GELIN

Qaçan gəlinlərin sirri – ARAŞDIRMA

Baxış sayı: 1. 348

Cəmiyyətdə ailə institutunun zəifləməsi, insanların qarşılıqlı münasibətlərinin, sadiqlik kimi dəyərlərin tədricən deqredasiyaya uğramasını üzə çıxaran problemlər sırasına daha biri qoşulub – bəzi ailəli qadınların öz uşaqlarını və həyat yoldaşlarını ataraq yad kişilərə qoşulub qaçmaları, ailələrinə vəfasız çıxmaları. Bu problem indiyə qədər əsasən özünü bəzi kişilərin həyat yoldaşlarını və övladlarını atıb başqa qadına üz tutmasında göstərirdisə, indi problemin digər forması da üzə çıxıb. Bir neçə gün bundan əvvəl paytaxtda, habelə ayrı-ayrı bölgələrdə, o cümlədən Şabran, Xaçmaz, Ağcabədi, Quba, Göyçay rayonlarında baş verən belə hallar vəziyyətin heç də ürəkaçan olmadığını sübut edir. Diqqətçəkən məqam belə olayların ötən ilin sonlarından etibarən daha da artmasıdır. Zərif cinsin bəzi nümayəndələrinin tanış olduqları kişilərə qoşulub qaçmaları ekspertləri də ciddi şəkildə narahat edir. Belə isə, vəziyyətdən çıxış yolu nədədir? Ümumiyyətlə, bu problemi doğuran başlıca səbəblər hansılardır? Mövzu ilə bağlı söhbətləşdiyimiz mütəxəssislərin, habelə digər şəxslərin fikirlərini dinlədikdə məlum oldu ki, problemə baxışla əlaqədar cəmiyyətdə fikirlər fərqlidir.

 

“Elə qadın var, telefonu əlindən alsan, başqa telefon tapıb istədiyini edəcək”

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bu cür xoşagəlməz olaylarda qadınları günahlandırdı: “Təbii ki, qadınların öz ailələrini atıb başqa kişilərə qoşulub getmələrində zərif cinsin nümayəndələri təqsirkardır. Qadın iradəcə möhkəm olmalıdır, dözümlülük nümayiş etdirməlidir, necə deyərlər, daş olmalıdır. Söhbət ondan gedir ki, qadınla tanış olan kişi zərif cinsin nümayəndəsini qaçırırsa, bu əməlinə görə məsuliyyət daşıyırmı? Onun həmin qadın qarşısında vicdan öhdəliyi varmı? Kiminsə həyatıyla oynayan kişi onun həyatına vurduğu zərər barədə düşünürmü? Bu məsələdə qarşılıqlı öhdəlik, məsuliyyət olmalıdır.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbərinin qənaətincə, problem doğuran müəyyən səbəblər var: “Ola bilsin, ailədə hansısa boşluqlar var. Qadına əri tərəfindən lazımi diqqət göstərilmir. Yaxud ailədə bəzi qarşıdurmalar var. Bu da mümkündür ki, qadının özündə də belə şeylərə meyillilik var. Amma müxtəlif söhbətlər zamanı bizə məlum olur ki, ailədəki diqqətsizlik və qayğısızlıq görən qadınlar belə söhbətlərə daha meyilli olur və təsirə düşə bilirlər. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həyat dəyişmək, kiməsə qoşulub getmək, partnyor tapmaq son zamanlar “qəhrəmanlığa” çevrilib. Təbii ki, bunu da etiraf etmək lazımdır. Bütün bunlar dəyərlər sisteminin dəyişməsi, habelə ailədə dəyərlər sisteminin möhkəm olmaması, qarşılıqlı münasibətlərdə sadiqliyin və etibarın qeyri-mövcudluğundan irəli gəlir. İnsanlar indi sanki ailə həyatlarını təhlükələrdən sığortalanmayıblar. Əvvəllər insanlar ailə quranda sığortalandıqlarını düşünürdülər. Amma bu, indi müşahidə olunmur. Bəziləri hətta ailə qurarkən şüuraltı düşünürlər ki, sabah ayrılacağam”.

Mehriban Zeynalova hesab edir ki, qadınları sosial şəbəkələrdən və digər internet resurslarından məhrum etmək vəziyyətdən çıxış yolu deyil: “Kiməsə qadağan etmək olmaz ki, sən internetə girmə. Elə qadınlar var, telefonu əlindən alsan, başqa telefon taparaq istədiklərini davam etdirəcək. Bu da bir asılılıqdır. Sadəcə, ailə qurarkən tələsməməli, qarşılıqlı münasibətlərində dəyərlərə önəm vermək lazımdır. Əgər belə olarsa, bu problemə rast gəlinməz.

 

“Cəmiyyətdə sosial institutlar da işləməli, dövlətin müdaxiləsi olmalıdır”

Milli Məclisin deputatı Fazil Mustafa isə əsas diqqəti bu problemin maddi səbəblərinə yönəltdi. Millət vəkili hesab edir ki, son vaxtlar bəzi ailəli qadınların doğmalarından ayrılaraq yad kişilərə üz tutmaları mənəvi deqredasiya ilə bağlıdır: “Diqqət edirsinizsə, cəmiyyətin yuxarı elitası öz səviyyəsindəkilərlə qohumluq münasibətləri qurmağa üstünlük verir. Aşağı elitada isə insanlar daha çox öz şərtlərinə və şəraitlərinə uyğun ailə qurmağa çalışırlar. Təəssüf ki, bu şərtlər altında da müəyyən problemlər yaşanır. Bunlar əsasən sosial problemlərdir – insanların işsizliyi və digər çatışmazlıqlar. Ona görə də hesab edirəm, ailə institutu, onun dəyərləri xeyli zəifləyib. Həmin səbəbdən də buna münasibət dəyişməlidir. Cəmiyyətin hər hansı şəkildə ailənin problemlərinə dəstək verməsi ortadan qalxıb. Habelə sahibkarlığın aşağı səviyyədə olması, alt qatlarda insanların xeyriyyəçilik imkanlarının stimullaşdırılmaması müəyyən dərəcədə maddi imkanları olmayan, problemlər yaşayan ailələrə ciddi sıxıntılar bəxş edir. Bunlar cəmiyyət həyatında köklü şəkildə həlli vacib olan problemlərdir. Bəzi ailələr problemləri öz gücləri ilə həll edəcək imkanlara sahib deyillər. Cəmiyyətdə sosial institutlar da işləməli, dövlətin bilavasitə müdaxiləsi nəzərdə tutmalıdır ki, həmin məsələdə dəyişiklik olsun. Bu da hələ ki görünmür”.

 

“Qadınların da belə addım atmalarının səbəbləri ailədəki boşluqlar, çatışmazlıqlardır”

Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun qənaətincə, belə hallar var, amma kütləviləşməyib: “Düzdür, ayrı-ayrı yerlərdə belə olaylara rast gəlinir. Mən demirəm ki, ümumiyyətlə, bəzi ailəli qadınlar haqqında belə məlumatlar yoxdur, var. Bir sıra ailəli qadınların yad kişilərə qoşulub qaçmaları hadisələrinə rast gəlinir”. Novella Cəfəroğlu əlavə etdi ki, ailəli qadınların öz doğmalarını atıb yad kişiylə qoşulub qaçmalarının səbəbləri ilə bəzi kişilərin öz ailələrindən ayrılması səbəbləri eynidir. Son vaxtlar cəmiyyətdə rast gəlinən hər iki növ xoşagəlməz olayın motivləri bir-birlərinə bənzəyir.

 

“Qadınların da belə addım atmalarının səbəbləri ailədəki boşluqlar, çatışmazlıqlardır”.

Novella Cəfəroğlu hesab edir ki, bu hallara səbəb olan məqamlar evdə çatışmazlıqlar, ailə başçılarının xarakterlərinin uyğun gəlməməsidir.

 

“Rahatlıq axtarırlar…”

Psixoloq Elnur Rüstəmov problemin müxtəlif səbəblərinin olduğunu deyərək, belə halların artmasının narahatedici məqamlardan xəbər verdiyini dedi: “Bunun iki əsas səbəbini müşahidə edirik. Birincisi, ailə qurarkən gənclərin gözləntiləri zəif olur. Bu da ailə qurduqdan sonra münasibətlərdə problemlərin ortaya çıxmasına səbəb olur. Gözləntilər nədən ibarətdir? Belə ki, bəzi gənclər münasibətlərin ilkin mərhələsindəki qarşılıqlı münasibətlərin ailə qurulmasından sonra yeni formada olmasını istəyirlər. Əslində, ailə qurduqdan sonra hər iki tərəfin öhdəlikləri artmağa başlayır. Bu öhdəliklər ailəni qoruyub saxlamaq, dünyaya övlad gətirmək, uşağın tərbiyəsi ilə məşğul olmaqdan ibarətdir. Bunlar ailədəki məsuliyyətin bölünməsini tələb edir”.

Kişinin və qadının ayrı-ayrı görəvlərinin olduğunu vurğulayan psixoloqun fikrincə, bunlar bölünməlidir: “Əgər fikir verirsinizsə, bu gün bir sıra ailə quran şəxslər ifrat komfort axtarışındadırlar. Bu nədən ibarətdir? Rahatlıq axtarırlar, həddən ziyadə komfort həyat barəsində düşünürlər, hər şeyin ən yaxşısını istəyirlər. Bu isə zaman keçdikcə tərəflərdən birinin digərindən, o cümlədən bəzi xanımların ərlərindən soyumalarına gətirib çıxarır. Diqqət edin, qadınlar kimlərə qoşulub qaçırlar? Öz həyat yoldaşlarından artıq insana? Xeyr. Onların qoşulub qaçdıqları adamların bir qismi peşəkar yalançıdır, ailədağıdandır. Belələri konkret psixoloji problemləri olan adamlardır ki, ailəli qadınları qaçırırlar. Özü də bu, onlarda ilk dəfə deyil. Belələri sosial şəbəkələrin dırnaqarası qəhrəmanlarıdır. Bunların işi ailə dağıtmaq, ailələrdəki münasibətləri korlamaq və digər belə hallara rəvac verməkdir”.

Psixoloq vəziyyətdən çıxış yolu kimi, ailədaxili münasibətlərin tənzimlənməsi üçün cəmiyyətin maariflənməsinin vacibliyini vurğulayıb: “Konkret ailə institutları bir sıra istiqamətlər üzrə işlər görməlidirlər. Çox yaxşı olardı ki, rayonlarda bununla bağlı xüsusi mərkəzlər olsun. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 rayonda filialı var. Hesab edirəm bu strukturları bütün rayonlarda yaratmaq lazımdır. Həmin istiqamətdə kadr hazırlığını həyata keçirmək, buna şərait yaratmaq lazımdır ki, ailələrdə problemlər yaranan kimi insanlar ora müraciət etsinlər. Bizim ailələrdə problem yarananda insanlarımız aidiyyəti qurumlara müraciət etməkdə çətinlik çəkirlər. Onlar özlərini diskomfort hiss edirlər. Amma əgər vətəndaşlar dayaq məntəqələrinə müraciət etsələr, ailədaxili münasibətləri tənzimləyə bilərlər. Bir sıra insanlar ayrı-ayrı xoşagəlməz hallar, vərdişlərlə bağlı asılılıqdan əziyyət çəkirlər. Bu, tərəflər arasında münasibətlərin pozulmasına gətirib çıxarır. Əgər təklif etdiyim struktur yaranarsa, ailələr belə qurumlara müraciət edib, həmin problemin həlli yollarını öyrənə, lazımi dəstək ala bilərlər. Belə olan təqdirdə, ailələrin dağılmasının qarşısı alınacaq. Əks təqdirdə, bir sıra problemlərlə zəncirvari bağlı olan bu proses daha da artacaq. Sonda isə bizim ailə institutumuza son dərəcə böyük zərbələr vurula bilər. Necə ki, həmin zərbələr artıq vurulmaqdadır”.

Psixoloqun sözlərinə görə, ailələrin dağılmasının əsas səbəblərindən biri də internetdən başqa məqsədlər üçün istifadədir: “Konkret olaraq sosial şəbəkələr ailələrin dağılmasının başlıca səbəblərindəndir. Hesab edirəm ailə üzvlərinin məsuliyyəti artmalı, onlar üzərlərinə götürdükləri öhdəliklərə əməl etməlidirlər. İnternetdən istifadəni qadın özü nizamlamalıdır. Əgər ailənin daxilində münasibətlər normaldırsa, vaxtının çox hissəsini sosial şəbəkədə keçirməyəcək. Qadın ərinin ona vaxt ayırmadığını, qayğı göstərmədiyini, ünsiyyətdə olmadığını gördükdə, bütün gün evdə oturanda, əlbəttə, o, sosial şəbəkələrdən başqa məqsədlər üçün istifadə edəcək. Əgər tərəflər arasında münasibətlər yaxşı, ünsiyyət sıx olsa, belə xoşagəlməz hallara rast gəlinməyəcək. Qadının internetdə tanış olduğu, ünsiyyət qurduğu insan onunçün yalançı psixoloqdur. Qadının dərdi var və onunla yazışır, danışır, sakitləşir, “yol göstərir”. Günlərin bir günü qadın görür ki, bu insana bağlanıb, ondan asılı hala düşüb. Belə insanlara psevdo psixoloqlar deyirlər. Əlbəttə, internetdən istifadədə müəyyən məhdudiyyətlər olmalı, tərəflər bir-birlərindən nəyi isə gizləməməlidirlər. Xatırlayırsınızsa, əvvəllər gizli telefon nömrələrindən daha çox istifadə olunurdu. İndi isə internetdə yazışma, danışma daha çoxalıb. Bu probelmlə bağlı ən gözəl çıxış yolu cəmiyyətin maarifləndirilməsi, aidiyyəti dövlət orqanlarının, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin işini gücləndirməkdən ibarətdir. Bu problem birbaşa onların səlahiyyətində olan məsələdir. Komitənin 11 rayon üzrə strukturunda əlavə işlər görülməli, əhalinin maarifləndirilməsi istiqamətində broşurlar hazırlanmalıdır. Kitabçalarda ailədaxili münasibətlərin tənzimlənməsi, ailə qurularkən hansı məsələlərə diqqət yetirilməsi, uşaq dünyaya gələrkən nələrin edilməsinin lazım olduğunu əks etdirmək olar. Bununla bağlı sosial videoçarxlar da hazırlamaq olar. Çünki bizim cəmiyyətin ən böyük çatışmazlıqlarından biri də insanların kitab oxumamasıdır. Ancaq videoçarxlar olsa, onlara baxacaqlar. Heç kim istəməz ki, ailəsi dağılsın, bədbəxt olsun. Hər kəs xoşbəxtlik düşüncəsi ilə ailə qurur. İnsanların istəkləri də minimal səviyyədə olmalıdır. Belə olan təqdirdə, qarşılıqlı anlaşma olarsa, ailə niyə dağılmalıdır ki? Qadın niyə qoşulub qaçmalı, başqa yerdə sevgi axtarmalıdır? Belə məsələlərə diqqət edilməlidir. Bu problem kompleks şəkildə həll edilməlidir”.

 

“Qadının orda nə işi var axı?”

Problemə onilliklərdir ailə qurub bir yerdə yaşayan uzunömürlü ailələrin başçılarının da yanaşmaları, onun həlli yolları ilə bağlı fikirləri maraqlıdır. 1951-ci ildə ailə qurduğunu deyən 89 yaşlı Fazil Məmmədov 64 ildir xanımı Gülzaman Məmmədovayla mehriban, səmimi yaşadıqlarını, həyatın bütün çətinliklərinə sinə gərdiklərini dedi: “Artıq 60 ildən çoxdur xanımımla birlikdə ömür sürürük. Bu illər ərzində çalışmışıq hər zaman mehriban olaq, bir-birimizi başa düşək, anlayaq. Bizim də aramızda inciklik olub. Amma bir neçə dəqiqəlik, saatlıq. Mən əsəbiləşəndə o, səbirli olub, o hirslənəndə mən əhəmiyyət verməmişəm. Azərbaycan xalqı ailə institutuna özünün milli mentalitetinin əsas dəyərlərindən biri kimi baxır. Amma təəssüf ki, son vaxtlar ailələrin dağılması, boşanmalar çoxalıb. Həyat təcrübəmdən çıxış edərək onu deyə bilərəm ki, gənclər ailə qurarkən bir-birlərini lap yaxından tanısalar, daha yaxşı olardı. Bir-birləri ilə ünsiyyətdə olub xasiyyətlərinə bələd olsunlar. Gənclər böyük məsləhətini dinləsələr daha məqsədəuyğun olardı. Ailə başçıları bir-birlərini anlamalı, güzəşt etməli, hər kiçik incikliyi böyütməməlidir. Gənclər səbirli, dözümlü olsalar, bir-birlərini anlasalar, ailədaxili münaqişələr böyüyüb ailələrin dağılmasına gətirib çıxarmaz. Təəssüf ki, indi internet bəzi insanlar, o cümlədən qadınlar üçün zərərli vərdişlərə çevrilib. Bizim dövrümüzdə belə şeylər yox idi. Ailə quran ağıllı adam internetdən başqa məqsədlər üçün istifadə etməməli, orda tanış olduğu yad insanlara inanmamalıdır. Sosial şəbəkələrə bel bağlamaq olmaz, orda yalan da olur, şər, böhtan da. Qadının orda nə işi var axı? Mən bəzi qadınların ailələrini atmaları probleminin kökündə həm maddi, həm də mənəvi səbəbləri görürəm. İndi televiziyalar hər gün Avropa dəyərlərini təbliğ edirlər. Bunun da təsiri var”.

 

“Bəziləri iki-üç saat ərzində sosial şəbəkədə tanış olduqları insanlarla yatağa girirlər”

Sosioloq Əhməd Qəşəmoğlu ailəli qadınların yad kişilərə qoşulub qaçmaları ilə bağlı cəmiyyətdə həyəcan siqnalı çalmağın vaxtının çatdığını düşünür: “Həmişə ailədaxili problemlərdən danışanda bunun səbəblərini kişilərdə görmüşük. Amma təəssüf ki, indi qadın faktoru da ailədə mənfi rol oynamağa başlayıb. Bunun əsas səbəbi odur ki, cəmiyyətdə maddi faktorlar önə keçib. Maddiyyət qabağa keçəndə cəmiyyətdə mənəviyyatın aşınması prosesi gedir. Ovaxtkı cəmiyyətdə mənəvi faktorlar önə keçir, bütün sahələrdə müsbət tendensiyalar müşahidə edilir. Hazırkı cəmiyyətdə maddiyyət əsas rol oynadığından bəzi ailələrdəki problemlər qaçılmazdır. Çünki ailənin daxilində həlledici rolu artıq maddi amillər oynayır. Ailələr maddi faktorların təsiri altındadır. Təəssüf ki, bəzi qadınlarımızın dünya, təhsil, habelə digər sahələr haqqında təsəvvürləri o qədər də geniş, arzuolunan deyil. Belə boşluqları teleseriallar doldurur. Teleserialların isə hansı səviyyədə olduğunu və qadınlarımıza nə təlqin etməsi isə göz qabağındadır. Digər tərəfdən, sosial şəbəkələr amili də mövcuddur. Faktlar var ki, ailələrində fağır olan bəzi qadınlar iki-üç saat ərzində sosial şəbəkədə tanış olduqları insanlarla yatağa girirlər. Bir-birləri ilə tanış olur, yazışır, görüşür və əlaqəyə girirlər. Bütün bunlar müasir dövrün eybəcərlikləri olaraq cəmiyyətdə mənəvi deqredasiyanın mövcud olduğunu göstərir”.

O ki qaldı problemin həllinə, sosioloq hesab edir ki, cəmiyyətdə mənəvi dəyərlərin qorunması ilə bağlı müəyyən işlər görülməli, islahatlar həyata keçirilməlidir: “Humanitar siyasətlə bağlı hökumət proqramları hazırlanıb həyata keçirilməlidir. Ölkə əhalisinin sayı 9 milyondan bir qədər artıqdır. Vətəndaşların bir qismi xaricdədir, yaş tərkibinə görə insanların bir qismi uşaqlardır. Göründüyü kimi, ölkəmizdə vur-tut cəmi 3-4 milyon gənc, orta yaşlı aktiv insan var. Belə insanlarla işləməyin bir neçə taktiki metodları var. Aidiyyəti şəxslər, dövlət qurumları mənəvi dəyərlərin ön plana keçməsi ilə bağlı zəruri olan tədbirləri həyata keçirməlidirlər. Bunun proseduru çox asandır. Bizim toxunduğumuz problem əslində sosial davranışdır. İstənilən sosial davranışa təsir göstərməyin 3 faktoru var: mühit, informasiya və dəyərlər. Çalışmalıyıq ki, informasiyanı elə dəyişək, mənəvi dəyərlərin dəyişməsi üçün bir sıra işləri görək ki, mühitdəki arzuolunmaz hallar aradan qaldırılsın. Yəni problemin həlli üçün elmi metodlar var. Amma təəssüf ki, bu metodlara diqqət verən yoxdur. Əsas məsələ elmi metodlarla fəaliyyət proqramlarının həyata keçirilməsidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir