zorakiliq

“Qadına həyat yoldaşı kimi deyil, şəxsi maddi mülkiyyəti kimi davranan kişinin ailəsi möhkəm olmur”

Baxış sayı: 318

El arasında ta qədimlərdən qadın kişi münasibətlərini əks etdirən müxtəlif məsəllər olub. Qadınlar, qızlar hər zaman ikinci dərəcəli varlıq hesab edilib. “Qızını döyməyən dizinə döyər”, “Qız ki, kəkil çıxardı, ver canın qurtarsın”, “qızı özbaşına buraxarsan, ya zurnaçıya gedər, ya halvaçıya” və s misalları yəqin ki, bu gün də eşidirsiniz. Artıq bu fikirlər toplumda sözün əsl mənasında qəlibləşib.

Müasirləşirik, dünyaya inteqrasiyadan danışırıq, boşanmaların sayı evliliklərinin sayının yarısına bəırabrdir. Amma bu gün də hələ də “gəlin mənim süpürgəmdir” deyən qaynanalar, “mən kişiyəm, mənə hər şey olar” deyən kişilər var.

Bir yaxınım danışırdı. Yeni tanış olduğu bir bəyi sevdiyi halda ondan ayrılmaq məcburiyyətində qalıb. Səbəb kişinin “hara getdinsə, xəbərim olmalıdır”, “hara getsən görüntülü yığdığım zaman açmalısan”, “hara getsən, mən bilməliyəm”, “telefonumu niyə açmırsan”, “mesaja niyə cavab vermirsən” kimi yorucu tələbləri olub.

Qadın danışır ki, 1 aylıq flört dönəmində kişini sevməyə başlasa da, başa düşüb ki, kişi özünə sevgili deyil, ondan asılı olan kölə axtarır. Məsələnin maddi tərəfinə gəldikdə, kişi qadın üçün 1 ay müddətində cəmi bir çiçək alıb. Qadının necə yaşadığı, çətinliklərinin olub-olmaması kişini heç maraqlandırmayıb…

“Mənim sərhədlərimi aşmaqla yanaşı, mənə günahkar kimi davranır, yaşadığım hər problemin səbəbkarı kimi məni görürdü. Xoşbəxətəm ki, münasibətimi davam etdirmədim. Əvvəlcə bu, mənim üçün ağır idi. Maraqlısı budur ki, bu şəxs bir dəfə də olsun soruşmadı ki, “bir çətinliyin varmı?” soruşduğu “hardasan, kimləsən, niyə telefona gec baxdın” və s. ilə bağlı idi.”-deyə qadın danışır.

 

Düzdür, heç bir qadın belə münasibəti davam etdirməyə məcbur deyil. Amma gəlin araşdıraq, kişilər niyə belə davranır?

Psixoloq Rafiq Allahverdiyev bildirir ki, ailə münasibətlərində konfliktlər, mübahisələr zorakı münasibət hesab edilmir. Bunlar ailə münasibətlərinin tənzimləməməsi kimi qiymətləndirir.

Psixoloq Rafiq Allahverdiyev

“İnsanların dünyagörüşləri, maraqları və tərbiyələrindən irəli gələn bir anlaşılmazlıq olaraq qəbul edilir. Zorakı münasibətlər insan şəxsiyyətinə hörmət edilmədən, insan şəxsiyyəti nəzərə alınmadan, ona bir şəxsiyyət kimi yanaşmadıqda əmələ gəlir”-deyə psixoloq qeyd edib.

 

Zoraki münasibətlərin səbəbləri nədir?

Psixoloq deyir ki, milli əxlaq normalarına yanlış olaraq istinad edən, ər-arvad münasibətlərində partnyorun bərabər hüquqlu ailə üzvü kimi qəbul edilmədiyi ailələrdə daha çox zorakılığa rast gəlinir.

“Münasibətlərdə zorakılığın digər səbəbi, milli, əxlaqi və dini stereotiplərə söykənərək, insanların qarşılıqlı tanıma və anlaşması olmayan, sevgi hisslərinə əsaslanmayan ailələrdə kişinin qadına mülkiyyət kimi baxmasından irəli gəlir.

Kişi qadının namusunu daşıyır, amma namusunu necə qoruyacağını təsəvvür edə bilmir və qadına mülkiyyəti kimi baxır. Mülkiyyəti kimi baxdığı üçün “istər sevərəm, istər ataram” anlayışı möhkəmlənir.

Zorakılığa birinci səbəb; sevgi, anlaşma, qarşılıqlı hörmət olmadan və “niyə evlənirik” fikri şüurlu formada dərk edilmədən qurulan ailələrdir. İlkin səbəb buradan başlayır. Amma sonra insanlar özlərinə haqq qazandırmaq üçün müəyyən bəhanələr uydurur, müəyyən məntiqsiz amma əxlaq normalarına, mənəvi nöqtələrə söykənən  – “atama hörmət etmədi”, “geyimi biraz açıq idi”, “mənə hörmət etmir” bəhanələr edərək zorakı davranışlarını pərdələməyə çalışırlar”-deyə psixoloq bildirib.

Qadınlara qarşı zorakılığa gəldikdə, Rafiq Allahverdiyev qeyd edib ki, səbəbsiz qadağalar qoymaq, təcrid etmək və tabe etmək bu hallara söykənir.

“Qadağalar geyimdən tutmuş, danışıq tərzinə qədər “filankəslə söhbət etməyəcəksən”, “ora getməyəcəksən” və s. bu qadağalardır. Yəni qadağa qoyur ki, “mən belə istəyirəm, sən ora getməyəcəksən”. Bu qadağalarla bərabər təcrid etmək “çölə çıxmayacaqsan” və ya tabe etmək “mənim xəbərim olmadan bunu etməyəcəksən”, “mən bilməliyəm sən nə edirsən”, “mənə deməlisən, mənim xəbərim olmadan və mənə demədən sən qərar qəbul edə bilməzsən” kimi davranışlar… Bunlar zorakı münasibətlərin ən vacib növlərindən biridir. Həmin zaman sanki kişi qadının səhv etməsini gözləyir. Bu qadağalar, tabe və təcrid etmək davranışları ailənin möhkəmlənməsinə deyil, qadının səhv etməsinə hədəflənir. Yəni kişi qadının səhv etməsini gözləyir ki, hansısa bir yerdə səhv etsin və ona qarşı qadağaları daha da gücləndirsin, qadını cəzalandırsın. Bu münasibətlərdə zorakılığın ən dəhşətli bir formasıdır”-deyə psixoloq bildirib.

Rafiq Allahverdiyevin fikrincə, əslində bu insanların psixoloji sağlamlıq vəziyyəti normaldır və sağlamdırlar: “Onun ruh halı qürrələnmək, bu cür qadağalarla xanımını idarə etmək və yaxşı kişi obrazı, yaxşı ata obrazını özündə etolona çevirməkdir. Yəni onun ruh halı etdiyi hərəkətləri zorakılıq kimi qəbul etmir. Əksinə, kişilik simvolu kimi qiymətləndirir və bununla qürrələnir, fəxr edir. Bu kişilər həmin davranışı zorakı hal kimi, qarşındakı xanımın şəxsiyyətinə təhqir kimi, hörmətsizlik kimi və s. kimi qəbul etmədiyinə görə, bu onlar üçün zövq prinsipinə çevrilir. Yəni o hərəkətindən kişi zövq almağa başlayır, öz kişi obrazını gücləndirir və “kişi belə olar” fikri ilə qürrələnir. Kişi öz davranışlarını zorakılıq kimi qəbul etmədiyinə görə, digər insanları ittiham etməyə başlayır. Əslində belə münasibətlərdən qurtulmaq asan deyil. Çünki qeyd edilən kişi modeli zorakılığa meylli olduğu üçün, bu zorakılıq əvvəlcə sözlərlə, sonra davranışlarla və əın sonda hərəkətlərlə özünü göstərir. Qısası, münasibətə başlayan zaman kişiləırin belə aqressiv davranışını düzgün dəyərləndirmək lazımdır.

Hər dəqiqə başı axtaran, kobudluq edən, günahkar çıxarmağa çalışan, ittiham edən və bununla yanaşı qadının heç bir problemi ilə maraqlanmayan kişilərin duyğuları sevgi və ya qısqanclıq deyil, eqoizmdir. Bu münasibətlərin sonu daha faciəvi sonluqla bitə bilər. Bu səbəbdən də bir münasibətə başlayarkən, arada deyilən şirin sözlərə aldanmayın, davranışlara və hərəkətlərə fikir verin.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir