QADINLAR OXUSUN: Ailənizi qorumaq üçün 10 tövsiyə

Baxış sayı: 2. 791

Xoşbəxt ailə.., uğurlu qadın davranışı

Hər bir qadın sağlam ailəyə sahib olmaq istəyir. Çünki xoşbəxtliyin açarı da məhz düzgün qurulmuş ailədədir. Odur ki, qadına kişilərlə xüsusən də ailə çərçivəsində uğurlu və gözəl münasibətlər qurmağın yolları hər zaman maraqlı, eyni zamanda gözlənilən olmuşdur. Və gözəl, sakit, xoşbəxt və firavan ailə həyatına nail olmaq üçün qadın da müəyyən qədər əziyyət çəkməli, hansısa qurbanlar verməli, nələrisə keçməli, kompromis yollarını da axtarıb-aramalıdır. Aşağıdakı məqamlara diqqət yetirək…

İlk öncə yoldaşınız üçün daim sirli və əlçatmaz olmağınız məsləhətdir. Adətən, bir neçə illik evlilikdən sonra qadın yoldaşından əminlik hiss edib rahatlaşır. Özünə qarşı əvvəlki kimi tələbkar olmur. Görkəminə bir o qədər əhəmiyyət vermir, ümumiyyətlə, sevgilisi üçün adiləşir.
Bu mövqe ilə qadın çox böyük səhvə yol verə bilər. Həyat kişilər üçün döyüş meydanıdır; sevgilisinin məhəbbətini qazanmaq isə onun üçün əlçatmaz qələbə olmalıdır. Onlar hər zaman sizin sevginizi, rəğbətinizi, hörmətinizi qazanmağa çalışmalıdırlar. Hər gün, hər zaman o, bir addım öz məqsədində irəli getməlidir. Amma əgər yoldaşınız hiss etsə ki, artıq sizə qalib gəlib, o, dərhal özünə başqa bir hədəf axtaracaq. Buna isə yol vermək olmaz.
Nə qədər çətin olsa belə, son qərarı qəbul etmək şansını kişilərə verməyiniz tövsiyə olunur. Xüsusilə, qonaqlıqda, evdən kənar yerlərdə zəkalı qadın hamıya göstərməlidir ki, onun yoldaşı ağıllıdır, hökmlüdür, əsl ailə başçısıdır. Kişilər üstün olduqlarını həmişə hiss etməlidirlər, hətta belə olmadıqda belə. Qadın daim bu barədə düşünməlidir, şübhəsiz, əgər ailəsinin möhkəm olmağını istəyirsə. Uşaqlar, qohum-əqrəba bilməlidir ki, ailəni kişi qəbul edən qərarlar tənzimləyir. Uşaqlarda atalarına qarşı böyük hörmət və ehtiram hissini də məhz qadınlar – analar aşılamalıdırlar. Uşaqlar atalarının yalnız müsbət xarakterlərini bilməli, analarının təbliğatı nəticəsində atalarının ən ağıllı, ən nəcib, ən güclü və ən gözəl insan olmalarına inanmalıdırlar. Halbuki, məlumdur, güclü ailəni güclü qadın idarə edir və hər bir dahi kişinin arxasında müdrik bir qadın durur!
Yoldaşınızı tənqid etməkdən də uzaq olun! Qadın bu mərhələdə üstünlüklərini, əsl bacarıqlarını nümayiş etdirməlidir. Xoş sözlərlə, düzgün xasiyyət və hərəkətləri tərifləməklə mənfi cəhətləri qismən aradan qaldırmaq mümkündür. Tənqid, iradlar yalnız yoldaşınızı qıcıqlandıra bilər. Həmçinin, hansısa qonaqlıq və məclislərdə, lap elə doğmalarınızın yanında onun yalanlarını, səhvlərini də tutmağa çalışmayın. Ola bilsin ki, o, özü qəsdən doğrunu söyləməməyi üstün və lazım bilir. Bu zaman yeri deyil ki, onu pərt edəsiniz.
Eviniz rahat və səliqəli, ab-havası pozitiv olmalıdır. Ağır, çətin iş günündən sonra hər bir kişi rahat, sakit, onu sevən insanlar olan evə qayıtmaq istəyir. Çalışın onun bu tələbatlarını ödəyin. Axı bu, çox asan üsuldur, xüsusən, qarşısındakını sevən qadınlar üçün.
Ailə həyatında qadınlar öz maraqlarını da unutmamalı və yeri gələrsə, müəyyən mövqe də göstərməyi bacarmalıdırlar. Bəzi qadınlar evlilik zamanı yalnız yoldaşlarının maraqları ilə yaşayırlar: özlərini unudur, ikinci plana çəkirlər. Bu nəinki qadını, hətta bütün ailəni ucuruma apara bilər. Çünki, hər bir insanın uzun müddət səbirli, dözümlü, hövsələli olması sonda əsəbliliklə, psixolojı travmalarla nəticələnir. Ailə qurbangah deyil! Hər bir ailə üzvü şəxsiyyətdir, hər birinin maraqları, məqsədləri olmalıdır.

