cinayet

Qadınlara qarşı zorakılığın səbəbi nədir: Cahillik, yoxsa cəzasızlıq?

Baxış sayı: 648

Şəmkirdə qətl hadisəsi olub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 33 yaşlı Aynurə Orucovanın öldürülməsi barədə ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 39 yaşlı Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Bu cür hadisələr vaxtaşırı mətbuatda qarşımıza çıxır. Amma təəssüf ki, bu tip halların qarşısını almaq mümkün olmur.

cinayet

Bu yaxınlarda bir cinayət işi ilə bağlı məhkəmə prosesinin əks olunduğu bir yazı oxudum. Kişi, qadını “sürpriz” sözünü başa düşmədiyinə görə bıçaqlamışdı. Yəni savadsızlığın, cahilliyin bu qədəri deyib, cinayətləri savadsızlıqla, cahilliklə əlaqələndiməyə çalışacaqdım ki, yadıma ötən il məhkəmə hakiminin və polis əməkdaşının öz həyat yoldaşlarını qətlə yetirməsi faktlar düşdü.

Ölkədə “Məişət zorakılığı” haqqında qanunun tələbləri sərtləşdirilsə də, göründüyü kimi hələ ki, heç bir nəticə yoxdur. Yəni əgər döyülmənin, fiziki zorakılığın hər hansı bir maddi qarşılığı varsa, bu davam edəcək. Bunun qarşısını almaq üçün cərimə məbləğinin artırılması heç nəyi dəyişmir.

Sual oluna bilər ki; bir kişi “sevdiyim” dediyi, illərlə həyatını keçirdiyi qadına qarşı bu qədər qəddar ola bilirsə, dövlət qurumları – məsələn Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nə edə bilər? Hər bir halda qurumlar oturub baş verən zorakılıqların sadəcə statistikasını hazırlamaqla və ya hadisələr baş verdikdən sonra “nəzarətimizdədir” açıqlaması verməklə işini bitirməməlidir.

aile

 

Məsələn, xarici ölkələrdən mütəxəssislər gətirib burada dövlət qurumlarının hərhansı işçilərinə seminarlar təşkil edilməsi üçün xərclənən vəsaitlərlə bölgələrdə məsul dövlət qurumlarının nümayəndəliklərini yaratmaq olar. Bu zaman zorakılıqla üzləşən qadın bilər ki, kimə müraciət etməlidir.

Niyə qadınlara qarşı cinayətlərə göz yumulur? Bu qədərmi dəyərsizdir qadın həyatı? Yoxsa biz insandan sayılmırıq?

Bu gün öldürülən qadınların arxasınca min söz deyən minlərlə xarakersiz, düşüncəsiz, vicdansızlar var… Bəzi kişilər də arxayındır ki, heç kim onu öldürməkdə günahkar çıxarmayacaq. Əksinə, “kişidir, namusunu qorudu” deyəcəklər. Heç kim o qadının nə yaşadığını, nə hiss etdiyini, nə arzuladığını, nə üçün mübarizə apardığını bilməyəcək… Heç kim onun səssiz bağırtılarını duya bilməyəcək. Bəzən öldürülən qadınların fotolarını paylaşır DİN. Heç onlaırn gözlərinə fikir vermisinizmi? Hamısının gözündə yalvarış tələbi, yaşamaq eşqi, sevgi ehtiyacıvar. Öldürülən bir qadının gözlərində nifrət görməzsən.

Eh.. Anlayırsınızmı, qadınların duyğularından, hisslərindən, istəklərindən…

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir