“Qadınını həmişə evdə görən kişi…” – BİZ NECƏ AİLƏYİK?

Baxış sayı: 1. 441

Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 15 may bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Dünya ölkələrinin diqqətini ailələrin çoxsaylı problemlərinə yönəltmək məqsədilə bu günün təsis olunması insanlar, toplumlar, nəhayət, xalqlar tərəfindən rəğbətlə qarşılanıb və illərdir ki, dünya bu günü qeyd edir. Cəmiyyətin əsas institutlarından biri, həmçinin, insanın sosiallaşması prosesində ilk pillə olan ailə ətraf dünya ilə birlikdə dəyişir və inkişaf edir. Eyni zamanda ailə özü də cəmiyyətin formalaşmasında öncül rol oynayır. Artıq belə bir fakt da öz təsdiqini tapıb – ailə həm də istənilən dövlətdə əsas sabitlik və inkişaf faktorudur.

Azərbaycan mentallığı üçün isə ailə xüsusi məna kəsb edir. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan ailələri illər öncə olduğu kimi, bu gün də başqa xalqlara nümunə göstərilir. Amma son illər Azərbaycan ailələrinə xarakterik olmayan hallara, ailə dəyərlərimizə zidd hadisələrə tez-tez rast gəlirik. Dayanıqlığı, möhkəmliyi ilə nümunə olan Azərbaycanın ailə modeli son illər dünyaya inteqrasiya baxımından bəzi mənfi təsirlərlə üz-üzə qalıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Aile.lent.az-a açıqlamasında deyib ki, hələ də Azərbaycan ailələri başqa xalqlar üçün örnək göstərilir. Onun sözlərinə görə, uzunömürlülüyü ilə nümunə olan ailələr ölkəmizdə ailə institutunun qorunub saxlanıldığından xəbər verir: “Hesab edirəm ki, bu gün ölkədə boşanmaların sayı elə də təhlükəli həddə deyil. Azərbaycanda bağlanan nikahların 10-15 faizi, Amerikada orta hesabla 70 faizi, Fransada 35 faizi boşanma ilə nəticələnir. Amma son dövrlər qlobal inteqrasiya Azərbaycan ailələrindən də yan keçməyib. Artıq ailələrdə yaşanan problemlər də fərqlidir. Əvvəllər ümumi ailə problemləri vardısa, indi konkret problemlərin araşdırılması yönündə işlər gedir. Bura erkən nikahla mübarizə də daxildir. Artıq bu yöndə görülən işlər effekt verməkdədir. Bir il ərzində erkən nikahların sayı 10 dəfə azaldıldı. Cinayət məcəlləsinə xüsusi müddəaların salınması, nikaha cəlb etməyə məcbur etmə ilə bağlı müddəaların qəbulu və tətbiqi nəticəsində erkən nikahların sayı 2 mindən 250 fakta endirildi”.

Amma E. Səfərov hələ də görüləcək işlərin çox olduğunu söyləyir. Onun fikrincə, bu gün məişət zorakılığının qarşısının alınması istiqamətində ciddi işin aparılmasına ehtiyac var: “Zorakılıq qurbanlarına “qaynar xətt” xidmətinin yaradılması, dövlət sığınacaqlarının yaradılması mexanizmi işə düşməlidir. Hal-hazırda Azərbaycanda 2 milyon 100 mindən çox ailə var. Hər il 80 mindən çox ailə qurulur. Onun da 1100-ü boşanma ilə nəticələnir. Bu sırada, qurulan yeni ailələrin sayı isə orta hesabla 65-70 minə çatır”.

Şöbə müdiri deyib ki, Azərbaycanda ailə strategiyası hazırlanıb. Bu strategiyaya əsasən, gənc ailələrə nəinki güzəştlər, eyni zamanda çoxuşaqlı ailələrə dəstək, inkişafı üçün yardımların gücləndirilməsi nəzərdə tutulub.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova son vaxtlar ailədaxili zorakılıq hallarının artmasının narahatçılıq doğurduğunu vurğulayır. M. Zeynalova deyir ki, İctimai Birliyin zorakılıq qurbanları üçün yaratdığı “qaynar xətt”ə son bir ildə 250-dən çox müraciət daxil olub: “Təkcə ailə-məişət zorakılığı ilə bağlı qadınlar tərəfindən 80 müraciət edilib. Son vaxtlar ailə-məişət zəminində zorakılıq halları artıb. Bunu bizim qaynar xətə daxil olan müraciətlər də təsdiqləyir”.

M. Zeynalova deyir ki, ailələrdə məişət zorakılığı hallarının azaldılması üçün Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə xüsusi müddəaların əlavə edilməsi zəruridir. Onun sözlərinə görə, ər-arvad arasında zorakılıq törədilirsə, o, ağırlaşdırıcı hal olmalıdır: “Hazırda Azərbaycan qanunvericiliyində məişət zorakılığı ilə bağlı xüsusi cinayət məsuliyyəti yoxdur. Məsələn, ər-arvad arasında zorakılıq törədilirsə, bu, ağırlaşdırıcı hal sayılmalıdır. İnzibati Xətalar Məcəlləsinə əsasən, belə hallar döymə adı ilə qeydiyyata alınır. Amma məişət zorakılığı ər-arvad arasında fiziki xarakterli olanda bu, ağırlaşdırıcı hal kimi qəbul edilməlidir ki, belə halların qarşısı alınsın. Bunların İnzibati Xətalar və Cinayət məcəllələrində qəbul edilməsi məişət zorakılığı hallarının azalmasına imkan verəcək”.

M. Zeynalovanın sözlərinə görə, son vaxtlar kişilər ailədə zorakılığı namus məsələsi ilə bağlayıb, özlərinə haqq qazandırmaq istəyirlər. Amma heç də həmişə ailədə zorakılıq hallarının törədilməsinə səbəb namus məsələsi olmur.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmov isə deyir ki, kişilərin qadınlara qarşı zorakılıq törədərkən namus məsələsini ortaya atması diqqəti hədəfdən yayındırmaq xarakteri daşıyır: “Onlar bununla əsl səbəbi diqqətdən yayındırmaq istəyirlər”.

E. Rüstəmov zorakılıq hallarının ailələrdə törədilməsində tərəflər arasında balansın pozulmasının rol oynadığını söyləyir: “Artıq Azərbaycan qadını çalışqan iş qadınıdır. Azərbaycan kişisi qadının işgüzar, dinamik olmasını həzm edə bilmir. İmtiyazı həm tanıyır, həm də tanımır. Bu gün Azərbaycan qadını həyat yoldaşından diqqət istəyir. Həyat yoldaşına güvənmək istəyir. Bu isə müəyyən ailədaxili konfliktlərin yaranmasına, zorakılıq hallarına gətirib çıxardır. Bəzən evdə oturan qadınlar da özlərini işgüzar, faydalı biri kimi görmək istəyirlər. Qadınını həmişə evdə görən kişi onun bu istəyini qəbul edə bilmir bəzən. Ona görə də evdə tərəflərin bərabərliyi tanınmalıdır. Ailədə qarşılıqlı hörmət olmalıdır. Zorakılığın kökündə tərəflərdən birinin digərini idarə etmək istəyi dayanır. Kişilər bəzən həyat yoldaşını idarə edə bilmədikdə yumruğa əl atırlar”.

E. Rüstəmov ailədə zorakılıq hallarının psixoloji pozuntu ilə də bağlılığının olduğunu bildirir: “Ailədə zorakılıq törədənlər arasında psixoloji pozuntu da var. Burada həmin şəxsin vaxtilə ailədə yaşamış olduğu travmalar da rol oynayır. Bir qismində psixoloji narahatlıq var. Bunu namusla bağlamaq problemin həlli deyil”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir