QADIN-KISI

Qadın-kişi münasibətlərinin təkamülündə 7 MƏRHƏLƏ

Baxış sayı: 1. 056

Bəzən əsl sevgini vurğunluq kimi qəbul edirik. Bəs onlar arasındakı fərq haradadır? Ömrünü o insanla keçirə biləcəyini nədən anlamaq olar? Və nəhayət, hisslərinizdən əmin olmaq üçün nə qədər vaxt lazımdır?

Rusiyalı psixoloq Anastasiya Yadrova qadın-kişi münasibətlərinin yeddi mərhələsini açıqlayıb.

 

1. İdeallaşdırma mərhələsi

Mərhələnin müddəti təxminən 12-18 aydır. Bu anda insanın gözünə hər şey gözəl görünür: görünüş, səs tembri, hətta xarakterdəki qüsurlar da xoş təsir bağışlayır. İnsan sanki sərxoş olur. Bu dövrdə heç bir halda ciddi qərar verməməlisiniz, çünki bir müddət keçəcək və çatışmazlıqları olan idealınız qarşınıza çıxacaq.

 

2. Doyma mərhələsi

Bu, insanların birlikdə yaşadığı müddətdə qarşılaşdığı ilk böhrandır: hansı qaydalara görə yaşayacaqları, bir-birlərindən nə gözlədikləri barədə razılığa gəlməlidirlər. Bu mərhələdə insanların birgə həyata fərqli baxışa, dəyərlərə sahib olduqları ortaya çıxa bilər.

Duyğu və emosiya fırtınası azalır, tərəf müqabilinizin müsbət və mənfi cəhətlərini nəzərə almağa başlayırsınız. Bir-birinizə öyrəşərək daha təbii və rahat davranırsınız.

 

3. Fərq mərhələsi

Bu mərhələ uzunmüddətli münasibətlər üçün qaçılmazdır. Fərqlər mərhələsində mübahisələr başlayır, sanki bir-birinizin çatışmazlıqlarına yönəlirsiniz. Bu mərhələdə verilən ən asan, eyni zamanda səhv həll yolu ayrılma və ya boşanmadır. Burda pis nə var axı? Zamanla sınanmış münasibətdən imtina edəcək və əlavə olaraq tezliklə başqa bir partnyorla yenidən münasibət quracaqsınız, dolayısı ilə hər şey ilk mərhələdən başlayacaq. Bu isə vaxt və enerji itkisidir.

 

4. Münasibətlərin bərpası mərhələsi

Qadınla kişi arasında mübahisələr və müzakirələr baş verir, lakin artıq bu ölümcül xarakter daşımır, çünki hər ikisi mübahisənin bitəcəyini və münasibətlərin yenidən bərpa olunacağını bilir. Əgər tərəflər səbr üçün səy göstərirlərsə, onlara müdriklik də səbrlə gələcək. Bu təbiət qanunudur. Beləliklə, bu mərhələdə tərəflər hikmət qazanır.

 

5. Vəzifə və ya hörmət mərhələsi

Bu da sevginin ilk mərhələsidir! Əslində bu mərhələyə qədər belə sevgi yox idi. Bu mərhələdə hər bir partnyor qarşı tərəfin ona borclu olduğu şeylər haqqında deyil, sevdiyi insan üçün özünün nə etməli olduğu ətrafında düşünməyə başlayır. Məsuliyyətləri dərk etmək insanı inkişaf etdirir.

 

6. Dostluq mərhələsi

Həqiqətən bir-birinizə yaxın və əziz ola bilmisiniz. Bir-birinizə ən yaxın dost kimi güvənirsiniz. Dostluq sevgi üçün ciddi hazırlıqdır.

 

7. Sevgi mərhələsi

Əsl sevgi asan qazanılan duyğu deyil, ona layiq olmalısınız. Ona gedən yol sınaqlardan keçir. Sevgi uzunmüddətli və yaxın münasibətlərdə hər cür həyat şəraiti vasitəsilə öyrədilir. Əsl sevgi ümumiyyətlə inanıldığı kimi qəfildən başınıza gələn bir şey deyil. Həqiqi yetkin sevgi üçün insan eqoizm və qərəzdən imtina edir.

Ər və ya arvadı hər kəs özü seçir. Ancaq əsl sevgini yaşamaq üçün bir-birinizi yaxından tanımalı, ardından dost olmağı bacarmalı və sonra aşiq olmalısınız. Bir çox cütlük sevginin ilk mərhələsini düşünür. Bilməlisiniz ki, münasibətlərin ilk sınaqları romantika və çəhrayı eynəklər yox olduqdan başlayır.

Sədaqət və səbr sevginin əsas keyfiyyətləridir. Münasibətlərinizə “sevgi bitdi” deyə qərar vermisinizsə, əmin olun ki, hələ başlamayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir