Əsl alicənab kişi gül seçməyi bacarmalıdır. Hər şeydən əvvəl, kişilər bilməlidirlər ki, yarları məhz hansı güllərdən xoşlanır. Bunu yalnız onun özündən yox, yaxınlarından, anasından da soruşmaq olar.
Güllər təzə olmalıdır. Diqqət çəkmək istədiyiniz qıza özü istıməyibsə, əsla dibçək gülü bağışlamayın. Yoxsa sizin “uzunömürlü” gül seçiminiz qadın tərəfindən müxtəlif cür yozula bilər. Axı, qadınlar hər bir şeyin qaranlıq tərəfini də fikirləşirlər, kişilər isə əksinə hər şeyi göründüyü kimi görürlər.
Uğursuz hədiyyələr
Hədiyyə alarkən bunun sizin üçün yox, onun üçün olduğunu unutmayın. Məsələn, qıza sevdiyiniz kompüter oyununun son versiyasını və yaxud xoşunuza gələn qorxu filmini vermək olmaz. Sizin maraqlarınızın həmişə üst-üstə düşdüyünə ümid etməyin. Hətta o böyük maraqla sizinlə futbola baxırsa belə, bu ona futbol matçı hədiyyə etməyə əsas deyil.
Heç bir halda sevdiyiniz qıza ucuz ətir almayın. Yaxşı formada qablaşdırılmış şübhəli ətirin qızın ürəyincə olacağına ümid etməyin. Bəxtinizə ətirdən başı çıxmayan qız düşdüyünü hesab etmək sadəlövhlükdür.
Alt paltarı kifayət qədər riskli seçimdir. Birincisi, materialını düzgün seçməyə bilərsiniz. Bəziləri ipək, bəziləri isə poliesterə üstünlük verir. Bundan əlavə, ölçü uyğun gəlməyə bilər. Kiçik ölçüdə olsa, qadın düşünə bilər ki, onun artıq çəkilərini atmasını istəyirsiniz. Bir neçə ölçü böyük büstqalter alsanız, siz onun bir nömrəli düşməni ola bilərsiniz.
Heç bir halda qadına onları pis vəziyyətə salacaq hədiyyə almayın. Məsələn, dezodorant və yaxud depilyasiya komplekti. Həmçinin qadına, trenajor aləti və s. almaqla onun özünü pis hiss etməsinə səbəb ola bilərsiniz. Hətta ən özünə inamlı qadın belə fiqurasında porblem olduğunu düşünəcək.
Əgər qız özü bunu sizdən istəməyibsə ona ev heyvanı almayın. Qadın nə vaxtsa sizə itdən xoşu gəldiyini desə də bu ona it almaq üçün səbəb deyil. Bu halda siz onun boynuna ev heyvanına baxmaq kimi ağır yük qoymuş olursunuz.
Əlbəttə ki, ən pis hədiyyə – onun olmamasıdır. Əgər qız sizə ona heç nə lazım olmadığını desə belə, bu onu hədiyyəsiz qoymağa əsas vermir. Çünki o ürəyində sizdən yenə də sürpriz gözləyir.