Qadın qətlləri, bıçaqlanması ilə bağlı dəhşətli mənzərə yaranıb. Demək olar ki, hər gün ölkədə 1-2 xanım əri, yaxınları tərəfindən öldürülür, bıçaqlanır, şikəst edilir.
Neçə illərdir buna qarşı kampaniya aparılır, maarifləndirilmə tədbirləri reallaşdırılır, ancaq vəziyyət getdikcə kritikləşir.
Mayın 9-da Bakının Xətai rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.
Məhəmməd Hadi küçəsində yerləşən “Təbrik” şadlıq evində keçirilən mərasim zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova 1982-ci il təvəllüdlü həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, V.Abbasova toyda ərinə ondan boşanacağını söyləyib. Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Mayın 10-u saat 12:30 radələrində isə paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevanın həyat yoldaşı, 1977-ci il təvəllüdlü Zöhrab Quləli oğlu Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Mayın 6-da isə Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində tanınmış plastik cərrah Türkan Yafəs qızı Gündüz əri tərəfindən qətlə yetirilib…
Qadın qətlləri niyə artır? Maarifləndirmə tədbirləri niyə effekt vermir? Dövlət bununla bağlı hansısa addımlar atmalıdırmı? Bəlkə indiyədək həyata keçirilən təbliğat metodlarının özü yanlışdır və daha fərqli mexanizmlər işlənməlidir?
Fazil Mustafa: “Bazanı, təməli təmizləməliyik, təməl xarabdır, bunun da səbəbi təhsilin məhv edilməsidir”
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa aşağıdakıları dedi: “Nəzərə almaq lazımdır ki, maarifləndirmə daha çox hansı kateqoriya insanlara aiddir. O insanlara aiddir ki, bəlli bir şüur səviyyəsinə gəlib, yetişir, dünya görüşləri lazımi səviyyədə inkişaf edir, bundan sonra hər hansı bir şəkildə maarifləndirici sözünün, fikrinin onlara təsiri olur. Lakin insan hazır olmayanda, yetişməyəndə ona qarşı hansısa bir şəkildə təbliğat aparılmanın mənası qalmır. Məsələn, küçədə dilənçi və yaxud insan alveri qurbanı olan şəxslərin özünə seçdiyi bir həyat tərzi var. Bu həyat tərzini təbliğatla dəyişmək nə dərəcədə mümkündür?”
Millət vəkili qeyd edib ki, vəziyyəti dəyişmək üçün cəmiyyətdə ciddi bir sosial proqram həyata keçirilməlidir: “Bu sosial proqram da bilavasitə işsizliklə bağlı olmalıdır. Bu sahədə artıq dəqiq statistika aparılmalıdır. Çünki məlum məsələdir ki, əhalinin xeyli hissəsində işsizlik, maddiyyatla bağlı problem var və bütün bunlar da insanları mənəvi bulanıma gətirib çıxarır.
Hesab edirəm ki, biz ilk növbədə insanların yaşayış şəraiti məsələsini real şəkildə düşünməliyik. Böyük əksəriyyət kənddən şəhərə gəlib və həyatı pozulub. Kənd mühitində yetişmiş, onun dəyərlərini, vərdişlərini mənimsəmiş insan şəhər mühitində mütləq hansısa bir formada deformasiyaya uğramalı, avaralığa, narkomaniyaya daha çox meyl etməlidir, çünki başqa yolu yoxdur. Yəni şəhərə çörək qazanmağa gəlir, amma bunun da şərtləri ağırdır, iş yoxdur və o mühitin təsiri ilə pis vərdişlərə bağlanır. Bu baxımdan, törədilən qətllərin mənbəyi araşdırılmalıdır”.
Fazil Mustafa hazırda Azərbaycanda boşanma sayının ən yüksək həddə olduğunu diqqətə çatdırdı:
“Ailə boşanmasa belə, məcburi ailə quruluşu içərisində qalanların sayı boşananlardan daha çoxdur. Bu vəziyyət də ona gətirib çıxarır ki, sonda nə qadın, nə də kişi güzəştə getmir, mədəni formada ayrıla bilmir, məhkəmə prosesinin də bir tərbiyəedici təsiri olmur, nəticədə bəzən qətl hadisəsi baş verir. Bir neçə dəfə boşanmadan sonra kişinin həbsdən çıxıb, başqası ilə ailə qurmuş keçmiş arvadını öldürdüyünün şahidi olmuşuq. Bunların hamısı qeyri-mədəni yaşayışın görüntüləridir və biz məhz bunu kökündən həll etməliyik. Ölüm, intihar hadisələri artdıqca biz bunun həlli yolu əvəzinə qısa, kəsə yol tapmışıq – “maarifçiliyi necə gücləndirək?” deyirik. Maarifçilik yol deyil. Bazanı, təməli təmizləməliyik. Təməl xarabdır, bunun da səbəbi təhsilin məhv edilməsidir”.
Mehriban Zeynalova: “Cərrah xanımın ölümü onu göstərdi ki, təhsilli qadınlar arasında da həyatında ciddi zorakılıq faktları olanlar var”
Millət vəkili digər problemlərə də diqqət çəkdi: “Azadlıqdan məhkum olunmaş şəxslərin azadlığa çıxdıqdan sonra onların reabilitasiyası ilə bağlı qanun qəbul etmişik. Bəs bu reabilitasiya üçün onlara sığınacaq, ev verə, şərait yarada bilirik? Xeyr. Əgər bunun edə bilmiriksə onların reabilitasiyası hansı işə yarayır? Və yaxud bu şəxslərin işə götürülməsini təmin edə bilmirik, hara gedirsə işə götürmürlər, çünki üzərində məhkumluğu var. Bütün bunlarla bağlı müəyyən sosial institutlar işləməli, bunun üçün isə gerçək kapitalizm cəmiyyəti olmalı, vəsaitlər ödənməli, özəl quruluşlar olmalıdır. Əgər narkomaniya ilə bağlı özəl QHT-lərin fəaliyyətinə dəstək verilsəydi, stimullaşdırılsaydı, dövlətin üzərinə bu qədər yük düşməzdi. Biz narkotik istifadəçilərini müalicə edə bilmir, hamısını həbsə doldururuq. Bunun üçün bir müalicə institutu yoxdur. Adam narkomandır, ailəsində istənilən vaxt kimisə qətlə yetirə bilər, amma hər hansı qoruyucu mexanizm yoxdur. Polis o şəxsi hara yerləşdirsin, bütün vaxtı gedib, ailəsinin içində otura bilməz ki. Almaniyada bununla bağlı xüsusi sığınacaqlar , sosial müəssisələr var ki, insanları qoruyurlar. Məsələn, evdə əgər uşaq üçün təhlükə, psixoloji gərginlik varsa, gəlib valideynin əlindən uşağı alırlar. Amma ölkəmizdə bu cür vəziyyət yarananda hansı ailədən gedib uşağı valideynin əlindən alıblar, bunun şahidi olmuşuq? Çünki bu zaman həmin uşağın saxlanılması, bunun üçün sosial müəssisələrin yaradılması məsələsini həll edə bilməmişik. Sosial institutlarımız da bu sahədə effektiv işləyə bilmirlər, çünki dövlət büdcəsindən alınan vəsaitlə bu mümkün deyil. Burada cəmiyyətin dəstəyi önəmlidir amma dəstək verənlər yoxdur, çünki onların da əksəriyyəti sıradan çıxarılıb, iş adamları artıq sahibkarlıqla məşğul ola bilmirlər və sairə.
Qadınları götürək, təhlükə ilə qarşılaşanda getməyə yerləri yoxdur, ev mühiti isə dözülməzdir. Heç bir sosial institut, müəssisə yoxdur ki, müəyyən bir dövrün keçməsi üçün onlara dəstək versin.
Beləliklə, problemin kökü budur və onun həlli indiki vəziyyətdə Azərbaycanda mümkün görünmür. Hər şey başlı-başınadır. Bu cür qətllərlə qarşılaşanda həyəcanlanırıq, bir gün sonra isə unuduruq və həyatımız belə davam edir”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə məsələyə bu cür mövqe bildirdi: “Düşünürəm ki, hər iki qadının qətli qısqanclıq zəminində olub. Cərrah Türkan Gündüzün qətli ilə bağlı yayılan məlumatlardan da belə məlum olur ki, həyat yoldaşından boşanmaq istəyib və nəticədə qətlin qurbanı olub. Görünür, qarşı tərəf bu xanıma ona məxsus əmlak qismində yanaşıb və özünün üstünlüyünü, tabe etdirməyin yolunu öldürməkdə görüb.
Artıq 3-cü dəfədir ki, həkim qadının öldürülməsinin şahidi oluruq. Cərrah xanımın ölümü onu göstərdi ki, təhsilli qadınlar arasında da həyatında ciddi zorakılıq faktları var. Amma əksər hallarda onlar bunu gizlədir, bu haqda məlumat vermir və düşünürlər ki, bu, onların nüfuzuna səbəb ola bilər. Beləcə zorakılıq başlayan andan müqavimət göstərmək əvəzinə susurlar. Düşünürlər ki, hansısa formada problemi tənzimləyə bilərlər. Amma təəssüf ki, vəziyyəti idarə etmək mümkün olmur və qətl hadisəsi baş verir.
İkinci hadisədə də ola bilsin ki, qarşı tərəf ayrılmaq məsələsinə adekvat reaksiya verməyib və toyun içərisində qətl törədib. Görünür ki, ona qədər də hadisələr cərəyan edirmiş və həmin toy ərəfəsində daha kəskin özünü büruzə verib və qarşı tərəf öz əmlakını itirməmək kimi özünə tabe etdirmək istəyib.
Hesab edirəm ki, məxfiliklə bağlı daha çox mesaj verilməlidir. Yəni şəxslər əmin olmalıdır ki, onların məlumatı gizli saxlanılacaq, məlumatları yayılmayacaq.
Bəzi hallarda görürük ki, qadınlar sığınacağa da gəlməyi özlərinə rəva bilmirlər, çünki hesab edirlər ki, məlumat yayılar, məsələ ictimailəşər, işgüzar nüfuzuna zərər gələr. Bu baxımdan, bir daha qeyd edirəm ki, məxfiliklə bağlı ciddi mesajlar verilməlidir və bu mesajlar hər kəs üçün bərabər yaradılmalıdır.
İkinci bir məsələ, qaynar xətlər daha da aktivləşməlidir və bu haqda məlumat geniş yayılmalıdır.
Həmçinin iş yerlərində maarifləndirmə ilə bağlı müəyyən psixoloji testlər həyata keçirilməli, psixoloqla söhbətlər aparılmalıdır. Xüsusən də müəllimlər, cərrahlar üçün. Yəni vəziyyəti, riski qiymətləndirmək üçün belə bir xidmət paketi açmaq olar. Təsəvvür edin, cərrahın evində belə bir gərginlik problemi var və o, bu cür psixoloji gərginlik altında əməliyyata girir. Bu zaman əməliyyatda da hər hansı bir fəsad yarana bilər.
Ümumi olaraq isə bu hadisələrin cərəyanı onu göstərir ki, hələ də zorakılıq çoxdur və bu haqda məlumat vermək, bölüşmək hissi insanlarda azdır”.
Xalidə GƏRAY