, onların yanında, amma tək oynaması daha çox rast gəlinir. Bu sosial inkişafın təbii hissəsidir. Əgər zamanla tamamilə sosial təmasdan qaçırsa və ya nitq/emosional inkişafda gerilik müşahidə olunursa, diqqət etmək lazımdır.
Həmçinin tək oynamaq istəməsi onun şəxsiyyətini təsdiq etməsindən qaynaqlı ola bilər. Müstəqillik istəməsi, şəxsi zonasına hərkəsi buraxmaması kimi hallar görə bilərik. Lakin bu normadan çox və şiddətli formada baş tutarsa, uşaqlarda sosial münasibətlər sferasında problem olduğuna işarə ola bilər. Mütləq formada mütəxəssisə müraciət etməlisiniz.
– Uşaqlarda qardaş-qardaş və ya bacı-qardaş arasında yaranan qısqanclıqla necə mübarizə aparmaq olar?
-Qısqanclıq çox təbiidir. Valideynin rolu burada ədalətli olmaq, amma eyni davranmaq məcburiyyətində olmamaqdır. Hər uşağın özünəməxsus vaxtı, söhbəti və diqqət anı olmalıdır. Müqayisə aparmaq olmaz. Hisslərini dilə gətirməsinə imkan verin (“Qardaşına əsəbləşmisən, səni başa düşürəm”).
– Boşanma ərəfəsindəyik və 6 yaşlı oğlumuz var. Bu prosesi onun psixologiyasına daha az təsirlə necə keçirmək olar?
– Ən önəmlisi – uşağı tərəflərin münaqişəsindən uzaq saxlamaqdır. O, günahkar olmadığını bilməlidir. Hər iki valideynin sevgisinin davam etdiyi mesajı verilməlidir. Rutinlər (məktəb, oyun, yatma saatı) mümkün qədər dəyişməz qalmalıdır. Uşağın yanında tərəflər bir-birini mühakimə etməməli və bu prosesi uşağa yansıtmamalıdır.
– Uşaq daim yalan danışırsa, bu davranış haradan qaynaqlana bilər? Bu vərdişin qarşısını almaq üçün nə etməliyik?
– Nəzərə almaq lazımdır ki, uşaqlar 6 yaşına qədər təxəyyülü çox zəngin olduğu üçün gerçəyə uyğun olmayan sözlər , təhrif edilmiş həqiqətləri danışa bilərlər. Hətta bu yaşa qədər uşaqların xəyali oyun dostları belə olur. Gerçəkdə var olmayan, lakin uşağın dostu deyə doya – doya bəhs etdiyi biri… Bu zaman təşvişə düşmək lazım deyil, bu yaş dövrünün təbii parçasıdır. Yalan qavramını uşaqlarda 7 yaşından etibarən istifadə edə bilərik. Uşaqlar bəzən cəzadan qorxduqları, diqqət çəkmək istədikləri və ya fantaziya ilə gerçəyi ayırd edə bilmədikləri üçün yalan danışa bilərlər. Əsas məsələ – onu sərt cəzalandırmaq yox, doğru danışmağın dəyərini göstərməkdir. Danlayarkən tənqidiniz onun şəxsiyyətinə yox, davranışına yönəlməlidir. Məsələn, “sən yalançısan yox , mənimlə gerçəyi bölüşə bilərsənmi” deməyiniz daha sağlıqlı olacaqdır. Dürüstlüyü gördükdə mütləq müsbət reaksiya verin.
– Uşağım çox tez aqressivləşir və əsəblərini idarə edə bilmir. Belə hallarda hansı üsulları tövsiyə edirsiniz?
– Bu qəzəb kontrol problemi ola bilər. Uşaqlar aqressiya ilə çox vaxt emosiyalarını ifadə edə bilmədikləri üçün mübarizə aparırlar.
Ona duyğularını adlandırmağı öyrədin (İndi qəzəbli hiss edirsən).Qəzəbini düzgün şəkildə ifadə və idarə edə biləcəyi alternativ üsullar göstərin (rəsm çək, yaz, nəfəs məşqi et).Valideyn özü də davranışı ilə nümunə olmalıdır. Çünki uşaqlar ən çox valideynin davranışını öyrənirlər.
– Uşaqlarda özgüvənin formalaşması üçün valideynlər gündəlik həyatda nə etməlidirlər?
– Ailədə demokratik tərbiyə mühitinin qurulmasına fikir verilməlidir.
Məsələn , ona seçim imkanı verin (hansı paltarı geyinmək, hansı oyunu oynamaq). Ona söz haqqı tanıyın. Ailənizlə bağlı seçim etməli və ya hansısa çətinlikdə onun fikirlərini alın.
Mütləq şəkildə onun uğurları ilə yanaşı, cəhdlərini də dəyərləndirin. Başqaları ilə, hətta öz bacısı qardaşı ilə müqayisə etməkdən qaçın.Sevginizi şərtsiz ifadə edin.
Kiçik yaşlardan uşağın səsi eşidildikcə, güvəni də güclənir.
– Uşağım gecələr tez-tez qorxulu yuxular görür və ağlayaraq oyanır. Bu, hansısa travmanın əlaməti ola bilərmi?
– Belə hallar daha çox telefon, televizor izləyən və ekrana çox məruz qalan uşaqlarda görülür.
Belə ki, onlar gün ərzində izlədikləri personajlar, aqressiv və qorxunc varlıqları yuxularında görürlər . Çünki izlədiklərindən tez təsirlənirlər. Əgər çox tez-tez təkrarlanırsa, uşağın gündəlik həyatı və əhvalı təsirlənirsə, travma və ya güclü narahatlığın əlaməti ola bilər. Belə hallarda psixoloqla məsləhətləşmək faydalıdır.
– Uşaqların erkən yaşda psixoloqa getməsi doğru sayılırmı? Psixoloqa müraciət üçün hansı əlamətlər siqnal sayılmalıdır?
– Öncəliklə qeyd etmək istəyirəm ki, psixoloqa getmək vahiməli və ya fəlakət bir vəziyyət deyil. Psixoloqa sadəcə “dəlilər “getmir. Psixoloji sağlamlığında , inkişafında hansısa narahatedici durum görürsənsə , dərhal tədbir görməlisən. Valideynin bu siqnalları fərqinə varması üçün isə ən birinci övladını səlis və düzgün şəkildə tanımalı, onun normal günlük rutin və davranışlarını, qısaca desək, normativlərini bilməlidir. Ki, normadankənar situasiyalar görəndə dərhal vəziyyəti dəyərləndirə bilsin. Bəli, psixoloqa getmək yalnız problemli vəziyyətlər üçün deyil, inkişaf dəstəyi üçün də faydalıdır.
Valideyn olaraq ,
-Övladın davamlı olaraq sosial münasibətlərdən qaçırsa;
-Çox güclü qorxu, aqressiya və ya kədər varsa;
-Nitq, diqqət, davranış və ya inkişafda geriləmə müşahidə olunursa;
-Gundəlik , normal fəaliyyətlərini etməkdə çətinlik çəkir , özünü bədbin hiss edirsə və s
– Zərurət yaranan hallarda mütəxəssis yardımı ala bilərsən.
Hazırladı: İlahə Atəş
Qardaş-qardaş arasında qısqanclıq çox təbii bir şeydi. Mənim iki uşağım var və bəzən bir-birinə qısqanclıq edir. Amma mən həmişə onlara başa salıram ki, hər kəs öz yerində dəyərli və unikal bir insandı. Düşünürəm ki, valideynlər bu cür hallarda mütləq ədalətli və bərabər olmalıdılar.