muharibe-jurnalist

Qələmdən silaha sarılan qəhrəman jurnalistlərimiz

Baxış sayı: 477

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür. Azərbaycanda jurnalistlər hər il bu günü peşə bayramı kimi qeyd edir. Milli Mətbuat Günündə 44 günlük müharibədə iştirakçları ilə tarix yazan qəhrəman jurnalistlərlə söhbətləşdik.

mail esgerov

Azərbaycan mətbuatının tanınmış siması, ARB telekanalının Media və Mətbuat şöbəsinin rəhbəri, jurnalist, baş leytenant Mail Əsgərov:

“Sentyabrın 30-da müharibəyə yola düşdüm. Bir həftə hazırlıqdan sonra döyüşə atıldıq. Bir həftə döyüşün aktiv fazasında, düşmənlə təmas xəttində döyüşdüm. Söhbət Vətənin müdafiəsindən, torpaqlarımızın bütövlüyü uğrunda döyüşdən gedirsə burada hansı peşədə çalışmağından asılı olmayaraq hər kəs müsəlləh əsgərə çevrilir. Müharibə təbii ki, hamı üçün çətindir. Amma 44 günlük savaşda Azərbaycan ordusunda böyük ruh yüksəkliyi vardı. Elə bizi qələbəyə aparan səbəb də bu idi. Bu anı yaşamaq sözlə ifadə edilə bilməz. Biz uzun illər idi işğal altında olan torpaqlarımızı azad etmək uğrunda döyüşə atılmışdıq. Bizi düşməndən fərqləndirən, ruh yüksəkliyi verən də bu amil idi. Hər zaman informasiyanın içərisində olsam da, cəbhədə ancaq təminat gələndən-gələnə xəbər ala bilirdik. Müharibədə nə qəzetə əlimiz çatırdı, nə də ki internetə. Təhlükəsizlik baxımından biz telefonumuzu arxada qoyub gəlmişdik. Hamımız orada prezidentin çıxışını gözləyirdik. Bir-birimizə deyirdik ki, görəsən Cənab bu gün hansı kəndin, şəhərin işğaldan azad olunduğunu açıqlayıb. Prezidentin hər çıxışı bizə döyüş əzmi, döyüş gücü verirdi. Mənim döyüşdüyüm yer çox strateji yer idi. Füzuli döyüşün ən ağır getdiyi ərazi idi. Düşmən üçün Füzulini itirmək məğlub olmaq demək idi. Füzulini işğaldan azad etmək bizə Şuşaya yol açırdı. Belə də oldu. Mən oktyabrln 15-də Füzilinin Qaraxanbəyli kəndi ərazisində yaralandım. Mənim üçün həmin gün müharibədə iştirak bitsə də, müharibə hələ davam edirdi. Ürəyim cəbhə bölgəsində, döyüş yoldaşlarımın yanında idi”.

M. Əsgərov bildirir ki, Vətən müharibəsində iştirak onun həyatında çox şeyi dəyişib. Qəhrəman jurnalist deyir ki, iki ildir ki, torpağa ayağını basan hər gün qürur hissi keçirir: “Qürur duyuram ki, bu torpaq üzərində yaşamağa haqqım çatır. Az da olsa bu xalq, Vətən üçün nəsə etmişəm”.

rasim bayramov

 

Media Təhlil Mərkəzinin əməkdaşı, baş leytenant Rasim Bayramov:

“Vətən Müharibəsinin nəticələri Azərbaycanda bir çox digər sahələr kimi jurnalistikada mühüm dəyişikliklərə, yeni reallıqlara səbəb oldu. Bu dəyişiklik ilk növbədə belə demək olarsa, jurnalstikanın ruhunda özünü göstərir. Azərbaycan jurnalisti prosesləri qalib ölkənin media nümayəndəsi kimi işıqlandırır və bunun insana, xüsusən də media nümayəndəsinə verdiyi zövqü, sevinci sözlə ifadə etmək çox çətindir”.

Həmsöhbətimiz deyir ki, postmüharibə dövründə Azərbaycan reallıqlarının tarix səhifələrinə köçürülməsində də jurnalistikanın üzərinə daha böyük məsuliyyət düşür: “İlk növbədə o baxımdan ki, jurnalist qələmi ilə hər gün üçün yazılan tarixin möhtəşəmliyi Azərbaycanın müharibədə qazandığı böyük qələbəyə adekvat olmalıdır, hər bir nüans, hər bir incə məqam nəzərə alınmalıdır. Bu mənada postmüharibə dövrünə uyğun Azərbaycan jurnalistikasında müsbətə doğru bir transformasiya prosesi də müşahidə edilir. Təbii ki, nöqsanlar, qüsurlar da var və bunsuz mümkün də deyil. Ancaq onların da zamanla aradan qaldırılacağı şübhəsizdir. Demək istədiyim odur ki, Vətən Müharibəsinə qədər və ondan sonrakı Azərbaycan jurnalistikası arasında fərq var. Mən da daxil olmaqla bunu jurnalistlərin böyük əksəriyyəti fəaliyyətlərində aydın görür. Burada bir məqamı da xüsusi vurğulayım ki, Vətən Müharibəsinin özü Azərbaycan jurnalstikası üçün bir sınaq oldu. Özü də uğurla nəticələn sınaq. Cəmiyyətin lazımi məlumatlarla təchiz edilməsində o dövrdə jurnalistlər mühüm rol oynadılar, üzərlərinə düşən missiyaları uğurla yerinə yetirdilər. Həmin vaxt müharibədə iştirak etdiyimdən jurnalist fıaliyyətindən uzaq düşmüşdüm, informasiya cəbhəsində gedənləri tam şəkildə izləmək imkanlarımız yox idi. Amma müharibədən sonra jurnalistlərimizin savaş dönəmində faıliyyətlərinə nəzər salanda onların mütləq əksəriyyətinin informasiya cəbhəsində layiqincə özlərini doğrultduğunu görmək olar”.

resad baxseliyev

 

“Azərbaycan” qəzetinin əməkdaşı, ehtiyatda olan baş leytnant Rəşad Baxşəliyev:

“Müharibə başlayan kimi döyüşə könüllü yollandım. Qubadlının bəzi yüksəkliklərində qalan düşmən qüvvələrinin təmizlənməsi və rayonun müdafiəsi tapşırığı verilmişdi. Çünki düşmən Qafan istiqamətində qüvvə toplayaraq yenidən Qubadlını ələ keçirmək istiyirdi. Əgər bu, baş versəydi, Laçın dəhlizinə doğru irəliləyən xüsusi təyinatlı qüvvlər və digər hərbi birləşmələrimiz mühasirəyə düşər, əməliyyatlar pozula bilərdi. Bizim tapşırığımız Gorus-Qafan yolu istiqamətindən düşmənin gözlənilən hücumunun qarşısını almaq idi. Noyabrın 8-dək mövqelərimizi qoruduq. Hərbi hissəmiz üzərinə düşən tapşırığı layiqincə yerinə yetirdi. Amma müharibə bitənə qədər biz Qubadlının dağlarında 152 qəhrəmanımızı itirdik. Mən bu haqq savaşımızda çox hadisələrlə rastlaşdım, dəhşətli anlar da yaşadım. 10 dəqiqə əvvəl söhbət etdiyim döyüş yoldaşımın şəhid olduğunu da gördüm. Amma bütün bunların fonunda qorxusundan, həyəcanından ağlayan görmədim. Müharibə bitəndə isə çox ağlayan var idi. Onların göz yaşlarından iki məna süzülürdü. Zəfərin, qələbənin sevinci və şəhid qardaşlarımızın bu günü görməməsinin üzüntüsü… Amma qanı yerdə qalmayan o igidlərin ruhları sevinirdi. Sanki bizimlə bərabər yaşayırdılar o sevincli anları”.

Rəşad deyir ki, müharibənin başa çatmasından xəbəri olmayıb: “Ən yüksək zirvədə olduğumuz üçün əlaqəmiz zəif idi. Gecə tapşırıq gəldi ki, düşmən çox güclü şəkildə artilleriya atəşlərinə hazırlaşır. Eyni amanda hücum planı da qura bilərlər. Səngərlərə sipər olun. Bir-birimizlə halallaşdıq, sağollaşdıq da. Vəsiyyət edənlər də oldu. “Şəhid olsam, məni atamın yanında dəfn edin!”, “Şəhid olsam, məktəbi mənim adıma adlandırın!” kəlamlarını kağız parçasına yazıb çibinə qoyan da oldu. Gecədən sübhə qədər tam hazırlıqlı vəziyyətdə gözlədik. Amma heç bir hücum gerçəkləşmədi, bir güllə atılmadı. Səhərə yaxın idi. Qarşımızdakı yüksəkliyin ətəyində olan erməni əsgərlərinin qışqırıq səsi gəlirdi. Onlar “Azərbaycan-Azərbaycan” deyə bağırırdılar. Heç nə anlaya bilmirdik. Gunortaya qədər heç bir məlumat ala bilmədik. Yalnız təminat gələndə əsgərlər qələbə müjdəsini verdilər. Sən demə gecə Ermənistan təslim olub və müharibə bitib. Erməni əsgərlərinin “Azərbaycan-Azərbaycan” deyərək qışqırmaları da müharibənin bitməsi sevinci imiş. Onlar sağ qaldıqları üçün Azərbaycana təşəkkürlərini bildirirdilər”.

Rəşad bildirir ki, savaş bitsə də biz mövqelərini tərk etməyiblər: “Yanvar ayının 2-də, 67 gündən sonra qalib ordunun qalib zabiti kimi ailəmin yanına döndüm. Arzuma çatmışdım. Çünki Vətən müharibəsini jurnalist kimi deyil, zabit kimi yaşadım. Əlimdə qələm olanda da rəşadətlə çalışdım, silaha sarılıb ön cəbhəyə yollananda da”.

anar miriyev

 

” İki Sahil” qəzetinin baş redaktorunun müavini, ehtiyatda olan kapitan Anar Miriyev:

“Milli Mətbuat Gününü Tarixi Zəfər qazanmış, ərazi bütövlüyünü bərpa etmiş, işğala son qoymuş ölkənin vətəndaşı kimi, mətbuat nümayəndəsi kimi qeyd etmək böyük qürurudur. Mənim üçün bu qüruru yaşamaq ikiqat sevincdir. Çünki Tarixi Zəfərin qazanılmasında az da olsa mənim də payım olub. Vətən müharibəsi başlayanda qələmi silaha dəyişərək, ehtiyatda olan zabit kimi ordu sıralarına cəlb olunaraq döyüşlərə qatıldım. Əsasən Xocavənd istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etdim. Bu müharibə bizim haqq savaşımız idi, xalq olaraq dəmir yumruq olub, birlik olub qələbə qazandıq. Jurnalist olaraq müharibədə iştirak etməyin üstünlüyü onda idi ki, müşahidələr aparır, imkan olanda qeydlər edirdim. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, döyüş ruhunun daim yüksək səviyyədə saxlanılması əsas vəzifəm idi. 44 günlük Vətən müharibəsində bir daha şahidi oldum ki, xalqımız böyük xalqdır, ordumuzun döyüş ruhu, əzmi, hazırlığı yüksək səviyyədədir. Qarabağı heç vaxt görməyən gənclərimiz necə böyük qəhrəmanlıqla, vətənpərvərliklə döyüşürdülər. Bir dəfə də olsun, kiminsə döyüşdən qorxduğunun şahidi olmadım”.

A.Miriyev bildirdi ki, müharibədə jurnalist olması onun köməyinə çatıb: “Jurnalist olaraq həm döyüşlərdə iştirak edir, həm şəxsi heyətlə iş aparır, həm də onların informasiya ilə bağlı suallarına cavab verməyə çalışırdım. Döyüş yoldaşlarım mənim jurnalist olduğumu bildikdən sonra demək olar ki, hər məsələ ilə bağlı mənə müraciət edirdilər. Əsasən digər istiqamətlərdə döyüşlərin vəziyyəti, hansı əraziləri azad etməyimiz, Ali Baş Komandanın çıxışları ilə bağlı suallar ünvanlayırdılar. Mən imkanım daxilində cavab verirdim, radio vasitəsilə xəbərləri dinləməyə çalışırdım. İrəli getdikcə xəbərləri dinləmək çətin olurdu. Bölüyümüzün şəxsi heyəti səbirsizliklə, həyəcanla məndən xəbər gözləyirdilər. Ali Baş Komandanın hər çıxışı şəxsi heyətin döyüş ruhunun yüksəlməsinə çox böyük təsir göstərir, onları daha da ruhlandırırdı. Təəssüf ki, müharibə ilə bağlı qeydlərim döyüş vaxtı itirdim. Amma döyüşlərlə bağlı hər detal əbədi olaraq yaddaşıma yazılıb. Müharibədən sonra yenidən jurnalistikaya qayıtmaq, əvvəlki rejimi bərpa etmək bir qədər zaman aldı, ağır döyüşlər, şəhidlərimiz, yaralılarımız, müharibə dəhşətlərinin sarsıntılarından sonra tədricən bərpa olunursan. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canı sag olsun! Qalib ölkənin vətəndaşı, Qalib ordunun ehtiyatda olan zabiti, Tarixi Zəfərin qazanılmasında az da olsa payı olan jurnalist kimi qürurluyam!”

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir