Cəmiyyətdə qadınlarla kişilər arasında kəskin ayrı-seçkiliyin mövcudluğu ictimai həyatda universal təşkilatlanmaya səbəb olur. Yəni iş və həyat tərzi baxımından qadınlar bir, kişilər isə başqa cür formalaşırlar. Ümumilikdə həyatda, insan cəmiyyətində, hətta bəşəriyyətdə təkcə iki cinsin olduğunu iddia edən və buna görə təşkilatlanan cəmiyyətlər həm də cinslər arasında kəskin ayrı-seçkiliyin təməlini qoyublar. Hələ uşaqlıqdan oğlan və qızların fərqli bacarıqları inkişaf etdirilir, onlara cinsiyyətlərinə görə qruplaşdırılmış bilik və bacarıqlar diqtə olunur. Fikir vermisinizsə, hətta oğlan uşaqları üçün cinsiyyətlərinə uyğun olmadığı hesab edilən işləri görmək ümumiyyətlə, utancverici hal sayılır. “Qız kimi”, “qadın kimi”, “arvad kimi” bənzətmələri alçaldıcı qəliblər olaraq onların ağlına elə yeridilir ki, hissləri qarşısında hansı reaksiyanı verəcəkləri, hansı işləri görüb, hansıları görməyəcəkləri onlar üçün əvvəlcədən müəyyənləşdirilmiş olur. Məsələn, kişiyə ağlamaq olmaz, əsəbləşmək olar, qab yumaq olmaz, amma istədiyi qədər bulaşdırmaq olar, evdə, həyat yoldaşının yanında çox qalmaq olmaz, amma çöldə-bayırda boş-boşuna dolaşmaq olar və sair. Düzdür, bu sərt qayda-qanunların əksəriyyəti indi nisbətən yumşaldılıb, amma ümumilikdə bu qəbildən olar-olmazlar hələ də aktuallığını qoruyur.
Ümumiyyətlə, qadın və kişi üçün, ər-arvad, ana-ata, nənə-baba olaraq cinsiyyət rolları əvvəlcədən onların dünyaya gəldikləri genderə görə müəyyənləşdirilir. Mədəniyyətlər nəyin kişi üçün, nəyin isə qadın üçün olduğunu özündə ehtiva etdiyinə görə, bu cür mədəniyyətlərin təsiri altında dünyaya göz açan insanlar da sorğu-sualsız bu qaydaları mənimsəyirlər. İnsanın öz cinsiyyətinə uyğun qazandığı sosial kimliyi əsasən onun öz seçimi olmur. Bu, insanın yaşadığı cəmiyyətin ona biçdiyi rollarla həyatını davam etdirməsi deməkdir. Yəni insan doğulduğu zaman sahib olduğu cinsiyyət kimliyini əvvəl-əvvəl cəmiyyətdə qazandığı öhdəliklərlə birləşdirir, sonra da həmin öhdəliklərin çərçivəsindən çıxmaqda çətinlik çəkirlər. Məsələn, bizim cəmiyyətimizdə adətən qadınların qeybətə, dedi-qoduya, boş danışmağa meyilli olduqlarına işarə vurulur. Bu düşüncənin tamamilə yanlış olduğunu iddia edə bilmərik. Amma əksər qadınların niyə məişət üslubunda və səviyyəsində həyatlarını davam etdirdiyini anlamaq mümkündür. Bunun səbəblərindən biri elə onların cinsiyyətinə görə əsrlərlə ictimai mühitdən uzaq qalması ola bilər. Ölkəmizdə kişilər ictimai, sosial həyatda daha aktiv mövqedə durduqları halda, qadınlar bu baxımdan daha passiv və bacarıqsız görünürlər.
Yaxşı qarğış tökən, yaxşı süfrə açan ənənəvi qadınlarımızın ictimai həyatda tək-tük fəaliyyətləri toy və yas məclislərini yola verməkdən ibarət olur. Hamılıqla qadın xisləti adlandırılan və qadının boynuna qoyulan bu toplu xüsusiyyətləri isə sorğulamaq, bunun səbəblərini bilmək istəmirik.
“Qadınlar belədir, onlar hey deyinirlər, ağlayırlar, gülürlər, uşaqlıq edirlər, ara qarışdırıb fitnə törədirlər” düşüncəsi, demək olar ki, cəmiyyətin qadın haqqındakı ümumi fikrinə çevrilib. Bütün bu xüsusiyyətlərin arasında qadına başucalığı gətirən xüsusiyyət isə onun yaxşı evdarlığı, yad kişilərdən gen durması və sayca çox uşağa baxıb böyütməsi sayılır. Vay o gündən ki, o uşaqlardan biri “dayısına oxşamış” olsun…
Beləcə, qadınların seçim haqqı çox zaman məhdud çərçivə daxilində, məişət səviyyəsində sadə, amma bir o qədər də qarışıq, məşəqqətli, məzmunca bir-birinə çox bənzəyən həyat ssenarilərindən ibarət olur.
Bəs qadının məişət səviyyəsindən çıxması mümkündürmü?
Qadınla kişinin bərabərliyi tələbini irəli sürən insanların bütün etirazlarının fonunda məhz qadınların məişət səviyyəsindən çıxıb ictimai həyata və sosial mühitə adaptasiya olması dayanır. Qadın yalnız bu halda, məişət səviyyəsindəki həyat anlayışından çıxdıqca illərlə ona geyindirilən qabıqlardan da soyulub təmizlənəcək, daxilindəki “öz”ü tapa biləcək. Bunun üçün bu gün qadınların qarşısında duran iki böyük və həlli müşkül görünən problem var. Birincisi, hətta ictimai-siyasi fəaliyyətdə olan qadınların da hələ tam müstəqillik qazana bilməməsidir. İkncisi də cəmiyyətin, sosial mühitin ümumən kişi psixologiyasına sahib olmasıdır.
Cəmiyyət özü forma və məzmunca kişi xüsusiyyətinə sahibdir
Fərdlər ictimailəşmə prosesində cinsiyyət rollarilə əlaqədar olaraq bir çox fərqli yanaşma ilə qarşılaşırlar. Bu baxımdan bizim sosial mühitimiz daha çox kişi xüsusiyyətlərinə sahibdir. Bu xüsusiyyət isə sosiallaşma prosesi zamanı mənimsənilən cinsiyyət rollarına uyğun davranışlar tələb edir. Elə buna görə də qadın sosial həyatda tam formalaşıb öz varlığını sübut etmək üçün yaşadığı sosial mühitin tələbi olan kişi xüsusiyyətlərini və onun tələblərini mənimsəmək məcburiyyətindədir. Çünki bəşəriyyət tarixində qadının həyat ssenarisi kişi tərəfindən yazılıb. Sanki qadın tarix boyunca öz müqəddəratı haqqında azad qərar verə bilməyən, özünü və işini yetərincə təqdim etməyi bacarmayan insan olaraq formalaşmağa məcbur edilib. Bu prosesin içində idarə olunan və obyektləşdirilən qadınların cəmiyyətdəki yeri kişi psixologiyasına uyğun formada müəyyənləşdirilib. Sanki onun yeri bəşəriyyətin davamlılığını təmin edən bioloji rolları nəzərə alaraq kişilərin sosial hökmranlığını təsdiqləyən mövqedə durmaqdır. Buna görə də sosial mühitin ümumi psixologiyası kişi hegemoniyasından təmizlənmədikcə, qadınların psixologiyası məişət səviyyəsində qalmaqda davam edəcək.
İctimai həyatda təmsil olunan qadınlar da tam müstəqil deyillər
Ailədə cinsiyyət rolları üzrə formalaşmış vəzifələrdən qadının payına düşəni əsasən uşaqlara baxıb ev işlərini görmək, qohumluq münasibətlərinin davamlılığını təmin etmək olur. Kişi isə daha çox sosial mühitdə baş çıxara, iş və professional münasibətlərin xüsusiyyətlərini mənimsəyə bilir. Bunun nəticəsində kişilər cəmiyyətdə karyera baxımından yüksəlib öz potensiallarını tam reallaşdıra bilirlər. Qadınların isə bu imkanı demək olar ki çox məhduddur. Məsələn, bu gün qadınlar iş həyatında təmsil olunsalar da, onlardan çox az bir qismu iş münasibətlərini bir restoranda davam etdirmə “icazəsi”nə sahibdirlər. Qadınların əksəriyyəti iş və ev arasındakı yol xəritəsi ilə gündəlik həyatlarını davam etdirirlər. İşdən sonra, yaxud iş saatları ərzində işlə bağlı bir restoranda yad insanlarla kofe içmək, professional mühitlərdə, debatlarda iştirak etmək əksərən ailəli olmayan qadınlar üçün daha asandır. Bu da onu deməyə imkan verir ki, qadınlar iş sahibi olsalar da, onlara sosial həyatda yetərincə təmsil olunmağa imkan verilməməsi bu cinsin düşüncə və davranışlarının məişət səviyyəsində qalmasına səbəb olur. Bu vəziyyət də qadınların ikinci dərəcəli sosial mövqedə qalmasını təyin edir. Belə bir mövqe qadını elmdə, sənətdə, fəlsəfədə ikinci dərəcəli, yaxud ümumiyyətlə, görünməyən bir insana çevirir. Bu baxımdan xüsusilə evli qadınlar həyatda kişinin icazə verdiyi qədər, ikinci dərəcəli bir vəzifə və köməkçi rolu oynayırlar. Təəssüf ki, bu gedişata, bu yazılmamış sərt qanunlara etiraz edən qadınlar məcburən özlərini evlilikdən məhrum etməli olurlar. Qadın anlayır ki, haqqı olan müstəqilliyi yaşaya bilmək üçün ya heç evlənməməli, ya da evlidirsə, boşanmalıdır. Bu hallar isə cəmiyyət tərəfindən əxlaqsızlıq damğası ilə cəzalandırılır.
Ola bilsin ki, qadın haqlarına radikal yanaşma, ifrat feminizm də ifrat kişi hegemoniyasına adekvat bir etiraz formasıdır. Kişi psixologiyasının dominant olduğu mədəniyyətlərin təzyiqlərinə məruz qalan qadınlar sosial mühitdən ayrı düşürlər. Bu hal onların özlərini tanımalarına və kimliklərini formalaşdırmalarına kömək edəcək sərbəst sosial mühitdən uzaq tutur. Bu prosesin əsirlərlə bu cür davam etməsi və hələ də davam etməkdə olması, qadınların sosial mühitə psixoloji baxımdan tam adaptasiya olmasının, bəlkə də, uzun illər çəkəcəyini düşünməyə imkan verir.