INTERNET

Pul tələsi və ya milyon dollar vədiylə şantaj

Baxış sayı: 672

Adının çəkilməsini istəməyən bir xanım probleminin Lent.az-da işıqlandırılmasını istəyir. Ola bilər ki, onun kimi yüzlərlə eyni halla qarşılaşan vətəndaşımız var.

Xəbərdar edirik, xəbəriniz olsun!

Xanım sosial şəbəkədə özünü Amerika vətəndaşı adlandıran bir hərbçi ilə tanış olub. Bir neçə günlük xoş söhbətdən sonra, xanıma eşq elanı gəlib. Adam dayanmadan evlilik təklifi edib, aşiq olduğuna inandırmağa çalışıb. Xanımın “saqqızını oğurlayandan sonra” İraqda olduğunu, orada bankların işləmədiyini əsas gətirərək ondan kiçik miqdarda pul tələb edib. Xanım verməyincə  bunu özünə dərd etməyən “aşiq”  problemi guya özü həll edib. Vaxtı çox uzatmadan, iki gün sonra əla hərbi xidmətinə görə İraq dövlətinin ona 3 milyon dollar nağd  pulla mükafat verdiyini söyləyib. Əsl macəra da burda başlayır. Gələcək xanımından başqa heç kimə inanmadığını söyləyən hərbçi bu milyonları karqo ilə ona göndərmək istədiyini bəyan edir.  Söhbət 3 milyon dollardan gedir. Qadın heyrətlənib. Karqonu almaq üçün şəxsiyyət vəsiqəsinin surəti, ev ünvanı və telefon nömrəsi tələb olunur. Sadəcə bu. Kənardan baxınca çox cəzbedicidir. Xarici ölkədən kimsə sənə dəli kimi aşiq olur, güvənir və 3 milyon dollar göndərir ki, döyüşdən gələn kimi birlikdə yaşayacağımız bir ev al hazır saxla.

internet

Buna bənzər başqa bir hadisə rayonlarımızdan birində yaşlı bir kişinin başına gəlib. Britaniyalı “iş adamı” ondan telefon və el ünvanını, kart hesabını istəyir. Çünki əhdi varmış, rayonda 2 milyon manat vəsait ayıraraq, məscid tikdirəcəkmiş.

Başqa bir hadisə. Yəməndə qulluq edən daha bir hərbiçi maaş əvəzində dövlətin onlara qızıl külçələri verdiyini söyləyib. “Sən mənə çox yox, 700 dollar göndər, mən burda karqo işlərini, sənədləşməni, vergini həll edim, sənə bir neçə qızıl külçə göndərim”.

Yəqin bu və buna bənzər  100 cür yağlı, cəlbedici yalanlarla   dolu  təklif alanlar var. Qarşı tərəflər saxta profillərdənyazır, inandırıcı olmaq  üçün şəkillər  göndərirlər.

IT mütəxəssisi  Ayaz Şükürov bildirir ki, belə təkliflərin arxsında əsasən böyük şantajlarla pul qopartmaq  istəyi dayanır:

“Xanıma karqo ilə hər hansı qadağan olunmuş, təhlükəli bir məhsul göndərib, əvəzində pul tələb edə bilərlər – təhlükəsizlik qüvvələrinə xəbər verməmək qarşılığında. Çox zaman inamı qazanmaq üçün özləri öncədən bir neçə yüngül hədiyyə göndərə bilərlər.  Və ya sevgi macərası adı altında uyğunsuz görüntüləri çəkib, sonra yaymamaq üçün pul tələb edirlər. Kart hesabını almaqla müxtəlif əməliyyatlar etmək olar. Ümumiyyətlə, bu kimi saxtakarlar hədəfə aldıqları “qurbanları” aldada bilmədiklərini görən kimi, blok edib yoxa çıxırlar. Belə fırıldaqçıların hədəfində yüzlərlə insan olur. Hərəsinindən 10 dollar “qopartsalar” belə, onlara sərf edir. Quranlarını adətən başqa ölkələrdən seçirlər ki, ələ keçmək, axtarılmaq məcburiyyətində qalmasınlar. Son zamanlar azərbaycanlı xanımlara saxta hərbiçilərdən çoxlu sayda eşq elanı gəlib. Elə gənc kişilər də gözəl xanımlar tərəfindən eşq atəşinə tutulub, sonra həqiqətən oda düşürlər. Son dərəcə ehtiyatlı olmaq lazımdır. Ova gedərkən ovlanmayın. Havayı pendir yalnız siçan tələsində olur”.

 

İlhamə Həkimoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir