ders

Qəbul imtahanında yeni qayda: çaşqınlıq, yoxsa yeni fürsət imkanı?

Baxış sayı: 1. 402

«Bir abituriyent iki qrup üzrə qəbul imtahanı verə biləcək»- Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin  2019-cu ildən tətbiq ediləcək yeni model barədə açıqlaması abituriyentlərin qarşısında yeni imkanlar yaratmaqla bərabər, çoxsaylı suallar da yaradıb. Belə ki, cari tədris ilində XI sinfi bitirənlərə iki dəfə qəbul imtahanlarında iştirak etmək imkanı veriləcək. “Keçən il bu yenilik yalnız bir qrup çərçivəsində tətbiq edilib. Yəni, abituriyent qəbul imtahanının birinci mərhələsində hansı qrup üzrə iştirak etmişdisə, iyulda keçirilən ikinci imtahanda da eyni qrupun imtahanında iştirak etməli idi. Gələn il isə hər abituriyentə iki fərqli qrup üzrə də imtahan vermək şansı tanınacaq. Onlar istəsə, qəbul imtahanlarının hər ikisində eyni və ya fərqli qrupda imtahan verərək, ali məktəblərə qəbul müsabiqəsində iştirak edə biləcəklər” – deyə DİM sədri bildirib.

Abbaszadə bildirib ki, 2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq. Buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür. M.Abbaszadə qeyd edib ki, abituriyentlər qəbul imtahanında 3 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq. DİM sədri həmçinin qeyd edib ki, yeni imtahan modelinə əsasən, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcək: Yeni imtahan modeli ətrafında yaranan suallar isə təkcə gününü repetitora həsr edən və yalnız imtahan verəcəyi qrupun fənləri üzrə hazırlaşan şagirdləri deyil, cibindəki son qəpiyini övladının təhsilinə yönəldən valideynləri, eləcə də müəllimləri və ekspertləri düşündürür. Orta məktəbi bitirən və ixtisas seçimini konkret müəyyənləşdirən abituriyent ikili seçim qarşısında qalmayacaqmı? Yalnız seçdiyi ixtisas üzrə fənlərdən əlavə, seçə biləcəyi digər qrup üzrə fənləri oxumağa onun maddi, fiziki və intellektual imkanları yol verəcəkmi? Ya bəlkə imtahan vermək və ali məktəbə qəbul olmaq üçün ən optimal model budur? DİM sədrinin “2 ildən sonra yeni növ buraxılış və qəbul imtahanlarında abituriyentləri, şagirdləri nə gözləyəcəyi ilə bağlı bütün suallara cavab vermək üçün maarifləndirmə işi bütün regionlarda aparılacaq”-deməsinə baxmayaraq, belə deyək, vaxtı qabaqlayıb, yeni imtahan modelindən gözləntilərlə bağlı ekspertlərin fikirlərini öyrənməyə çalışdıq.

Mövzu ətrafında söhbətləşdiyimiz ekspertlərin də yeni imtahan modelinə münasibətləri birmənalı olmadı. Belə ki, təhsildə “irəliyə addım” deyənlərlə yanaşı, bunu abituriyentlərin qarşısında dilemma kimi dəyərləndirənlər oldu.

 

Özünü yoxlamaq istəyirsənsə, seçimin var

“Fikrimcə, yeni model «Ödənişini et, özünü yoxla» seçimini verir. Amma planlama baxımından qeyri-müəyyənliklər yaradır” deyən «Kaspi» Təhsil Şirkətinin direktoru Elnur Əliyevin sözlərinə görə, yeni model abituriyentlərə imtahan zamanı başqa ixtisas üzrə yalnız seçim imkanı verir. Yəni ikinci qrupda lazımı bal toplayıb, həmin qrup üzrə ixtisas seçməyə onlarda maraq ola bilər. Bu baxımdan, abituriyentlərin seçim imkanları genişlənir: “Bir fərq budur ki, qruplar üzrə bəzi fənlər üst-üstə düşür. Buraxılış imtahanlarında isə bütün fənlər eynidir. Birinci və dördüncü qruplarda, həmçinin ikinci və dördüncü qruplarda  iki fənn üst-üstə düşür. Belə çıxır ki, abituriyentlər bir qrup üzrə hazırlaşıb ikinci qrup üzrə də imtahan verməlidirlər. Demək, əlavə imtahan verib özünü yoxlamaq istəyirsənsə, seçimin var”. E.Əliyev yeni modelin faiz olaraq ciddi dəyişiklik və ya maraq yaradacağına o qədər də əmin deyil: “Bu, şagirdlər üçün əlavə yük, özünü riskə atmaqdır. 3 fənnə kifayət qədər vaxt ayıra bilməmək, üstəlik, digər fənlər üzrə hazırlaşmaq çox az sayda şagirdin bacaracağı iş ola bilər. Əvvəldən iki qrup üzrə hazırlaşmaq istəyən şagirdlərin ola biləcəyinə inanmıram. Şagird bəlkə məktəbdə özünü yoxlamaq üçün həmin fənlərə fikir verə bilər. Bu modeldə ixtisasa məhəbbətlə planlama paralel baş verir”. E.Əliyev hesab edir ki, əgər abituriyentin hər hansı ixtisasa marağı varsa, o, qarşısına yalnız həmin qrup imtahanları üzrə hazırlaşmağı məqsəd qoyur. Onu nə qədər həvəsləndirsələr də, başqa sahəyə köklənmir. Amma bəzi abituriyentlər də var ki, «təki universitetə daxil olum» deyir ki, onlar üçün hansı qrup üzrə imtahan verməyin fərqi yoxdur. Yeni model o qrup uşaqların planlaşmasını qəlizləşdirəcək. Həmçinin insanları bir az çaşbaş sala bilməklə yanaşı, valideynləri “bir əldə iki qarpız tutmaq” istəyi ilə üz-üzə qoyacaq.

 

İrəliyə addım 

Professor Şahlar Əsgərov isə yeni modeli “totalitar quruluşdan demokratik keçidə adlamağın pillələri” kimi müqayisələndirir: “Biz bu keçidi 2-3 pillə ilə də, bir pillə ilə də keçə bilərik. Hər dəfə bir pillə qabağa gedirik. Bu imtahanların hamısı totalitar mənada imtahandır. Bu gün dünya tamam başqa şeylər haqda düşünür. Hamı yaxşı bilir ki, bu gün öyrətdiyimiz biliklər 30 il sonra heç kimə lazım olmayacaq. Belə olan halda, bu qaydalarla imtahan götürməyin nə mənası var?” Bununla belə yeni modeli “irəliyə  addım” adlandıran təhsil eksperti həmçinin qaydanın abituriyentlərin azadlığını artıracağını güman edir: “Ancaq hədsiz azadlığın özü də qeyri-azadlığa gətirib çıxarır. Bu cür qərarlar üçün pedaqoqlar, mütəxəssislər, valideynlər, filosofların və b. fikirləri öyrənilməlidir”.

 

Sistem tam oturuşana qədər dəyişikliklər qaçılmazdır

Qaydaların tez-tez dəyişməsinin əleyhinə olduğunu deyən təhsil üzrə ekspert Nadr İsrafilov heç bir  dəyişikliyin birmənalı qarşılanmadığını deyir: «Təcrübə göstərir ki, bizim tətbiq etdiyimiz qaydalar arzuolunan effekti vermir. Ona görə qaydaların dəyişdirilməsi və optimallaşdırılması istiqamətində iş getməlidir. Bu qiymətləndirilmə sistemi ta oturuşana qədər, təkmilləşmə prosesi qaçılmazdır. Çünki təhsil inkişaf edir, dünya təcrübəsi var. Hal-hazırda təhsil sahəsində kursumuz təhsilin hamı üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə bir sıra işlər görülüb. Məsələn, universitetlərdə hazırlıq kursları yaradılıb. Ötən ildən başlayaraq, müvafiq balı toplamaq üçün tələbələrə ikinci şans verilib. Növbəti ildən digər bir şans da veriləcək ki, əlavə qrup üzrə imtahan versinlər. Bunlar hamısı məzunun ali məktəbə daxil olması üçün daha geniş imkanlar açır. Hesab etmirəm ki, bunların hamısının keyfiyyət sarıdan əhəmiyyəti olacaq. Bunu proseslərin gedişatı göstərəcək”. Ekspertin fikrincə, yeni model gələcəkdə buraxılış və qəbul imtahanlarını birləşdirməkdə, abituriyentin ali məktəbə qəbulunu təmin etməyin mümkünlüyünə imkan verəcək. Bunlar hamısı eksperiment xarakterli tədbirlərdir. Təbii ki, bunlar birmənalı qarşılana bilməz”. Ekspert hesab edir ki, qəbul imtahanlarının 400, buraxılış imtahanlarının maksimum 300 balı yarıbayarı, proporsional götürülür. Belə ki, həm orta məktəbin bilikləri nəzərə alınacaq, həm də qəbul imtahan nəticələri əsas götürülüb ümumi bir nəticə çıxarılacaq: “Bu sistem tam oturuşana qədər dəyişikliklər qaçılmazdır. Fikrimcə, dəyişilmə prosesi hələ uzun müddət davam edəcək. Hələ tam kütləvi təmayülləşməyə, 12 illik təhsilə keçmə məsələlərimiz var və bunlar yeni xarakter alacaq. Hesab edirəm ki, biz yalnız bu qayda ilə kifayətlənən deyilik. Hərçənd, bu qaydaları tam təkmil hesab etmək olmaz, amma köhnə qaydalarla müqayisədə şübhəsiz ki, bunlar irəliyə addımdır».

Təbii ki, yeni imtahan modeli abituriyentlərə qeyri müəyyənliyin gətirdiyi çaşqınlıqla bərabər, yeni fürsət imkanı da verəcək. Ekspertlərin dediyi kimi, bunu dolayısı ilə arzuladığı qrupdan savayı, bəxtin və ya şansın gətirəcəyi qrup üzrə imtahan da adlandırmaq olar. Əlbəttə, yeni qayda tətbiq olunana qədər digər eksperimentlər də çox olacaq…

 

Təranə Məhərrəmova

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir