aile

Qadınları ailə qurmaqdan çəkindirən problemlər

Baxış sayı: 1. 640

İnsanın mənəvi aləminin inkişafı ailədən başlayır. Ailə, onun müqəddəsliyi, qorunub saxlanılması prinsipləri haqda xeyli fikirlər mövcuddur. Lakin ailə həyatı qurmayan və ya qura bilməyən qız və qadınlar da az deyil. Onlardan bəzilərinin bu işdə sadəcə, bəxti gətirməyibsə, bir qismi bu addımı atmağa çəkinir və ya heç bu addımı atmaq belə istəmirlər. Başqa sözlə, ailəni bir növ buxov adlandıran qadınlar da var.

 

Müasir kişinin dünya baxışında dəyişikliklər nəzərə çarpır

Subaydır. Hər gün intizamla işə gəlir, müştərilərini qəbul edir, xoş rəftarı, səmimiyyəti ilə onlara xidmət edir. Yaşı 40-a az qalıb. “Nə üçün ailə həyatı qurmamısan” sualına cavabı bir qədər qəribə səsləndi: “Həbsxanaya girmək istəmirəm!” Onun “hələ ürəyimə yatan birisi yoxdur” və ya bu kimi şablon ifadələrin əvəzinə belə sərt, kobud cavabı gözlənilməz oldu. Doğrudanmı, ailə həyatı elə bu xanımın söylədiyi kimi, insanın azadlığının əlindən alınmasıdır?! Bu sualla Milli Konservatoriya nəzdində İncəsənət Gimnaziyasının müəlliməsi Yeganə İsgəndərovaya müraciət etdim. Yeganə xanım söylədi ki, ailə həyatı bəzən cansıxıcı ola bilər. Yəni ailə həyatı qurmaq asandır, onu qoruyub saxlamaq isə hər zaman asan olmur: “Bəzən qadın üçün hər iki halda kədərli məqamlar olur. Yəni ailə həyatı qurmuş bir qadının bir cür, ailə həyatı qurmamış digərinin başqa cür problemləri olur. Ailə həyatı zamanı sosial problemlər bəzi qadınları sıxır.” Yeganə xanım bildirdi ki, yaş həddi 38-40 olan əksər xanımların subay qalması bir növ təbiidir. Çünki kişilər adətən, istəyirlər ki, evləndikləri qadın ona bağlı olsun: “Söhbət azərbaycanlı kişidən gedirsə, deyə bilərəm ki, onun psixologiyası çox fərqlidir. Yəni əksər kişi istəyir ki, qadın onun “əşyası” olsun. Ona görə də, karyera qurmaq istəyən qadınlar çox zaman subay qalırlar.” Yeganə xanım qeyd etdi ki,  müasir kişinin dünya baxışında dəyişikliklər nəzərə çarpır və bu, yaxşı haldır.

 

Burada bəhanələrə yer qalmır

Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban xanım Abdullayeva bu əsələni regionlarda kişilərin paytaxt Bakıya, o cümlədən qazanc dalınca əsasən, Rusiyaya getməsi ilə bağladı. Yəni sırf  sosial vəziyyətin ağırlığından qızların ailə qurmaları çətinləşib. Belə ki, qızların sayı hazırda oğlanların sayından daha yüksəkdir. “Bu, xüsusilə, rayonlarda belədir. 25 yaşdan yuxarı qızların ailə qurmaları çətinləşib,” – deyə müsahibim bildirdi. Onun fikirlərinə əsasən, müəyyən yaş həddini adladıqdan sonra qızlar ailə qurmamaq üçün müxtəlif bəhanələr gətirirlər: “Qızlar vaxtında ailə həyatı qurmalıdırlar. Sevginin öz yaşı var. Qızların, necə deyərlər, eşqə düşən bir vaxtı var. Həmin bu vaxtı, bu zamanı heç nəyə dəyişmək olmaz! Bu vaxtı ötürmək bir yanlışlıqdır. Çünki zaman keçdikdə, qızlar seçim etməyə meyl edirlər. Sosial vəziyyəti yaxşı olan oğlanlarla ailə qurmağa üstünlük verirlər. Ümumiyyətlə, təhsil almış qızlar savadsız oğlanlarla evlənmək istəmirlər. Müxtəlif yaşlı qadınlardan nə üçün hələ də subay olduqlarını soruşduqda, cavab verirlər ki, mən təhsilli xanımam, filan şirkətdə işləyirəm. Müəyyən bir məbləğdə qazancım var. Mən kiminləsə evlənib, onu saxlayası deyiləm ki?!”

Qızların gələcəkdə quracaqları ailənin maddi və fiziki ağırlığını üzərlərinə götürməkdən çəkinmələri də təbiidir. Müsahibim söylədi ki, bütün hallarda, əlbəttə, karyera məsələsini önə çəkib ailə həyatını unudan qızlarımız da az deyil: “Başları işə, pul qazanmağa qarışan qızlar illər ötdükdən sonra artıq ailə həyatı qurmağa bir növ meylli olmurlar. Yəni “bundan nə qazanacaqlarını” düşünən qızlar “əllərində olan imkanı itirmək”dən də qorxurlar. Evi, hər cür şəraiti olan bir xanım düşünür ki, ailə quracağım insana sadəcə, qulluq etməli olacağam. Mənim öz qazancım, yaşamağa yaxşı şəraitim varsa, niyə kimdənsə asılı olmalıyam?!”  Müsahibim ailə həyatı qurmağa cəsarət etməyib subay qalmış xanımların müşahidələrini də diqqətə çəkdi. Yəni yaxın ətrafda, məsələn, qonşuda, qohumda, yaxından tanıdığı hansısa bir ailə daxilində baş verən münaqişələr də belə xanımlar üçün təsirsiz ötüşmür. Bu münaqişələri eşidən qadınlar ailə qurmaqdan çəkinirlər. Mehriban xanım başqa bir məsələni də önəmli hesab etdi. Övladların, xüsusən, oğlanların zorla evləndirilməsi halları da olur və bu, qızlarımızı daha inamsız edir: “Onlar gələcək həyat yoldaşlarını cəsarətli ər rolunda görə bilmirlər. Ailə ilk növbədə sevgi üzərində qurulmalıdır. Sevgiyə söykənən ailələr çox möhkəm olur. Burada bəhanələrə yer qalmır”.

 

Nənə-babalarımız ailə qurarkən, onlara bu haqda mühazirələr oxunmayıb… 

Mehriban xanım valideynləri, xüsusən də, bəzi anaları qınayaraq bildirdi ki, əksər hallarda övladlarına öz ata-anaları müstəqillik vermirlər: “Onlara maneçilik törədib gəncləri bir növ həyatdan küsdürürlər, inamsız edirlər. Onları hətta zorla evlənməyə məcbur edirlər. Bu cür qurulan ailələr isə özülsüz binanı xatırladılır; gec və ya tez uçulub dağılmaq təhlükəsi ilə üz-üzə qalır. Mən ailə tanıyıram ki, 15 il birgə yaşayıblar, lakin sonda boşanıblar”.

Analar bəzən “Mən deyən olmalıdır” deyə oğulların müstəqil kişi kimi addım atmasının qarşısını alır, onlara sevib-seçməkdə imkan vermirlər. Bu cür valideynlər belə hesab edirlər ki, körpə dünyaya gəldikdən sonra ərlə arvad arasında sevgi başlayacaq. Lakin onlar yanılırlar. Bir müddətdən sonra oğulun artıq evə gəlməməyə başlaması isə yersiz dedi-qodulara səbəb olaraq, ailənin dağılması ilə nəticələnir. Və qadın tək qalır… Yəni valideynin eqoizmi ucbatından boşanmış qadınlar övladlarını təkbaşına böyütməli olurlar. Bu cür hallar, əlbəttə, cəmiyyətdə ailəni gücsüz edir. Müsahibim qeyd etdi ki, bununla belə, nə olursa olsun, ailə qurulmalıdır: “Bu, təbiətin bir hökmüdür, insanlar həyatdan qırılmamalıdırlar. Gözəl ailə nümunələrimiz var. Amma qadının və ya kişinin tək yaşayıb-dolana bilməsi məsələsi də birgə yaşamağa mane olan şərtlərdəndir. Bu cür təbliğat xarakterli məsələlər də var. Xarici ölkələrdən gəlib ailə institutundan bizə dərs deməyi düzgün hesab etmirəm. Vaxtilə, nənə-babalarımız ailə qurarkən, onlara bu haqda mühazirələr oxunmayıb…”

 

Qadın ailənin yükünü öz üzərinə götürdükdə… 

Psixoloq Zümrüd Əsədova isə bildirdi ki, qadınlar heç vaxt idarəçi olmağa meylli deyillər: “Qadın yuva qurmaq, sevgi vermək, sədaqət istəyir. Ailədə yuvanı yaradan qadındır, kişi isə ovçudur. Lakin indi dövr dəyişib. Və qadınlar güclü olmağa məcbur olublar. Kişilər ovçu olmaq məsuliyyətindən bir qədər uzaq düşüblər. Hazırda kişilər daha çox seçim etməyə başlayırlar, bu isə onlara olan etibarı itirir. Bu halda, öz həyatını idarə edə bilən qadın düşünür ki, təklikdə olmaq daha yaxşıdır.” Qadın artıq özünü təmin edə bildiyini gördükdə, heç kəsin idarəsi altında olmaq istəmir. Onun necə deyərlər, bir növ öz əli, öz başıdır, yəni öz həyatını idarə edə bilir. Hətta ailəli olub boşanmış insan olduqda belə, riskə getmir, çünki övladı var və başqa birisini qəbul etmək risklidir.

Həmsöhbətim qeyd etdi ki, övladı və ailəsi olmayan tək qadın isə ona yaxınlaşan kişinin bir az başqa niyyətli olduğunu hiss etdikdə, artıq bütün kişilərə olan münasibəti dəyişir: “Qurulacaq münasibətin ciddi olmamağı üzündən fikirləşir ki, daha yaxşısı, öz həyatımı təkbaşına yaşamaqdır. Belə qadınlar bu seçimə artıq məcburdurlar. Özlərini bu həyatda bir tərəfə çıxarmalıdırlar”.

Zümrüd xanım əlavə etdi ki, valideynlər, qardaşlar belə, qadınlara heç də hər zaman dəstək olmur. Və onlar bu halda tək qalmağa məcbur olurlar: “Özlərinə şərait qurmaqdan ötrü çalışırlar. Artıq nəyəsə nail olduqda isə bunu itirmək istəmirlər. Hətta sonradan ailə həyatı qursalar belə, artıq qadın kimi görünmürlər, yəni artıq qadınlığını göstərə bilmirlər. Ona görə də, belə ailələrdə ər-arvad münasibəti çox çəkmir. Bu halda, qadın öz həyatının kişi rolunu yaşamağa başlayır. Kişi də bu zaman həmin qadının ona – kişiyə bir ehtiyacının olmadığını hiss edir. Kişilər bir qayda olaraq, özlərinə qarşı bir ehtiyac duyduqları zaman məmnun qalırlar. Bunu hiss etmədikləri zaman münasibətlərdə bir boşluq yaranır. Bu cür qadınlardan özləri uzaqlaşırlar. Elə hallar da olur ki, hansısa güclü qadınla evlənmiş kişi öz “yükünü” qadının çiyinlərinə qoymağa çalışır. Sanki bu qadın ailənin bütün yükünü hökmən daşımalıdır. Hətta kişinin evə, ailəyə diqqəti getdikcə azalır, onda bir arxayınlıq formalaşmağa başlayır və bu zaman qadın özünü tək hiss edir. Belə kişilər bütün vaxtlarını televizorun qarşısında oturmaqla keçirirlər. Qadın isə bu zaman deyinməyə başlayır: sən heç nə etmirsən, işləmirsən, bütün əziyyətləri mən çəkirəm və s. Qadın ailənin yükünü öz üzərinə götürdükdə, kişinin rolu əlindən alınmış olur, bu ailə artıq davam etmir”.

 

Əvvəl kişi qadını qazanırdısa, indi əksinə, qadın kişini qazanır

Zümrüd xanım söylədi ki, hər bir ana oğul yetişdirir, yəni ana kişi obrazı yetişdirə bilər: “Lakin onu ər, ailə başçısı edən isə bir qadındır. Qadın ona bu şəraiti yaratmazsa, ona ailə başçısı, lider olması üçün dayaq olmazsa, o kişi ər olmayacaq, oğul olaraq qalacaq”. Zümrüd xanım qeyd etdi ki, tərbiyə məsələsinin bu sahəsində boşluqlar yaşanır: “Qızları qadın kimi böyütmək lazımdır. Onlara: “Sən güclü olmalısan, sən bacarmalısan” kimi ifadələri eşitdirmək gərək deyil, əksinə, onun qadın olaraq gözəlliyini, zərifliyini ona duydurmaq lazımdır. Unutmaq lazım deyil ki, qadın sevgi verən bir varlıqdır. Valideynlər əksər hallarda qız övladlarına onun güclü olmağını aşıladıqları halda, oğlanlara isə əksinə, “sən ən yaxşısısan, sənə heç nə eləmək lazım deyil” fikirlərini təlqin edirlər. Oğlanların işini qiymətləndirməliyik ki, onlar daha çox çalışqanlıq nümayiş etdirsinlər, zəhməti sevsinlər.”

Müsahibim söylədi ki, insan ilk növbədə özünü, öz qabiliyyətini tanımalıdır. Öz bacarığını tam olaraq dərk etməlidir. İçindəki potensialı üzə çıxarmalıdır. Mən kiməm, mən necəyəm, mənim ehtiyaclarım, istəklərim nədir, deyə bütün bunları anlamalıdır: “Qadın özünün qadın, kişi isə kişi kimi yetişdiyini dərk etməlidir”. Psixoloq əlavə etdi ki, ailədə hər iki tərəfə ehtiyac var. İndiki ailələrdə isə tərəflərin iksi də ailə başçısıdır: ”Hər ikisi evin kişisi olmaq istəyir. Qadın öz qadınlığını içəridən yaşatmalıdır. Evlənmə təklifini çox uzun müddət gözləyib, sonda yanıldığını duymaq problemi də, qadının subay qalması məsələsinə gətirib çıxaran amillərdəndir”. Müsahibim qeyd etdi ki, hazırda qadınlar say etibarı ilə üstünlük təşkil edir. Yəni kişilər üçün seçim çoxluğu var: “Qadınlar arasında savaş gedir. Əvvəl kişi qadını qazanırdısa, indi əksinə, qadın kişini qazanır. Əsas gərginliklərdən biri də budur. Kişilər seçim zamanı çox rahatdırlar. Bəzi qadınlar “Məni alacaqsanmı, mənimlə evlənəcəksənmi?” kimi mesajlarını verib istədikləri cavabı da almaq istəyirlər. Bu da başqa cür gərginlik yaradır. Əvvəllər bir qızın arxasınca illərlə, aylarla gedilirdisə, hazırda belə deyil”.

Ola bilsin ki, əksər qadınların subay qalmalarının səbəblərinin bir yazıya sığmayacaq qədər görünməyən tərəfləri daha çoxdur. Təbii ki, hər bir xanım özünün gözəl ailəsinin olmasını ürəkdən arzu edir. Məsələnin bilinən tərəfi və ən əsası isə odur ki, qadının tək və ya tənha yaşaması heç də onun ürəyincə deyil. Hər bir qadın xanım olmağa layiqdir və qadının özünü xanım olaraq hiss etməsi üçün ona güclü bir əl, güclü bir dəstək lazımdır…

 

Zeynəb Əliqızı 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir