geyim

Qadınlar varlı zədəganların paltarını necə mənimsədilər?

Baxış sayı: 1. 450
Dəb tarixinə “lesbiyan” adı ilə düşən yubka-şalvarlar ötən əsrin 30-ci illərində yaranıb. Bu model bir müddət yoxa çıxsa da artıq iki ildir ki, ardıcıl olaraq bir çox dizaynerin kolleksiyasında yer alır və hələ də öz aktuallığını qoruyub salxaya bilir. 
“Gencaile.az” Publika.az-a istinadən mövsümün trendləri arasında özünə yer edən yubka-şalvarların yaranma tarixi haqqında yazını təqdim edir.
Yubka-şalvar nədir?
Bu yubka-şalvarların yaranma tarixi Fransaya gedib çıxır. Onlar əvvəlcə kişilərin, məşhur dizayner Elza Skiaparelli sayəsində isə qadınların qarderobuna daxil olub. O, 1931-ci ildə qadınları həddindən artıq təmtəraqlı geyimlərdən xilas etməyə qərar verərək öz modelini təklif edib və yubkanı iki hissəyə bölərək şalvar düzəldib. Yubka-şalvarlar satışa çıxan andan etibarən bütün qadınların, xüsusilə feministlərin rəğbətini qazana bilib. Məsələ ondadır ki, yubka-şalvarlar velosiped sürmək üçün olduqca əlverişli idi. Üstəlik, rahat olduğu qədər eleqant görünüşə malik idi.
Bu geyimdə həm qadın, həm də kişi qarderobuna xas olan əlamələtlər olduğu üçün britaniya mətbuatı onu “lesbiyan” adlandırmışdı. Buna baxmayaraq, dünyanın hər yerində aktiv feministlər bu ideyanı çox bəyənmiş və dərhal qarderobuna daxil etmişdi.
Elza Skiaparellidən sonra amerikalı dizayner Çarlz Ceyms yubka üzərində eksperiment aparıb. Amerikalı dizaynerin cəhdləri də uğurlu alınıb. Belə ki, həmin əsrin 60-ci illərində yubka-şalvarlar bir daha populyarlıq qazanıb. Amma onda onlar ancaq idmanla məşğul olmaq üçün yox, artıq qadın qarderobunun dəbdə olan atributları kimi məşhurlaşmışdı. O vaxtdan bəri bu element dəbin təsiri nəticəsində bəzi dəyişikliklərə məruz qalsa da vaxtaşırı yenidən dəbə minir.
Bir müddət dəbdən itən yubka-şalvarlar bir neçə ildir ki, dəb ilahələri üçün əvəzolunmaz geyim statusunu qazana bilib.  Lakin bu gün təklif olunan müasir yubka-şalvarlar ilkin versiyalardan xeyli fərqlənir. Müasir dizaynerlər öz yaradıcılıq təxəyyülünə tam sərbəstlik verərək onları ən müxtəlif formalarda təqdim edirlər: enli, bir qədər dar, qırçınlı və ya büzməli variantlarını tapmaq olar. Onlar mövsümdən asılı olaraq müxtləlif parçadan tikilir, rəng çeşidi isə çox genişdir. Onu da qeyd edək ki, yubka-şalvarlar bir qayda olaraq birrəng parçadan tikilir, naxışlı və şəkilli versiyalarına nadir hallarda rast gəlmək olar.
Yubka-şalvarların mövsümün trendlərindən biri olduğu barədə yuxarıda məlumat verdik. Amma yadda saxlayın ki, yubka-şalvarı digər geyimlərlə uyğunlaşdırmaq elə də asan deyil. Bütün məsələ bu modelin qeyri-adi olmasındadır. Onlar çox dəbli görünə bilərlər, lakin yalnız bədən quruluşu nəzərə alınarsa, seçim uğurlu alınacaq.
İlk növbədə qeyd etmək lazımdır ki, yubka-şalvarlar boyu qısa göstərmək xüsusiyyətinə malikdir. Bu, onların uzunluğu və eni ilə izah olunur. Amma bu, heç də o demək deyil ki, ortaboylu qızlar onların istifadəsindən çəkinməlidir. Sadəcə, bu məqamı nəzərə alıb hündür dabanlı ayaqqabı seçmək lazımdır. Beləliklə, siluetin proporsiyalarını düzəltmək mümkün olacaq. Hündür boylu xanımlar isə narahat olmasın, ayaqqabı seçimində onlar tamamilə azaddır, əsas odur ki, ümumi ansamblı əla tamamlasın.
Modapərəstləri yubka-şalvarlar barədə maraqlandıran ikinci sual onun altından kolqotka geyinib-geyinməməklə bağlıdır. Yubka-şalvarın uzunluğundan asılı olmayaraq, onlar daha çox yubkanı xatırladır. Odur ki, kolqotkalar eyni ilə yubkada olduğu kimi, burada da qəbul ediləndir. Daha dəqiq desək, onlarla şalvar kimi deyil, yubka kimi rəftar etmək tələb olunur.
Yubka-şalvarlar istər toplar, istər bluzlar, istərsə də sviterlərlə əla uzlaşırlar. Əgər model çox qaba olarsa, stilistlər onu zərif çanta və ya ayaqqabı ilə birləşdirib ümumi görünüşü tarazlaşdırmağı tövsiyə edirlər. Üst geyim qismində düz lakonik palto və ya bol kəsimli pencək, həmçinin jaket istifadə etmək olar. Ümumiyyətlə, yubka-şalvarlar çox tez diqqət çəkdiyi üçün obrazın mərkəzi elementi sayılır. Bu səbəbdən də onu daha sadə geyimlərlə tamamlağa çalışın.
 Müxtəlif üslublarda istifadəsi
Yubka-şalvarları istənilən üslubla uzlaşan universal geyim adlandırmaq olmaz. Amma lazımi detallara diqqət etməklə onu ən müxtəlif tərzdə istifadə etmək olar. Yubka-şalvarların müxtəlifliyi onları fərqli üslublarla istifadə etməyə imkan verir. Onların köməyi ilə asanlıqla yüngül romantik obraz yaratmaq olar. Məsələn, yaz aylarında romantik obraz yaratmaq üçün ipək, şifon, atlas kimi zərif parçadan tikilən yubka-şalvarlar ideal namizəddir.
Təntənəli mərasimlər üçün məxmər, zamşa və ya dəri kimi bahalı və nəcib parçadan tikilmiş yubka-şalvarlar alın. Bu halda obraza təmtəraqlı zinət əşyaları, eləcə də hündürdaban əlavə etmək olar.
Gündəlik istifadə üçün əsasən cins və ya trikotaj kimi materiallardan hazırlanmış varinatlar münasib olacaq. Bu halda əyinə kip yapışan köynəklər, eləcə də boş sviter də seçmək olar. Amma köynəyin həddindən artıq boş olması məsləhət deyil. Modelin özü də kifayət qədər enli olduğu üçün həddindən artıq boş köynək obrazı korlamaqdan başqa heç bir işə yaramayacaq. Burada rahat və komfortlu ayaqqabı seçməyə icazə var, amma bu zaman bədənin mütənasib görünməsinə mütləq yiqqət yetirin.
Bu qeyri-adi model sayəsində qarderobu təzələyə və yeni obrazınızla ətrafdakıları təəccübləndirə bilərsiniz. Əgər siz  də bu modeli bəyəndinizsə, onda ən yaxşısı yeni eksperimentlərə tələsin.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir