Qadina zorakiliq

Qadın cahilliyindən doğan məişət kişiliyi – ARAŞDIRMA

Baxış sayı: 1. 554

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunu var. Məişət zorakılığının baş verməməsi haqqında isə qanun yoxdur. Belə qanun olmalı da deyil. Qanunlar hadisələr baş vermədən öncə onların qarşısını almağa hesablansa da, baş verəndən sonra qüvvəyə minir. Zorakılıq törədən şəxs cəzalandırılır. Ona görə ki, qanunun tələblərini pozub. Cəzalandırmaqda məqsəd başqalarına görk olmaqdır.
Qanundan xəbərsiz qadınla
Mətbuata baxaq. Vəziyyət qan içindədir. Kriminal xəbərlərin şah “əsərləri” ailə-məişət zorakılığı mövzusundadır. Elə gün yoxdur ki, ən azı 10, ən çoxu 20 bu tip xəbər oxumayaq. Bəs niyə cəzalananların aqibəti əsasən də kişi cinsli məişət zorakılığı “kralları”na görk olmur? Kifayət qədər cavab var. Bu cavabları küçədə, ailədə, efirdə, qəzet səhifələrində, işıqlı konfrans zallarında, QHT-lərin layihələrində sadaladıqca sadalayırıq. Arada müqayisəli təhlillər də aparırıq. Müqayisələrdə utandırmaq məqsədi də olur. Deyirik: hansı normal alman kişisi həyat yoldaşına əl qaldırar? Yaxud hansımız elə bir fransalı tanıyırıq ki, bacısına, arvadına çölə çıxmağı qadağan eləsin? Üzümüz Avropayadı. Siyasi xəttimiz bəllidir. Qlobollaşan dünyanın bir parçasına çevrilməmək mümkünsüzdür. Amma necə? Nəylə? Gender bərabərliyini ali insan hüququ hesab edənlərin qarşısına qadına yönələn yumruqla, bıçaqla, psixoloji təhdidlə çıxmağımız ölkənin imicinə neştər kimi batar. O üzdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 iyun 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun imzaladı. İnsanın məişət azadlığının elə bir nöqtəsi yoxdur ki, 4 fəsil, 20 maddədən ibarət Qanunda konkret müddəalarla əksini tapmasın.

Xanımlar arasında sorğu keçirdik. Əksəriyyət bu qanunun varlığından xəbərdar olsa da, bilmədilər ki, onların hansı hüquqları sənəddə əksini tapıb. Əslində sual belə qoyulmalıdır: Zoraklığa məruz qalan insanın hansı hüququ sözügedən qanunla təsbit olunmayıb?

Boş nöqtəsi olmayan 4 fəsilli Qanun

Birinci fəsildə zorakılığın növləri barədə məlumat verilir. Ümumiləşdirsək, belə nəticə alınar: fiziki, psixoloji, mənəvi basqıya məruz qalırsansa, zorakılıq qurbanısan. İkinci fəsil məişət zorakılığı barədə şikayətlərə baxılma qaydalarını izah edir. Zorakılığın qarşısının alınması üçün həyata keçirilən tədbirlər barədə bilgi üçüncü fəsildədir. Dördüncü fəsil qanunun nöqtəsini qoyur: “Bu Qanunun və məişət zorakılığı ilə bağlı digər qanunvericilik aktlarının tələblərini pozan şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

Zorakılığa məruz qalma təhlükəsi yaşayan neçə qadın bu Qanunu üzərinə hücuma keçən ərinə, sevgilisinə, atasına, qardaşına xatırladıb? Ümumiyyətlə, belə xatırlatma ilə çıxış etmək onun üçün nə qədər mümkündür?

“Küçə qadını” heykələ çevrildi – Azad qadın heykəlinə
Lap qədimlərdən azərbaycanlı qadının qarşısına «olmaz!» adlı sədd çəkiblər. Bu səddin ilk daşını kim qoyub, bilinmir. İllər keçdikcə sədd uzanıb, hündürləşib və bərkiyib. Ədəbiyyatımız deyir ki, o səddin adı mental düşüncədir. Mentallığımızda qadın kişidən aşağıda dayanır. Hərdən babalarımızın ailəsini bizə misal gətirirlər. Statistik göstəricilərin qanadlarında keçmişə dönənlərin arqumentlərindən biri: “Necə olur, babamız nənəmizi ömrü boyu yaşmaq altında saxlayırdı, bütün əmrləri özü verirdi, yeganə söz sahibi kimi çıxış edirdi, amma ailə dağılmırdı?”

