qadin-kisi

Qadınlar, ​yoxsa kişilər daha yaxşı işləyir?

Baxış sayı: 2. 017

Bizim cəmiyyətdə hesab olunur ki, hansı sahə olur-olsun, orda kişilər qadınlardan daha yaxşı işləyirlər. Bunu isə qadınların uşaqlara, məişət problemlərinə, seriallara, dəb xəbərlərinə daha çox vaxt ayırmaları ilə izah edirlər. Psixoloqlar isə qadınların işgüzar mühitdə daha inadkar olduğunu, daha səylə çalışdığını bildirirlər. Onların dediklərinə görə, fərqi yoxdur, kişi, yoxsa qadın, hər şey xarakterdən asılıdır.

Dünya İqtisadi Forumunun hesabatında bildirilir ki, qadınlar bir ildə kişilərdən 39 gün daha çox işləyirlər. Bir günə görə də qadınlar kişilərdən 50 dəqiqə çox işləyirlər.

Hesabatda qeyd olunub ki, ödənişsiz işlərdə qadınlar üstünlük təşkil edir və qadınla kişi arasındakı iş tarazlığı 170 ildən sonra təmin olunacaq. Hər il 1 milyon qadın iş prosesinə qoşulur. Gördüyü işin ödənişini alan kişilərin nisbəti qadınlara görə 34 faiz daha çoxdur. Lakin uşaq və yaşlılara baxmaq, ev işləri kimi pulsuz işlər də daxil edildikdə, qadınlar kişilərdən daha çox çalışır.

Psixologiya Nitq və İnkişaf Mərkəzinin rəhbəri Vəfa Rəşidovanın “Ekspress”ə bildirdiyinə görə, bizim cəmiyyətdə qadınların idarəçiliyi bacarmaması tendensiyası var: “Xüsusilə də, kişilər arasında qadınların bu sahədə bacarıqsız olduğunu, uğur qazana bilməyəcəyini düşünənlər çoxdur. Əksəriyyət qadınların ağır işlərin öhdəsindən gələ bilməyəcəyini güman edir. Əslində bu, fərdi bir yanaşmadır. Qadının hansı sahədə nə dərəcədə bacarıqlı olması xarakterə bağlıdır”.

Dediyinə görə, elə qadınlar var ki, stressə davamiyyətləri yüksəkdir, onlar bütün işlərin öhdəsindən gələ biləcəklər. “Ağır və ya yüngül iş olduğu fərq etmir. Burada motivasiya da böyük önəm daşıyır. Bir xanım və ya bir bəyin motivasiyası yüksəkdirsə, stressə davamlıdırsa, məqsədyönlüdürsə, həmin insan çətin və yüngül işləri bir-birindən ayırmayacaq. Elə insanlar da var ki, stressə davamiyyətləri zəifdir. Onların motivasiyası da aşağı olur, eyni zamanda özgüvən problemi yaşayırlar. Belə insanlar fərq etmir, qadındır, kişidir. Motivasiyası yoxdursa, özgüvəni aşağıdırsa, stressə davamiyyətsizdirsə, işgüzar sahədə özünü zəif göstərəcək”.

Rəşidova qeyd edib ki, hər bir sahədə həm qadın, həm də kişi bacarıqlı ola bilər: “Sadəcə, burada xarakter, ailədən gələn yanaşma böyük rol oynayır. Bəzi insanlar hər işi özlərinə yaxın buraxmazlar, çünki onların yaxınları, valideynləri bunu bir o qədər də dəstəkləmirlər. Dəstəkləmirlərsə, onlar da o işin dalınca getmirlər. Hətta elə də olur ki, ailə övladların arzuladığı işin arxasınca getməyinə qarşı çıxır, övladlarını o işdə uğur qazana bilməyəcəyinə inandırır. Həmin şəxs də ailəsinin fikirlərinə fokuslandığından, istədiyi işin arxasınca getsə belə, onda alınmır”.

Psixoloq onu da deyib ki, uşaqlıqdan qızlar daha səliqəli, məsuliyyətli və sözəbaxan olurlar: “Oğlan uşağına ailədə əsasən nəslin davamçısı kimi baxırlar. Bu səbəbdən də qızlar uşaqlıqdan daha çox çalışqanlıq, bacarıq nümayiş etdirməyə çalşırlar ki, valideynləri, böyükləri tərəfindən tərif eşitsinlər. Oğlana isə dəcəlliyə, sərbəstliyə şans verilir.

Analar oğullarını həmişə güclü, böyüdükdə nüfuzlu bir insan kimi görmək istəyir və buna doğru yönəldirlər. Onlar oğlanlara uşaqlıqdan şəxsiyyətini göstərməyə imkan yaradırlar. Oğlanın hüquqları, sərbəstliyi qıza nisbətən daha çox olur. Valideynlərin qızlardan isə gözləntiləri az olur. Əksər hallarda qızlar bu psixologiyada böyüdükləri üçün özlərini rəhbər, lider rolunda görmürlər. Daha çox müəllimə, həkim, incəsənət sahələrində özlərini sınayırlar. Oğul övladı olmayan ailələrdə bəzən fərqli psixoloji istiqamətlə böyüyən qızlar olur”.

İş sahəsində digər fərq qadınların kişilərə nisbətən stressə davamlı olması, yeni mühitə asan adaptasiya olmasıdır. Tarixən qadın ər evinə gedib və yeni ailəyə uyğunlaşmalı olub. Ailənin möhkəmliyi, nikahın uğuru bu amildən asılı olur. Bu da qadınlarda stressə uzun müddət davamlılığı formalaşdırıb.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir