Nə bilərdik ki, bir vaxtlar məşhur musiqili komediya filmimizdə – “O olmasın, bu olsun”da maraqla baxıb güldüyümüz “Pulun var, gələrəm” səhnəsi illər sonra həyat səhnəmizə çevrilib əvvəlki qəhqəhəmizi acı gülüşlə əvəzləyəcək… Belə isə buyurun, oxuyun. Müasir dövrümüzün utandırıcı nuanslarından biri haqqında- əksər qızların pullu, evi, maşını, vəzifəsi olan oğlan axtarmasından, beləsini tapmazsa, ailə qurmaq fikrində olmamasından danışmaq istəyirəm. Bəli, həqiqətən də bu, günümüzün həm utandırıcı, həm də düşündürücü məsələsidir. Haradan qaynaqlanir bu istək və arzular? Bunları gənclərin beyninə kim yükləyir? Onlar nəyə əsasən belə qənaətə gəlirlər?..
Hansı ki, vaxt vardı, bu kimi gülünc fikirlər əsla ağıla gəlmirdi. İki insan bir-birini bəyənirdisə, anlayırdısa, aralarında məhəbbət yaranırdısa, burada oğlanın nə evinin, maşının olub-olmaması, nə də hansısa bir vəzifədə çalışıb-çalışmaması heç bir rol oynamırdı. Gənclər bu məsələləri həyatın axarına buraxırdılar. Bu barədə düşünməyə belə ehtiyac qalmırdı. Çünki təhsil alan hər bir gənc təbii ki, hansısa bir vəzifədə çalışacaq, qarşıda evi də, maşını da olacaq.
Lakin indi həyatımızda hər şey kimi, ailə qurmaq məsələsində də saymaqla bitməyən dəyişikliklər meydana çıxıb ki, bunların heç biri bizim ailə və milli mənəvi dəyərlərimizə uyğun deyil. Bu kimi arzu və istəklərlə biz əsrlərdən bəri qoruyub günümüzədək gətirib çıxara bildiyimiz ailə institutunu “müasir” şəklə salırıq. Lakin bu “müasirlik” əslində elə bir zərbədir ki, bunun acı nəticələrini illər sonra hiss edəcəyik.
Kirayə evlərdə başlanan həyat…
Orta yaş qrupunda olan nəslin nümayəndələri demək olar ki, ailə həyatına kirayə evlərdə başlayıblar. Ya işlə, ya yaşayış yeri ilə bağlı, ya da müəyyən səbəblərdən ata-anasının yanında yaşaya bilməyən gənclər olub ki, ailə qurandan 2-3 gün sonra kirayələdikləri evlərə köçüblər. Lakin bunu problem edən olmayıb ki, bizim nə üçün evimiz yoxdur.
Bu gün çoxları kirayələrdə başlanan ailə həyatından gözəl, həm də unudulmaz xatirələrlə danışa bilər. Kirayələrdə dünyaya gələn övladlarından, bu evlərdəki səadət dolu günlərdən, xoşbəxtlikdən söhbət aça bilər. Çünki iki gəncin təmənnasız sevgisi, məhəbbəti ilə dolurdu bu evlər. Divarlara hopan bu ülvi hisslər o evin kirayəmi, yoxsa özünün olduğunu ağıla belə gətirmirdi. Ailə həyatına kirayə evdə başlayan biri kimi deyə bilərəm ki, həmin evlərdə heç də bu gün kirayələrdə yaşayanlardan fərqli həyat sürmürdük. Bəzən kirayə pulunu düzəldib ev sahibinə verə bilmirdik, bəzən gündəlik təlabatımızı ödəyə bilmirdik, süfrəmizə istədiyimiz nemətləri düzə bilmirdik. Bəzən əşyalarımızı yerləşdirməyə bir dolab tapa bilmirdik. Bu ayın maaşından növbəti ayın maaşınadək xeyli problemlərimiz olurdu. Bəzən ev sahibi evdən çıxmağı barədə xəbərdarlıq edirdi. Günlərlə yeni kirayə ev axtarırdıq. Çox əziyyətlə yeni kirayə mənzilimizə daşınırdıq. Lakin bunların heç biri “nə üçün evimiz yoxdur?” problemini yaratmırdı. Evimizin bir gün olacağı arzusu ilə həyatla mübarizə aparırdıq.
Daha sonralar isə gənclər evlərini də alırdılar. Kirayədən öz yuvalarına köçürdülər. Hər ikisi əl-ələ verib həyatla mübarizə apararaq, işləyib-çalışaraq bunu bacara bilir, istədikləri hər şeyə nail olurdular.
Həyatla mübarizə də maraqlı məsələdir axı. Mübarizə həyatı rəngarəng, mənalı edəndir. Düşünəndə ki, ailə qurduğun andan etibarən həm evin, maşının, evinin hər təminatı var, bəs sonra nə ilə mübarizə edib həyatı maraqlandıra bilərsən? Bunları söyləməkdə məqsədim heç də əvvəldən evin, maşının olmasına qarşı çıxmaq deyil. Əlbəttə, olarsa, rahatlıq da olar, əmək haqqı da ailənin digər ehtiyaclarına, istirahətinə sərf olunar. Lakin məqsədim bunlarsız da ailə həyatına başlamağın mümkün olduğunu izah etməkdir. Belə isə nə üçün əksər qızlar pullu, vəzifəli, evi, maşını olan oğlan axtarırlar?
İlk tanışlıq, yoxsa ilkin axtarış?..
Ətrafımızdakı müşahidələrimizə, gördüklərimizə və şahidi olduqlarımıza əsasən deyə bilərik ki, hazırda qızlar var, onların məqsədi ailə quracağı oğlanla ilk tanışlıq deyil, onunla bağlı ilkin axtarışdır. Yəni qızlarımız var ki, ilk olaraq ailə quracağı adamın xasiyyəti, keyfiyyəti əvəzinə, ilkin axtarışlara çıxaraq onun evi, maşını, vəzifəsi, pulunun olub-olmaması ilə bağlı araşdırmalar aparır. Və yaxud da ailə qurmaqdan söhbət düşəndə açıq şəkildə bildirir ki, pulu, evi, maşını olmayan oğlanla evlənməyəcək.
Hələ qızlarımız var ki, tanış olduğu oğlanın qarşısına belə bir şərt də qoyur ki, biz ailəndən ayrı yaşamalıyıq. Çox halda isə onların tanışlığı elə bu təklifin oğlan tərəfindən rədd olunması ilə də sonlanır.
Bəs qızlarımızı bu cür düşünməyə vadar edən səbəblər nələrdir? Əlbəttə ki, bəzi anaların səhv tərbiyəsi, bir də sosial şəbəkələrdir. Bu gün istənilən sosial şəbəkələrdə qızlara düzgün yol göstərməyən qruplar mövcuddur. Məsələn, “qadınlar qrupu” kimi. Bu qruplarda adlarını bildirməyən gənc qadınlar ailələrində olan problemləri bölüşürlər. Qayınana-gəlin, ər-arvad münasibətləri, oğlanın maddi vəziyyəti, qızların cehizi, ailə münasibətlərindəki nüanslar burada müzakirə olunur. Vurğulayım ki, gənc qızlarımızın əksəriyyəti də bu söhbətlərin iştirakçısıdır.
Bu yaxınlarda həmin söhbətlərə mən də bir nəzər saldım. Bir gənc xanım qayınanasından yamanca gileylənir və gənc qızlara çağırış edirdi ki, nəbadə qayınana yanında qalasınız, evlənəcəyiniz oğlanla şərtiniz ayrı yaşamaq olsun. Əks halda mənim başıma qayınanamın açdığı oyunlarla qarşılaşa bilərsiniz. Başqa bir gənc qadın isə yoldaşından gileylənir, qazancının az olmasından, bunun da maddi vəziyyətlərinə təsir etdiyindən danışırdı.
Ümumiyyətlə, belə qruplarda saysız bu cür söhbətlər gedir ki, bütün bunlar da qızlarımızda pullu, evi, maşını olan oğlan axtarmaq kimi istəklər formalaşdırır.
Qayınana ilə bilrkdə yaşamaqdan qorxudulan qızlar bu problemin qarşısını əvvəldən almağa çalışır, ailə quracağı adamın qarşısına şərt qoyur ki, bəs evimiz ayrı olmalıdır. Qruplarda müzakirə mövzusu olan digər söhbətlər isə əksər qızlarımızı pullu, evi, maşını, vəzifəsi olan oğlanlar axtarmağa sövq edir.
Xoşbəxtlik pul, ev, maşın, vəzifə deyil
Lakin şüurlu şəkildə anlamaq lazımdır ki, pul, ev, maşın, vəzifə heç də xoşbəxtlik deyil. Bunların hamısı maddiyyatdır ki, bunu daha sonra da əldə etmək mümkündür. Lakin ailə qurmaq məsələsində ilkin olan iki gəncin bir-birilərini anlamaları, sevmələri, bir-birinə təmannasız hisslərlə bağlanmalarıdır. Bu gün kimlərsə ev, maşın, vəzifə axtarışına çıxıb ailə qurmasını ləngidirsə, bəs sabah ölkəmizdə bu, yeni ailələrin qurulmasına, uşaqların artımına mənfi təsir göstərəcək axı.
Yuxarıda qayınana-gəlin, ər-arvad münasibətlərinə toxunduq. Birincisi, anlamalıyıq ki, bu söylənənlər hər bir ailəyə məxsus deyil. Minlərlə ailə var ki, qayınana-gəlin bir evdə illərdir, yaşayır, heç bir problem olmadan. İllərdir ki, ailələr qurulur, ər-arvad arasında maddi imkanla bağlı heç bir söhbət olmur. Kimlərinsə sosial şəbəkələrdə başına gələnləri danışması o demək deyil ki, bunu oxuyan qızların hamısının taleyi belə olacaq. İkincisi, bəli, bu, bir faktdır, qayınanalar var ki, gəlini ilə münasibətlərində günahkar tərəfdır. Övladı yaşda olan gəlininə öz uşaqlarına əsla etmədiyini edir. Hansı ki, o da onun bir övladıdır. Saysiz faktlar var ki, bu faktlara əsasən dağılan ailələrdə günahkar qayınanalardır.
Nə üçün hazırda qızlar ayrı yaşamaq istəyirlər? Buna səbəb olan qayınanaların düşünməyə ehtiyacları var. Bu problemin yaradıcısı çox halda onlardır. Bir böyük kimi düşünsələr ki, oğlumuzun sevdiyi qadın bizə oğlumuz qədər doğmadır, düşünürəm ki, belə problemlər də yaranmaz. Həm də bütün cəmiyyətə sirayət etməz ki, qayınana yanında yaşamaq məşəqqətdir.
Qızlarımızın həyat yoldaşlarının qazancının azlığına dözümsüzlüyünə, “rəfiqəmin ərinin maşını var, mənim niyə olmasın?”, “qonşu gəlin gündə bir paltar geyinir, mən də istəyirəm”, “qayınanam mənə bu sözü nə üçün dedi?” təfəkkürünə gəlincə isə, bunlar yanlışdır, əziz gənc qadınlar. Həyat yoldaşının qazancı az da olar, çox da. Maşını tez də ola bilər, gec də, vəzifəsi ola da bilər, olmaya da. Əsas məslə bütün bunlara tablaşıb ailəni qorumaq, onun dağılmasına bu kimi cılız məsələlərlə rəvac verməməkdir.
Pulun var, “gələrəm”…
Bəli, pulun var, gələrəm söyləməyin özü qürursuzluğu göstərən bir amildir. Gənc bir qız həyat yoluna başlayacağı adamın qarşısına necə şərt qoya bilər ki, pulun, evin, maşının var? Bunları öz qüruruna sığışdırıb necə soruşmaq, öyrənmək olar ki, sonra qərar verəsən ki, onunla evlənmək olar, ya olmaz…
Elə buna görə də qürur insanın yaraşığı, ən gözəl keyfiyyətidir, unutmayaq. Qürur insanın özünün özünə olan hörmət hissidir. Onlarla ailə tanıyırıq ki, həyat yolçuluğuna bir nikah haqqında şəhadətnamə ilə çıxıb, indi təminatlı ailələrdir. Evləri də, maşınları da, pulları da var.
Lakin onlarla ailələrin də şahidi olmuşuq ki, pulu da yetərli olub, evləri, maşınları, hələ üstəlik vəzifəsi də olub, ancaq hazırda ən kasıb vəziyyətdə yaşan ailələr sırasındadır.
Deməli, əziz qızlarımız, evi, maşını, pulu, vəzifəni başlanğıcdan fikirləşmək, bunun axtarışına çıxmaq sadəcə gülüncdür. Gəlin beyinlərimizdə kök salmaqda olan “pulun var, gələrəm” istəyindən vaz keçib, həyat quracağımız insanda mənəvi dəyərləri axtaraq. Əgər bu, varsa, deməli, yeni həyata başlamaq olar. Sonra Yaradan bu ailənin ruzisini yetirəcək, gələcək üçün hər bir təminat olacaq. Səbir, dözüm, dəyanət Ulu Tanrının sevdiyi dəyərlərdir ki, bu xüsusiyyətlərə malik olanlara zaman-zaman hər şeyi bəxş edir. Gəlin, böyük səbirlə, təmkinlə gələcəyə baxaq. Ailələrimizi ülvi, saf hisslər üzərində quraq ki, onu heç kəs bizdən satın ala bilməsin. “Pulun var, “gələrəm” ifadəsi qoy həmişə hər bir azərbaycanlı ailəsinin elə filmdə baxıb güləcəyi bir səhnə olsun. Bu səhnə əsla düşüncələrimizə təmas etməsin. Yoxsa, itirəcəklərimiz çox olar…
Mətanət Məmmədova