Xəyanət deyəndə çox zaman kişilərin xəyanəti ağıla gəlir. Qadın xəyanəti cəmiyyət tərəfindən yolverilməz bir hal kimi dəyərləndirilir. Kişilərin xəyanətinə isə çox zaman don geyindirilərək, “kişidir, hər şey edə bilər” deyilir.
Nə qədər acınacaqlı olsa da, bu gün cəmiyyətdə kişi xəyanəti qədər qadın xəyanəti də var. Bunu baş verən cinayət, qətl, zorakılıq hadisələrinə diqqət yetirəndə daha aydın görmək mümkündür. Bəs qadınlar niyə xəyanət edir? Onları bu addıma vadar edən nədir? Mütəxəssislərin qadın xəyanəti haqqında fikir və mülahizələri müxtəlifdir. ABŞ sosioloqlarının fikrincə, xoşbəxt biryerdəlik yaşayan, kişiyə ürəkdən bağlanan qadın ömrü boyu tərəf müqabilinə sadiq qalır. Psixoloq Aydın Əfəndiyevin sözlərinə görə, sədaqət bir çox qadınların qanında olsa da, aldatmağı xasiyyət, vərdiş halına salan xanımlar da az deyil. Psixoloqun fikrincə, hər bir qadın xəyanət edə bilər. Amma subay qadınlar evlilərə nisbətdə bu addımı daha çox atır. “Qadın kişi kimi deyil. Xəyanət edəcəksə və ya edirsə, bunu anında hiss etdirir. Heç bir kişi qadının ona heç bir zaman xəyanət etməyəcəyini düşünməsin. Çünki çox zaman qadınlar kşilərin onların həyatında yaratdığı boşluğa görə bu addımı atır. Qadın yaşının hər 5 illiyində – 25, 30, 35 yaşlarında – öz həyatı barədə düşünüb, yaşadıqlarını, əldə etdiklərini, itirdiklərini özü üçün hesablayır”.
Psixoloq Don David Lustermana görə, hər bir qadın əlaqəsi, münasibəti istədiyi, arzuladığı kimi getmirsə, qadağan olunmuş, “yasaq” bir əlaqə yolu ilə vəziyyətini düzəldə biləcəyini düşünür. “Qadınları özəl günlərdə, ad günü, Yeni il axşamı tək buraxsanız, xəyanət etməsi üçün icazə vermiş olacaqsınız. Belə günlərdə kişilər özlərini qadınlarına daha çox xatırlatmalıdırlar. Hədiyyənin önəmi olmasa da, quru bir söz qadını atacağı addımdan saxlaya bilər”.
Mütəxəssislərin fikrincə, karyerada yüksəliş də qadını xəyanətə sürürkləyir. Vaşinqton Universitetinin araşdırmalarına görə, yüksək maaş alan qadınlar xəyanətə daha çox meylli olur. Qadınlar bəzən qisas almaq məqsədilə də xəyanət edə bilirlər. Həyat yoldaşı və ya sevgilisinin ona xəyanət etdiyini düşünən qadın itmiş güvənini qazanmaq məqsədilə bu addımı ata bilər. “Xəyanətə uğrayan qadın düşünür ki, artıq o, dəyərli, gərəkli deyil. O, özünə inamı geri qaytarmaq, arzulanan, istənilən olduğunu sübut etmək üçün xəyanət edir”.
ABŞ sosioloqlarının fikrincə, artıq aldadan qadınların sayı aldadan kişilərin sayına yaxınlaşır. Onlar hesab edir ki, evli qadınların 15, kişilərin isə 22 faizi həyat yoldaşına xəyanət edir. İngiltərədə aparılan araşdırma zamanı isə çox maraqlı bir fakt üzə çıxıb. Belə ki, ingiltərəli alimlər aldatmanın qadınların genində olduğunu aşkar ediblər. Qadınlar arasında keçirilən sorğu zamanı onlardan 23 faizinin ərinə xəyanət etdiyi məlum olub. “Ümumiyyətlə, qadın ruhi boşluğa düşdüyü vaxt xəyanət edir. Ərindən sevgi, şəfqət, yaxınlıq, oxşama, öpmə, əzizləmə görmədiyi zaman və ya ərini sevmirsə, ondan xoşu gəlmirsə, toxunmasından nifrət edirsə, əri onu anlamır, dinləmir, ruhuna xitab etmirsə, qadın xəyanətə yönlənir. Qadınlar yuxarıda saydığım vəziyyətlərdə, insan olaraq, boşluqlarını doldurmaq üçün müxtəlif müdafiə etmə mexanizmlərindən istifadə edərlər” deyən həmsöhbətimizin sözlərinə görə, amma xəyanət mexanizmini, çox nadir halda ruhlarını təmin etmək üçün seçərlər. Çox vaxt bir yerdə olması mümkün olmayan insanlara aşiq olarlar. Ərlərində əskik olan şeyləri axtararlar. Bəzi qadınlar, ümumiyyətlə, yalnız seks ehtiyacı üçün xəyanət etməzlər, ruhi bir əlaqə içinə girər və xəyanəti elə yaşayarlar. Çoxu ərinə bildirməz, amma həyat yoldaşı ilə yatmaq istəməz, onu rədd edər. “Çünki o, aşiqdir və ya elə zənn edir. Qarşısındakı kişinin də onu sevdiyinə inanar, ancaq tək başa düşə bilmədiyi bu vəziyyətə necə düşməsidir”.
Psixoloq deyir ki, əgər heç bir zaman özünə fikir verməyən qadın özünə baxmağa başlayıbsa, daha səliqəli və daha təmiz geyinirsə, çox zaman fikirli olursa, telefon və ya internetdən daha çox istifadə etməyə başlayıbsa, rəfiqələrinə daha çox zaman ayırmağa başlayıbsa, çox zaman şən və həddən artıq bədbin olursa, əri ilə münasibətdə daha mehriban olmağa başlayıbsa (ailəsini dağıtmaq istəməyən qadın) və ya tam əksi, daha kişinin fikirlərinə önəm vermir, istədiyi kimi yaşamağa can atırsa, burada xəyanətdən şübhələnmək olar. Müsahibimiz onu da bildirir ki, qadınlar çox zaman sevgisizlik, diqqətsizlikdən bu addımı atırlar. Kişilərdən fərqli olaraq, bəzi qadınlar etdiyi xəyanətdən sonra peşman olur, ailəsinə daha çox bağlanır. Bəziləri isə əksinə, etdiyi xəyanətlə ailə həyatını bitirirlər.