Ölkəmizdə yeni çəkilən “Xoxan” və “My Name is İntiqam” filmləri buna bariz nümunədir. 4-8 manat pul verib kinoya baxmağa çalışan vətəndaş əslində hansısa kolbasa məhsulunun və ya tikinti şirkərinin bir saatlıq reklamına baxmaq məcburiyyətində qalır.
Kinoların çəkilməsi üçün sponsora ehtiyac duyulduğunu anlayırıq. Lakin reklamı gizlin şəkildə etmək olmazdımı?
Kinoşünas, professor Aydın Dadaşov Milli.Az-a açıqlamasında bildirib ki, filmlərdə reklam gizli olarsa, sənətkarlıq səviyyəsi də güclü olar.
Onun sözlərinə görə, dünya miqyasında çəkilən filmlərdə reklamın olması normal sayılır: “Sponsor pul verirsə, reklam olunmalıdır. Amma bu latent, gizli reklam olmalıdır. Reklam film boyu görünürsə, tamaşaçının gözünə soxulursa, bu, əslində, qeyri-peşəkarlıqdı. Amma demək olmaz ki, niyə reklam olunur. Reklam dolayı yolla olunmalıdır. Həqiqət pıçıltı ilə doğulur. Əslində, bu təhrikedici amil də sayılmır, sənətkarlıq odur ki, onu büküb verəsən”.
A.Dadaşov hesab edir ki, filmlərə sponsorların olması yaxşı haldır, buna qarşı getmək olmaz. Ancaq reklamlar gizli olsa, sənətkarlıq məsələsi də yüksək olar. Məsələn, “Paramount” şirkəti var ki, gəmi qəzalarına aid filmlərin sponsorudur. Onların rəqibləri gəmiçilərdir və istəyirlər insanlar təyyarə ilə uçsunlar. Türkiyədə qəhvəçilərlə çayçıların rəqabəti var. Hər ikisi filmlərə pul verir, amma açıq formada demirlər ki, qəhvə adamı öldürür, bunu dolayı yoll edirlər. Həsən bəy Zərdabi deyir ki, ödənişli məqalələr azad sözün açarıdır – yalnız gerçəkliyə xəyanət etməmək şərtilə.
Kinoşünasın fikrincə, yeni filmlərə tamaşaçı axını var və bu filmlərin təkrar istehsala cəlb olunması üçün lazımdır: “Qoy büdcədən süni nəfəslə yaşamasın. Belə vəziyyətdə kimlərsə filmə pul verirsə, bunu alqışlamaq lazım. Üzeyir bəy deyib ki, hər hansı ideya zəncəfil kimi, müxək kimi bükülüb verilsin. Bu reklamı açıq vermək olmaz. Əsas odur şirkətlər pul versin, sənətkarlıq məsələsi düzələcək”.