Sadə cavabı var: Nənəmiz elə bilirdi, həqiqətən, qadın kişidən aşağıda durmalıdır. Çünki ətrafdakılar da eyni mühitdə yaşayırdı, eyni düşüncənin daşıyıcıları idilər. Bakıda Azad qadın heykəli var. Belə danışırlar ki, o qadının real obrazı çarşabını atanda azadlıq aşiqi yox, küçə qadını damğasına məruz qaldı. Zaman dəyişdi, “küçə qadını” heykələ çevrildi – Azad qadın heykəlinə.

Gəlinlik paltarı ilə kəfənin müqayisəsi…
Çarşab örtmək hər kəsin öz seçimi olmalıdır. Seçmədiyini sənə zorla seçdirəndə faciə aktuallaşır. Ali məktəb bitirən xanım ərə gedəndən sonra işləməmək qadağası ilə üzləşir. Özü də itirir, cəmiyyət də. Axı o, savadı ilə cəmiyyətin inkişafına dəstək ola bilər və ailəsinin maddi durumunu yaxşılaşdırar. Əri razı deyil. “Özüm qazanıram, sənin puluna ehtiyacım yoxdur!” nidasını evin ən hündür yerindən asır. Qadın razılaşmaq istəmir. Etiraz bir dəfə sözlə, bir dəfə silləylə, bir dəfə də bıçaqla “yatırdılır”. Bəs qanun? Bəs polis? Birinci dəfə zorakılıq yaşayan qadın niyə şikayət etməyib? Tutaq ki, birinciyə dözüb, “düzələr” deyə, düşünüb. İkinci, üçüncü zərbələrin cavabı harada qaldı? Bəli, mentalitetdə. “Arvad ərini polisə verməz”, “Arvad ölər, ər evindən çıxmaz”, “Arvad ərinin bütün zülmlərinə dözər”, “Gəlinliklə getdiyin evdən ancaq kəfənlə çıxa bilərsən!” təhdidlərinin küncə sıxışdırdığı zərif cinsin nümayəndələrinin göz yaşı içində xısın-xısın oxuduğu bayatıdan yol alıb bu günümüzə qədər gəlib çıxmağı bacaran streotiplər bir gün gələcək əbədi yoxluğa düçar olacaqlar. Ancaq o bayatı ailə-məişət tariximizə qara həriflərlə yazılacaq.

Qız idim, sultan idim
Nişanlandım xan oldum,
Ərə getdim, qul oldum,
Ayaqlara çul oldum.

70 faiz qurban onlardır
İlk dəfə 1993-cü ildə ailədə zorakılıq problemi sosial status aldı. Bir çox ölkələrin qadın təşkilatlarının məsələyə müdaxiləsi və beynəlxalq səviyyədə aparılan ictimai müzakirələr, nəhayət, problemin aktuallaşmasına təkan verdi.

Məlum oldu ki, cinayətlərin 30-40 faizi məhz ailədaxili zorakılığın payına düşür. O cümlədən bu cinayətin qurbanlarının 70 faizini qadınlar və uşaqlar təşkil edir. Ailədaxili zorakılığın müstəqil sosial problem kimi tanınması ilk addım oldu. Lakin bu yolda bir sıra maneələr meydana çıxdı:
– ailədaxili zorakılıqla bağlı dəqiq anlayış və təyin mövcud deyildi;
– problemin əhatə dairəsi və zorakılığın tətbiqinə təsir edən səbəblərə aid geniş məlumat yox idi;
– zorakılıqdan zərər çəkmiş şəxslərin effektiv müdafiə mexanizmi tapılmamışdı.
Ailədaxili zorakılıqla bağlı aparılan təhlillər başqa çətinlikləri də aşkarladı:
– ailədə zorakılıq yüksək latentliyə malikdir;
– ailədə zorakılığın real statistikasını əldə etmək olduqca çətindir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi proseslərə start verildi. Bizdə vəziyyət daha ağır idi, ona görə ki ailə ənənəsindəki patriarxallıq taxt-tacında rahat oturmuşdu. Başqa çıxış yolu yox idi. Sağlam cəmiyyət sağlam ailədən keçir. Dövlət institutları, QHT-lər, jurnalistlər, ziyalılar məişət zorakılığı həyəcanı ilə tez-tez gündəmi zəbt etməyə başladılar.

KİV-də ölümün təbliğatı gedir

Vəziyyətin ifrat dramatik tərəfi bıçağın, yaxud baltanın artıq qadınların əlinə keçməsidir. “Arvad ərini öldürdü” başlığı qədər iyrənc heç nə ola bilməz.

Buralarda ölümün təbliğatı gedir. “Öz əlləri ilə bacısı qızını boğaraq öldürüb”. İsti-isti yayılan kriminal xəbərin son cümləsidi. Kriminal xəbərin dramatik eşidilməsi dəbdədi. “Öz əlləri ilə…” Dostlar, bu söz o qədər gözəldi, o qədər pakdı ki, onu qatilin simasını canlandırmaq üçün yazmaq, onu dəhşətin çəkisini çoxaltmaq üçün xərcləmək, öz əlləri ilə sevgilisinə gül verən, öz əlləri ilə balasının saçlarını tumarlayan, yeriməkdə çətinlik çəkən anasını öz əlləri ilə həkimə aparan, öz əlləri ilə tikən, yaradan insanların xətrinə dəyər axı.

Yüzlərlə intihar hadisələri baş verir ki, mərhumu ölüm həddinə çatdıran səbəblər Cinayət Məcəlləsinin 125-ci maddəsinin (şəxsi özünü öldürmək həddinə çatdırmaq) kəndirindən asılı qalır. Biri özünü kəndirdən asır, onu ölümə sürükləyən səbəb isə o kəndirdən yelləncək kimi istifadə edib, başqalarının həyatını zəhərləməyə atılır.
Ölmədinsə, xəbərə çevrilə bilmirsən. Ölmədinsə, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna sığınmağı düşünsən belə səni öldürəcəklər. Birinci, öz anan. Sonra atanın “başı dik gəzmək” arzusu, qardaşının məhəllədəki “hörməti”, nəhayət, ərinin dəvə kini qatilinə çevriləcək. Hə, bir də özünü bu sözlərlə aldatmağın: “O, nə vaxtsa dəyişəcək”, “O, mənə və uşağıma zərər vura bilər”, “Bəs mənim evim necə olacaq?”, “Uşaqların atası olmalıdır, onlar ailədə böyüməlidirlər”, “Bəs mən hara gedərəm?”, “Mən özüm-özümü saxlaya bilmərəm”.

Zorakılığa məruz qalan qadın, qanunun cavab verməli olduğu suallara sən heç vaxt cavab tapa bilməyəcəksən. Tapa bilsəydin, dövlət və hökumət yaranmazdı ki. Eləcə mağarada yaşayardıq, güclüyə gücsüzlüyümüzlə qurban gedərdik.

“Yazığım gəldi, səni aldım”
Jurnalistik. Borcumuz həm də xəbərdar etməkdir. Zorakılığın ən geniş yayılan üsulu qadına yönələn psixoloji təpkidir. Kişi еvdə müхtəlif bəhаnələrlə qаdınа psiхоlji təpgilər göstərərək, öz qаydаlаrını qоyur, qаdını bütün hüquqlаrındаn məhrum еdir.

Ailə diktаtоrunun sоsiаl cizgilərinə tamaşa edək:
– ilk növbədə ədаlətlilik məfhumu аşılаnır;
– ikinci, bеlə kişilərdə özünüqiymətləndirmə səviyyəsi аşаğı olur;
– üçüncü, bütün zоrаkı vаsitələrlə о, hаkimiyyətə cаn аtır.

Belə kişilərin ailə üzvü olan qadına qarşı işlətdiyi ifadələrə diqqət yetirək: “qadının ağlı, toyuğun ağlı qədərdir”, yaxud “yaxşı at özünə qamçı vurdurmaz”. Bu ifadələr qadını aşağılamaqla yanaşı, onu dəyərsizləşdirir. Bəzən kişilər bu ifadələri qohum və qonşuların toplaşdığı məclislərdə belə səsləndirməkdən çəkinmirlər. Ardını oxuyaq: “pis arvadsan”; “məni başa düşmürsən; “qayğıma qalmırsan”; “ağılsız”; “axmaq”; “səni qandıra bilmədim”; “çirkinsən”; “nə gündəsən”; “qocasan”; “geri qalıbsan”; “xalxın arvadlarına bax, gözünə su ver”; “yemək bişirə bilmirsən”; “mənə tay deyilsən”; “əlindən bir iş gəlmir”; “məndən başqa heç kimə lazım deyilsən”; ”sən gərək papağını göyə atasan ki, mən səni aldım”; “səni məndən başqa heç kim almazdı”; “yazığım gəldi, səni aldım”…Ağır ifadələrdir. Belə ifadələrə yalnız qanunun gücü çatar.


Krossvodlu qohumum – “Tarixi-nadiri” yarıya qədər oxuyan ər!
Onlar qonşudurlar. Yaxın qohumlarımdı. Hər iki ailənin üzvlərinin sayı 3 nəfərdi – ata, ana, 4-5 yaşlarında uşaq. Birində qızdı, o birində oğlan. Tez-tez qonaqları oluram. Əslində, qonaq deyiləm, adam əzizlərinin qonağı olmur.

Evin kişisi ilə birgə çay içirik. O, krossvord həll edir. “8 Mart Qadınlar bayramı kimin şərəfinədir?” Beş altı ad çəkir, düz gəlmir. Məndən soruşur, zarafatla cavab verirəm ki, Klara bilər. Elə bilir xanımının adını çəkirəm. Xanımına müraciətlə qışqırır: “Aaazzz, sizin bayramı kim yaradıb?”. Mətbəxdən gələn sönük cavab: “Bilmirəm”. Vəssalam. Kişi başlayır, nə başlayır: “Sən nə gündəsən… “Yığışdır o qab-qacağın səsini…”, Keç qızını sakit elə, zırıldayır yenə”… Onu sakitləşdirməyə çalışıram. “Xarabadı, qoy cəhhənnəm olsun”, – deyib, əlindəki stəkanı yerə çırpır.

“Sizin evə gəlməli deyil, min ildi bir-birinizi qırırsız”, – etirazı ilə qapıya tərəf gedirəm. Arxadan hırıltılı səsini eşidirəm: “Arvad ərindən nə qədər qorxsa, bir o qədər yaxşıdır”.
Dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” filmindəndir. Bəstəkarımızın Məşədi İbadın dili ilə səsləndirdiyi ironiyanı, qohumum qanun kimi başa düşüb.
Bəşəriyyət qadınla yüksələcək
Krosvodlu qohumumun qonşusu ilə həyətdə görüşdüm. İşdən gəlirdi. Əlində“Azərbaycan qadını” jurnal var. Birlikdə evə keçdik. Jurnalı onu qapıda qarşılayan həyat yoldaşına verir. Xanım elə oradaca vərəqləməyə başlayır. “Hə, bax bu yazını axtarırdım”, – deyib, bizi içəri dəvət edir. Yemək süfrəsi hazırdı. Oğlu da bizimlədi. Dərslərindən danışır. Riyaziyyatdan bir məsələdə çətinlik çəkdiyini deyir.
– Darıxma, atan kömək edər, – ananın cavabı.
– Bir az yorulmuşam, – atanın reaksiyası.
– Axı sabah riyaziyyat dərsi var, – uşağın replikası.

– Atanı yorma, mən baxaram, bəlkə, bacardım, – ananın həlim müdaxiləsi.
Yemək mərasimi sona çatır, çay süfrəsi açılır. Ata dillənir: “Get kitabını gətir, həll edək, ananı incitmə”. Ardından oğluna Cəfər Cabbarlının misrasını söyləyir:“Ana… Ana… Sənə mən rahibəm itaətdə”.
Yarımçıq yazılarım olduğunu xatırladıb, sağollaşıram. Evə gəlirəm. Kompüteri açıb bu cümləni yazıram: Övladlarınızdan soruşun: sən hansı ailənin uşağı olmaq istərsən, balaca?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir