cib

Pullarımız hara sovrulur?

Baxış sayı: 1. 293

Məşhur filmdə deyir: “Bu pullar hara gedir e, papağını hərləyirsən, görürsən pul yoxdur”. Etiraf edək ki, bu, özümüzün də tez-tez dilə gətirdiyimiz gileydir. Nə qədər qənaət ediriksə-edək, pul cibimizdən qum saatı kimi süzülüb axır. Bəs, film qəhrəmanı demiş, bu pullar hara gedir?!

Maliyyə üzrə mütəxəssislər pulun getdiyi ünvanları araşdırıblar, xüsusən də “getməyə meyilli” pulları tapıblar.

Belə deyirlər ki, insanın cibini boşaldan məhz xırda xərclərdir. “Bir-iki manatla nə olacaq ki?” dediyimiz bu xərclərdən istəsək əməlli-başlı sərvət toplamaq olar. Pulun hara getdiyinə nəzarət etmək mütləqdir. Maaş alınan kimi ya yazılı, ya da şifahi şəkildə xərclənəcək yerlər, ərzaq, yol xərcləri hesablanmalıdır. Təbii ki, pul yığmağa meyilli deyilsizsə, artıq pulu göyə sovurmaq olar.

Bundan başqa, daimi vərdişlər də pulun sovrulma mexanizminə xidmət edir. Gündəlik siqaret, çərəz və s. cibi yavaş-yavaş boşaldan xərclərdəndir.

Dəb – pulun ən əsas qənimi. Mağazaya girirsiz və iş yoldaşınızın, qonşunuzun təzə telefonundan, ayaqqabısından, paltarından vitrində görüb həvəslənirsiz. Dəbli aksessuarlar insanın kollektiv içində nüfuzunu artırar. Təbii ki, nüfuzun yüksəlişinə xidmət etmək də fərd üçün önəmlidir. Amma pulun var olduğu yerdə. Olmayanda isə sözsüz ki, kreditə, borca girirsiz. Nəticədə alınan maaş sahibinə deyil, bank və ya borc yiyəsinin işinə yarayır. Dəbli məhsul isə qarın doyurmur.

Kredit məsələsini bir az da qabardaq: deyək ki, həqiqətən də yeni məhsula ehtiyac var. Maaş əl verməyəndə kredit götürmək şərtdir. Amma bu yerdə də ayaqla yorğanın ölçüləri uyğun gəlməlidir.

Yeri gəlmişkən, borc almağın bir də borc verməyi var. Bu gün istəyən, sabah verməyi bacarmalıdır. Əlbəttə, yaxın dost və ya qohuma borc vermək, əl tutmaq lazımdır. Bir şərtlə ki, o borc geri qayıtsın. Yoxsa xeyriyyəçilik maaşla işləyən adamı tezliklə digər xeyriyyəçinin qapısına salar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir