Dünyada baş verən iqtisadi böhran insanları büdcələrinə necə qənaət edəcəkləri haqda düşündürür. Gəlirlərin sabit qaldığı lakin, ərzaq və komunal xidmətdə olan qiymət artımı insanların nələrə qənaət edə biləcəklərini düşünməyə məcbur edir. İlk olaraq xidmət sektoruna xərclənən vəsaitə qənaətdən başlanılır. Bundan başqa, aylıq xərcləri planlı şəkildə tərtib edilməsi də qənaətin yollarından biridir.
Mövzu ilə bağlı ekspertler də öz məsləhətlərini bildirib.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, qənaət etmək çox vacib məsələdir:
“İlk növbədə daha vacib xərclər ödənilməlidir”.
İqtisadçınin fikirincə, aşağı gəlirli vətəndaşlar üçün qənaət etmək imkanı olduqca məhduddur. Qənaət daha çox orta gəlirli insanlara aiddir.
V.Bayramovun sözlərinə görə, qənaətin həm də psixoloji əhəmiyyəti var:
“Xərclərə fəqli yanaşma ortaya qoyulmalıdır. Böyük Britaniya təcrübəsi göstərir ki, qənaət üçün ailə büdcəsinin planlaşdırılması vacibdir. Hər bir ailə büdcəsinin planlaşdırılmasını aparmalıdır. Belə halda xərclərin istiqamətləri, nələrə qanaətin edilməsinin mümkünlüyü ortaya çıxır”.
Ekspert qeyd edir ki, bunun həm də psixoloji əhəmiyyəti var :
“Minimum istehlak səbətinə uyğun ərzaqlar alınmalıdır. Qənaət etmək istəyən şəxs restoranlarda, kafelərdə deyil, evdə nahar etməlidir. Evdə yemək bişirilməsi qənaətə imkan verir. Geyim xərclərinə qənaət olunmalıdır. Geyim məhsulları uzun müddət istifadə edilə bilər”.
V. Bayramov qənaət rejimində minimum istehlak səbətindən az qidalanmaya yol verilməməsini də vurğulayıb:
“Təhsil, səhiyyə xərcləri bu sıradandır. Yalnız vacib olan xərclərin reallaşması daha önəmlidir. Bunun reallaşması hesabına pula qənaət etmək mümkün olacaq”.
İqtisadçı-ekspert Qubad İbadoğlu ailə büdcəsinə qənaət etməklə bağlı bir neçə qızıl qayda olduğunu deyib və bu sahədə ən yaxşı üsulun ailə xəzinəsi olduğunu söyləyib:
“Ailə üzvləri xəzinəyə eyni vəsait qoyur. Bu, ailənin ümumi xərclərinə yönəldilir. Əsas məqsəd ay ərzində xərcləri həmin məbləğə uyğunlaşdırmaqdır. Yerdə qalan pullar ailə üzvlərinin şəxsi büdcələrini təşkil edir”.
Q.İbadoğlunun söylədiyi “qənaət məsləhətləri”nin 6 qızıl qaydası bunlardır:
1. Mağazaya heç vaxt ac getməyin, yoxsa kassaya yaxınlaşanda səbətinizdə lazımsız və bahalı ərzaqlar görəcəksiz.
2. Maaş alan gün heç bir alış-veriş etməyin. Belə günlər insan lazımsız xərcləmələr edir.
3. Qarderobda qənaət etmək üçün çoxfunksiyalı geyimlərə üstünlük verin.
4. Küçədə yolüstü xırda-xuruş almaq büdcə üçün dağıdıcı vərdişdir. Bu vərdişi tərgitmək üçün yanınızda az pul gəzdirməniz lazımdır.
5. Büdcə çərçivəsindən çıxmaq istəmirsinizsə, əlinizdə pula növbəti dəfə artıq bir şey almaq həvəsi yaranıbsa, bunun nə qədər vacib olduğunu düşünün. Belə olan halda, özünüzə söz verin ki, bunu bir az gec, 3-4 günə edəcəksiniz. Bu dövr ərzində ehtiraslar səngiyəcək.
6. Bahalı kreditlər kasıblar üçün deyil. Odur ki, gündəlik xərclər üçün borca girmək lazım deyil. Yalnız iri alış-veriş edən zaman borc barəsində fikirləşməyə dəyər.
7. Maşın almaq, biznes qurmaq, təhsili davam etmək üçün və s. Hər ay kənara müəyyən məbləğ qoymaq yolu ilə ilkin məbləği toplamaq mümkündür”.
Ekspertin məsləhətinə görə, gündəlik xərclərinə nəzarət edə bilməyənlər, aylıq olaraq qida, yol və xırda xərcləri öncədən müəyyənləşdirsin. Buna əməl olunduğu halda, həmin məbləğdən az hallarda kənara çıxılır. (“Publika.az”)