is

Qadınların iş saatı ilə bağlı mütərəqqi təklif, yoxsa qaş düzəldərkən göz çıxartmaq?

Baxış sayı: 1. 166

Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə Mingəçevir şəhərində keçirdiyi seminarda bildirilib ki, hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.

Tədbir “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub. Seminarda Xidmətin Yevlax, Goranboy, Naftalan rayonlarını və Mingəçevir şəhərini əhatə edən 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisindəki ayrı-ayrı işəgötürənlər iştirak edib.

Qeyd olunub ki, əmək qanunvericiliyi əmək münasibətlərində digər bir sıra amillərlə yanaşı, işçilər arasında cinsi ayrı-seçkiliyə yol verilməsini, habelə hüquqlarının məhdudlaşdırılmasını qadağan edir. İşçilər arasında belə bir ayrı-seçkiliyə yol verən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Tədbirdə hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər barədə məlumat verilib. Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının və ezamiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər diqqətə çatdırılıb. Xidmət sahələrində qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə görülən işlər və qarşıda duran vəzifələr də müzakirə olunub.

 

Bəs görəsən səsləndirilən təklifləri reallaşdırmaq nə dərəcədə mümkündür? Belə bir layihə qanunda öz əksini tapa bilərmi?

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, qeyd olunan məsələ çox vacibdir: “Məncə, bu təklif reallaşdırılarsa, mütərəqqi yeniliklərə səbəb ola bilər. Əgər müzakirələr aparılırsa, bu məsələnin öz həllini tapacağına əminəm. Amma bu qanunu təkcə sağlamlıq məhdudiyyətli övladı olan analara aid etmək olmaz. Körpə uşaqları olan analara da iş vaxtı ilə bağlı müəyyən güzəştlər edilməlidir. Çünki övladı kiçik olan əksər qadınlar çox vaxt öz şini itirməli olur. Bəziləri isə məcburiyyətdən övladını nəzarətsiz buraxır. Hesab edirəm ki, qərar hər iki təbəqəyə şamil olunmalıdır. Ümumilikdə götürdükdə isə bu addım vaxtında irəli sürülən təklifdir. Əgər mexanizm işə düşərsə, qadın həm övladına vaxt ayıra bilər, həm də işindən qalmaz. Belə olan halda qadın özünü cəmiyyətin bir hissəsi kimi təqdim edə biləcək. Məsələ burasındadır ki, qərar təkcə dövlət qurumlarına deyil, özəl sektorda çalışanlara da aid edilməlidir. Bir çox hallarda şirkətlərin və müəssisələrin daxili qaydaları olur. Ona görə də, qanun bütün sektorları əhatə etməlidir. Qanunla bağlı digər detallar ətraflı işlənib hazırlanmalıdır. İş saatları uyğun vaxta təyin edilə bilər. Əslində bu, ciddi müzakirə tələb edən bir məsələdir. Qeyd edim ki, dünyanın bəzi ölkələrində bu təcrübədən istifadə olunur. Qadınların müəyyən saat ərzində işləməsi qanunla müəyyən edilib. Bəziləri bunu diskriminasiya kimi qəbul edir. Onlar bildirir ki, qadınlarla kişilərin hüquqları bərabərdir. Hər kəs bərabər əmək fəaliyyəti ilə məşğul olmalıdır. Əksər ölkələrdə qadınlar özləri, kişilərlə bərabər statusda olmasını tələb edirlər. Amma məncə, belə bir mexanizmə ciddi ehtiyac var”.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirdi ki, əgər valideynin övladının hər hansı bir xəstəliyi, həyat fəaliyyətini məhdudlaşdıran problemlər varsa, həmin qadınlara bəzi güzəştlər edilə bilər: “Amma hesab etmirəm ki, övladı olan bütün qadınlara bu qərar aid olunmalıdır. Məncə, bu, mümkün də deyil. Əks halda özəl sektorda işləyən qadınlar üçün ciddi problemlərə yol aça bilər. Müəssisə rəhbərləri belə qadınları işə götürməkdən imtina edəcək. Qanunda bu məsəldə ilə bağlı bəzi müddəalar əks olunub. Prezidentin bu yaxınlarda imzaladığı fərmana əsasən, 18 yaşa qədər həyat fəaliyyətində məhdudluğu olan övladına baxdığına görə, qadınlara bəlli  müavinət ödənilir. Amma övladı olan qadınların natamam iş gününə keçirilməsi əmək hüquqlarına ziddir. Bu, həm də işçinin işə götürülməsində müəyyən problemlərə gətirib çıxara bilər. Çünki əksər sahibkarlar belə qadınları işə götürməkdə maraqlı olmayacaqlar. Layihə həm də müəyyən diskriminasiyaya gətirib çıxara bilər. Amma xəstə övladı olan qadınlara müəyyən iş saatlarında güzəştlər edilə bilər. Hətta deyərdim ki, xəstə övladı olan atalara da bəzi güzəştlərin tərəfdarıyam. Əgər qanun qəbul edilərsə, bütün sektorlara aid olacaq. Ona görə də, layihə hazırlanmazdan əvvəl yaxşıca götür-qoy edilməli, bütün müsbət və mənfi məqamlar nəzərə alınmalıdır”.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir