bosanma

Pulun var-boşan, yoxdursa-dolan!

Baxış sayı: 573

Son zamanlar nikahın pozulmasına görə “cərimə” tətbiq edilməsi və bununla boşanmaların qarşısının alınması ideyası cəmiyyətdə geniş müzakirə olunur. Sual yaranır: bu, ümumiyyətlə qanunvericilik səviyyəsində mümkündürmü və Konstitusiyaya uyğun hesab edilə bilərmi?

Tanınmış vəkil Cavad Cavadov bildirir ki, Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.

Nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Əsas Qanuna görə nikah könüllü bağlanıldığından, onun pozulması da könüllü əsaslarla həyata keçirilməlidir.

Nikahın xitamı üçün əlavə maliyyə sanksiyalarının, cərimələrin nəzərdə tutulması ailəni faktiki olaraq “məcburi birlik”ə çevirə bilər. Yəni şəxs nikahda qalmaq istəmir, lakin boşanacağı halda ciddi maliyyə sanksiyası ilə üzləşəcəyini bildiyi üçün bundan çəkinir. Bu isə Konstitusiyada təsbit olunmuş ailə qurmaq və ailəni tərk etmək azadlığının mahiyyətinə zidd kimi qiymətləndirilə bilər.Boşanmaya görə cərimə tətbiq edilməsi faktiki olaraq şəxsin ailə vəziyyətini dəyişmək hüququnun “pullu” olması deməkdir. Bu, xüsusilə iqtisadi vəziyyəti zəif olan tərəfin qeyri-ixtiyari şəkildə nikahda qalmasına səbəb ola bilər. Belə hal isə şəxsi azadlığın məhdudlaşdırılması və ya dolayı məcburiyyət kimi beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edə bilər.

Avropa İnsan Hüquqları Konvensiyasının 12-ci maddəsi (Nikah qurmaq hüququ) nikahın pozulması məsələsində dövlətlərə müəyyən diskresion səlahiyyətlər versə də, istənilən müdaxilə mütənasib olmalıdır. Cərimə isə mütənasiblik prinsipini poza biləcək sərt “cəza” mexanizmi kimi qiymətləndirilə bilər.

Hazırda qüvvədə olan qanunvericiliyə görə nikahın pozulması zamanı məhkəmə tərəflərdən birinin razılığı olmadığı halda barışıq üçün üç ayadək müddət verə bilər. Lakin bu imperativ norma deyil. Yəni məhkəmə zəruri hesab etmədiyi təqdirdə həmin müddəti vermədən də nikahı poza bilər.Qanunvericilik bu istiqamətdə dəyişdirilə bilər, məsələn, barışıq müddəti artırıla və məhkəməyə daha geniş imkanlar verilə bilər. Lakin bu, tərəflərin azad iradəsini kökündən məhdudlaşdırmayan, daha çox “fikir dəqiqləşdirmə” funksiyası daşıyan mexanizm olmalıdır. Barışıq üçün vaxt verilməsi yumşaq müdaxilədir; cərimə ilə hədələmək isə boşanma hüququna sərt maneədir. Eyni zamanda, nikah dövründə və nikah pozulduqdan sonra valideynlərin müəyyən öhdəlikləri saxlanılır. Buraya uşaqların saxlanılması (aliment) və əmək qabiliyyəti olmayan ər-arvadın saxlanılması öhdəliyi daxildir. Dövlət artıq aliment mexanizmi vasitəsilə ailə üzvlərinin maraqlarını qoruyur. Buna görə də boşanma zamanı əlavə maliyyə sanksiyalarının tətbiqi həm hüquqi baxımdan artıq, həm də sosial baxımdan ədalət hissini zədələyə bilər.Boşanma azadlıqdır, cərimə isə məhdudiyyətdir. Dövlət ailəni qorumaq istəyirsə, bunu cərimə mexanizmi ilə deyil, sosial və hüquqi dəstək vasitələri ilə həyata keçirməlidir.

 

E.MƏMMƏDƏLİYEV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir