Öz yeniliklərilə İslam dünyasını “sevindirməyə” davam edən İŞİD-in növbəti qərarı qadınların sünnət olunmasıdır. İraq və Şam İslam Dövləti ələ keçirdiyi bölgələrdə qadın və qızların sünnət olunması ilə bağlı fətva verib. Qeyri-dəqiq məlumatlara görə, bu fətva 4 milyon qız və qadına şamil ediləcək.
Bəs qadın sünnəti nədir və necə yaranıb? Hazırda haralarda, hansı məqsədlə tətbiq olunur?
Qadın sünnəti – cinsi zövq orqanı olan klitorun kəsilməsidir ki, məqsəd qadınların cinsi yaxınlıqan həzz almasına imkan verməməkdir. Yəni, qadın cinsi münasibətə zövq almaq üçün yox, yalnız nəsil artırmaq üçün girsin deyə, bu addım atılır.
Dünyanın 30 ölkəsində il ərzində 3 milyona yaxın qadın sünnət edilir. Qadın sünnətinin ən çox yayıldığı region Afrika və Cənub-Şərqi Asiyadır. Somalidəki qızların 98%-nin sünnət edildiyi bildirilir. Təkcə Somali yox, Efiopiya, Fil Dişi Sahili, Seneqal, Keniya, Benin və Qana kimi müsəlmanların üstünlkü təşkil etdiyi Afrika ölkələrində qadınlar sünnət edilir. Həmçinin xristianların üstünlük təşkil etdiyi Nigeriya, Tanzaniya və Nigerdə də qadınlar sünnət edilir.
Buna görə də belə hesab olunur ki, Afrika ölkələrində qadınların sünnəti dinlə yox, daha çox yerli adət-ənənə ilə bağlıdır.
Tarixçi və ilahiyyatçı alim Təbərinin qeydlərinə görə, qadın sünnətinin tarixi Həzrəti İbrahimin vaxtına gedib çıxır. Belə ki, rəvayətə görə, qadınların sünnət edilməsi adəti onun dövründə başlayıb və ilk sünnət olunmuş qadın da onun həyat yoldaşı Həcər olub.
Hətta İslam peyğəmbəri Məhəmmədin də sünnətin qadın üçün fəzilət olduğunu dediyi bildirilir.
Buna baxmayaraq, dində qadın sünnətinin olub-olmaması ilə bağlı fikirlər ziddiyyətlidir. Bəziləri bunun dində olduğunu desə də, araşdırmalar göstərir ki, heç bir dində qadın sünnəti ilə bağlı birmənalı tələb yoxdur.
Başqa bir qrup tarixçilər isə hesab edir ki, qadınların sünnət olunması adəti 2 min 500 il əvvəl Misirdə başlayıb və sonradan Afrikanın digər bölgələrinə yayılıb.
Qadın sünnəti əsasən 4-12 yaş arası və tam, ya qismən olmaqla müxtəlif formalarda edilir. Burada digər məqsədin guya fahişəliyin qarşısının alınması olduğu deyilsə də, statistik məlumatlar göstərir ki, bu sünnətin həyata keçirildiyi ölkələrdə fahilşəlik heç də digərlərindən az deyil.
Qadın sünnəti insan orqanizminə necə zərər vurur? Bunun hansı fəsadları var?
Ginekoloq Ellada Sarıyeva bildirir ki, sünnət qadının cinsi fəaliyyətini yalnız korlayır, birdəfəlik dayandırmır: “Bunun məqsədi cinsi funksiyanı tormozlamaqdır. Əslində klitorun kəsilməsi qadının cinsi fəaliyyətinə ciddi təsir etmir, sadəcə, fiziki zədə qalır və cinsi münasibətə qismən istəksizlik yaranır. Qadının cinsi fəaliyyətini yalnız yumurtalığı kəsməklə tam dayandırmaq olar”.
Cinsi fəaliyyətə ciddi təsir etməsə də, sünnət qadının həyatı üçün təhlükə törədir. Belə ki, sünnət prosesi yüzlərlə qadının həyatını itirməsi ilə nəticələnə bilir: “Qadın sünnətinin bir təhlükəli tərəfi də qanaxmadır ki, sünnət zamanı qanaxmadan ölənlərin sayı kifayət qədərdir. Çünki qadın cinsiyyət orqanında həmin hissə qan damarları ilə zəngindir və onlara nəzarət etmək çətindir”.
Ginekoloq deyir ki, sünnət qadının psixologiyasına da ciddi təsir edir. Belə ki, sünnət olunmuş qadında ətrafdakılara qarşı qorxu hissi yaranır və asanlıqla tabe olur.
Qadın sünnətinin doğuşa təsirinə gəlincə isə, E.Sarıyeva bildirib ki, bunun ciddi təsiri yoxdur.
Azərbaycanın da bəzi bölgələrində, əsasən isə Qax və Zaqatalada qadın sünnətinin olduğu deyilir. “Təmiz Dünya” Qadınlara Yardım İctimaiv Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bununla bağlı yalnız bir dəfə quruma şikayət daxil olub: “Bir neçə il bundan qabaq Zaqatala zonasında sünnətlə bağlı hansısa faktların olduğunu dedilər, amma aşkarlanmadı. İstənilən halda bu hal qadına qarşı zorakılıqdır. Təkcə fiziki yox, eyni zamanda psixoloji zərbədir”.