Sağlam ailə uğrunda qadınlar üçün 10 məsləhət

Yeri gəlmişkən, bolqariyalı alim-psixoloqlar ailənin dağılma səbəblərini uzun müddət araşdırdıqdan sonra yaxşı ailə sahibi olmaq istəyən qadınlar üçün aşağıdakı qanunları işləyib hazırlayıbar.

1. Düşünməyin ki, sənət, karyera və ya sosial status sizə ailə və uşaqları əvəz edə bilər. Çətin olsa da, qadın həyatda hər şeyə vaxt ayırmalıdır. Həmçinin qadın xarici görünüşünə, geyiminə ümumiyyətlə qadınlıqla bağlı hər şeyə önəm verməlidir.

2. Yaxşı ailə göydən düşmür. Təbii ki, bunu bizə nə təbiət verir, nə də öz-özünə yaranmır. O, da adi yaradılış kimidir. Çoxlu enerji, diqqət, qayğı və bacarıq tələb edir. Həmçinin kişidən daha çox bu şeylər qadından tələb olunur.

3. Dava, münaqişə zamanı günahı özünüzdə də axtarın, daha sonra ərinizdə. Özgə çatışmamazlıqlar daha tez gözə dəyir, nəinki özününkü. Ərinizin hər hansı hərəkətinə nə dərəcədə əsəbi olmağınızdan asılı olmayaraq, səbir edin, gözləyin, sakitləşin və bundan sonra hərəkət edin. Dərhal əsəbinizi göstərmək heç nəyi həll etməyəcək.

4. Çalışın ərinizdə (həm daxili, həm xarici) müsbət xüsusiyyətləri qabardasınız və imkan daxilində bunları ona deyin. Öz müsbət tərəflərini eşitdikcə kişi daha yaxşı olmağa can atacaq. Həmçinin onun yanında necə xoşbəxt olduğunuzu da deməyi unutmayın. Bu, onun sizə bağlılığını daha da artıracaq. Unutmayın ki, belə sözlər ona güc verir. Birdəfəlik anlayın ki, hətta intim sferada romantik kişi arzularınıza baxmayaraq yenə də hər şey sizdən asılıdır.

5. Narazı, qaşqabaqlı olmayın. Hətta buna səbəb olduqda belə. Qəmgin, kədərli qadın kişini tez bezdirir. İnan ki, kişinin də bir çox qayğı və problemləri var. Ən yaxşısı düşünün ki, yaxın keçimşə qədər seçimdə çətinlik çəkirdiniz və siz onu minlərlə kişinin arasında seçmisinuiz, deməli, həqiqətən də bir-birinizə yaraşırsınız.

6. Əgər təsadüfən iş yoldaşınız və ya digəri ilə flirt baş verirsə, dərinləşməyə imkan verməyin. Bu əlavə əzaba və ailədə problemlərə səbəb olacaq. Yeni tapdığınız çətin ki, daha yaxşı və mükəmməl olacaq. Əgər yaxından tanış olma imkanı olsaydı yəqin ki, o kişidə də daha çox və ciddi çatışmamazlıqlar tapacaqsınız. Lakin yanınızdakına artıq öyrəşmisiniz.

7. Çalışın övladlarınızda atalarına qarşı sevgi və hörmət aşılayasınız. Onunla rəqabətə girməyin. Ürəyiaçıq olun. Uşaqları düzgün tərbiyə edin. Onun valideynlərinə hörmət edin, xüsusiyyətlərindən asılı olmayaraq. Büruzə verməsə belə, sizin səbir və xeyirxahlığınızı mütləq qiymətləndirəcək.

8. Vacib qərarları təklikdə qəbul etməyin. Əgər bu ailə və sizin həyatınızla bağlıdırsa. Hər şeyi ərinizlə müzakirə edin, əgər sonda sizin təklifiniz keçərli olsa belə. Ən azından əriniz qərar qəbulunda iştirak etdiyini biləcək və anlayacaq ki, onun fikri sizin üçün önəmlidir. Cəmiyyətdəki liderlik xüsusiyyətlərinə baxmayaraq kişilər ailədə qadınlardan daha artıq komplekslərə malikdirlər.

9.Qısaqanclığınızı boğun. Lakin biganəlik göstərmə həddinə də gəlib çatmayın. Orta mövqe seçməyə çalışın.

10. Yuxarıda deyilənlər o demək deyil ki, siz ailənin quluna çevrilməlisiniz və ya şəxsi qürurunuzu tapdalamalı, hadisələrə tənqidi münasibət göstərməməlisiniz. Xeyr. Bunu mütləq büruzə verin və həyat yoldaşınızdan da bunları gözləyin və istəyin. Lakin hər zaman ehtiyatla, aradakı “pərdə”ni qorumaqla və ən əsası böyük hörmət və saf sevgiylə.

Təqdim etdi: Elnur Ağayev

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir